Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” - Diqqət!

26-10-2020, 10:13           
Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” - Diqqət!
Ötən həftə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti vətəndaşlara müraciət edib. Mürcaiətdə qeyd olunur ki, Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.
Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın:

“ Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!".

Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müzəffər ordumuzun işğaldan azad etdiyi əraziləri açıqladıqdan sonra insanlar küçələrə axın edirlər. İnsanların kütləvi şəkildə küçələrə çıxıb "Qarabağ bizimdir, bizim olacaq!" şüarını səsləndirmələri, Ermənistanın asanlıqla terror aktı törətməyinə şərait yaradır. Hər ehtimala qarşı evdə sevinmələri və ya balkonlara çıxıb sevinclərini bölüşmələri daha yaxşı olar.

Maraqlıdır, əhalinin küçələrə axın etməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Daha ehtiyatlı davranmaq üçün nələrə diqqət edilməlidir?

Məlum məsələ ilə bağlı ekspertlərə müraciət etdik. Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl “Sherg.az”a bunları bildirib:

“Hazırda baş verən müharibədən, Ermənistanın keçmiş fəaliyyətindən yola çıxaraq deyə bilərik ki, terror təhlükəsi gözləniləndir. Düşmən istər birinci Qarabağ müharibəsi illərində, istərsə də indi baş verən müharibədə hər zaman terror törədib. Ölkənin müxtəlif nəqliyyat vasitələrində- avtobusda, qatarda terror hadisələri törədə bilərlər. Buna görə də DİN müxtəlif profilatik tədbirlər həyata keçirib xalqı ayıq olmağa çağırır. Hər hansı bir şəxs əşyasını qoyub çıxarkən bununla bağlı mütləq polis əməkdaşlarına məlumat verilməli və insanlar həmin ərazidən uzaqlaşdırılmalıdır.

Təhlükəsizlik orqanlarının qarşısında duran ən mühüm məsələlərdən biri də xalqı daim bununla bağlı məlumantlandırmaq və onları qorumaqdır”.

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu qeyd edib ki, ancaq zəruri hallarda küçəyə çıxmalıyıq:
“İnsanlarımız küçəyə çıxıb sevinclərini bölüşürlər, ancaq bu onların həyatı üçün təhlükə yaradır. Çünki düşmən hər an insanların çox olduğu əraziyə raket ata bilər. Hamının həmin sevinci yaşamaq üçün toplanması məcbur deyil və müəyyən məsafə saxlamaqla da sevinə bilərlər.

Digər tərəfdən isə özünü şübhəli aparan insanlar barədə “102” Xidmətinə məlumat vermək lazımdır. Küçədə və ya nəqliyyatda, həqiqətən, sizdə şübhə doğuran əşya və ya insan görsəniz “102” yə zəng edin.

Əhalinin panikaya düşməsi, hər şeydən qorxması onlarda psixoloji gərginlik yaradır. Dövlətimizin bu kimi tədbirləri həyata keçirməsinin səbəbi, mənfur düşmən üçün mülki şəxslər, uşaqlar, qocalar önəmli deyil. İndi çalışmaq lazımdır ki, kütləvi şəkildə toplanmayaq, ancaq zəruri hallarda çıxaq və ehtiyatı əldən verməyək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.