Banklardan vətən savaşına töhfə: “Onların bu addımı təqdir olunmalıdır"

26-10-2020, 11:02           
Banklardan vətən savaşına töhfə: “Onların bu addımı təqdir olunmalıdır"
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir. Bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır.

Azərbaycanda fəaliyyət göstərən bankların qərarı ilə mühüm qərar qəbul edib. Qərara əsasən torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinir.

Qərarda habelə göstərilir ki, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək.
Bundan başqa hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılır. Bankların qərarında ərazi bütövlüyümüz uğrunda vuruşan hərbçilər üçün başqa güzəştlər də nəzərdə tutulur.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında bankların bu addımı dəstəklədiyini bildirib:

“Azərbaycan dövləti 30 gündür ki, Böyük Vətən müharibəsi, Müqəddəs müharibə aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Ordumuz işğalçı Ermənistanın ordusunu, onu dəstəkləyən terrorçu qruplaşmaları məhv edir, torpaqlarımızı azad edir.

Xalqımızın illərdən bəridir yatmış, sındırılmış, təhqir olunmuş, əzilmiş ruhu oyanıb, qanadlanıb. Ön cəbhədə hərbiçilərimiz qəhrəmanlıqlar göstərir, arxa cəbhədə isə insanlarımız onlara əllərindən gələn köməklikləri edirlər. Belə məqamda orduda qulluq edən, şəhid olan hərbiçilərimizin banklara olan kreditlərinin ləğv edilməsi ilə bağlı qərarın qəbulunu ancaq alqışlamaq olar. Əlbəttə, bizlər qəhrəman hərbiçilərimiz üçün nə etsək belə az gələr. Biz şəhidlərimizin borcundan heç cür çıxa bilmərik. Ancaq belə qərarların qəbulu qanayan yaralarımıza azacıq da olsa məlhəm sayıla bilər. Bu həm də ordu-xalq-dövlət birliyini daha da gücləndirən amildir. Belə qərar eəbul edən banklara təşəkkür edirəm”.

Mübariz Göyüşlü bildirib ki, həmin kreditlərin bağışlanılması bankların gəlirlərində o qədər də mənfi durum yaratmayacaq: “Müharibənin yaratdığı iqtisadi problemləri də, banklar üçün yaranacaq hansısa məqamları da müharibədən sonra qəhrəman xalqımız öz zəhmətilə yoluna qoyacaq.

Əsas olan torpaqlarımızın işğaldan azad olunması, erməni işğalçılarının müəqqdəs vətənimizdən qovulması, üstümüzdən biqeyrətlik damğasının götürülməsidir. Torpaqları işğalda olan zaman belə regionun ən güclü dövləti olan Azərbaycanın işğaldan sonra hansı imkanlara sahib olacağını təsəvvür etmək çətin deyil. Həmin banklar işğal olunmuş torpaqlarımızda da öz şöbələrini açaraq daha geniş fəaliyyət göstərə, ölkəmizin inkişafına töhfələrini verə bilərlər. Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.