Xadimələrin maaş problemi: Bir qurumda yüksək, digərində az əməkhaqqı alırlar...

25-01-2023, 08:13           
Xadimələrin maaş problemi: Bir qurumda yüksək, digərində az əməkhaqqı alırlar...
"Ali kateqoriya dövlət orqanında eyniadlı inzibati vəzifə tutan şəxslə aşağı kateqoriyalı dövlət orqanında eyniadlı vəzifə tutan şəxsin vəzifə maaşında fərq olduğuna görə bu qərar imzalanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Baş nazirin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşlarının artması ilə bağlı qərarını şərh edərkən deyib.

Ekspert ali kateqoriyanın ən yüksək olduğunu vurğulayıb:

"Məsələni belə qoyaq, bizim dövlət orqanları 6 kateqoriya, ali və 1-5-ci kateqoriyadan ibarətdir. Ali kateqoriya ən yüksəkdir. Həmin orqanlarda olan inzibati vəzifələrin və yardımçı dövlət qulluğu vəzifələrinin özündə də vəzifələrin adı eyni olmasına baxmayaraq, kateqoriya dəyişdikcə maaş dəyişir. Məsələn, baş məsləhətçi ali kateqoriya dövlət orqanında işləyirsə, onun əmək haqqı daha yüksəkdir, 5-ci kateqoriya dövlət orqanında işləyirsə, ondan xeyli azdır. Deyə bilərsiniz ki, ali kateqoriya dövlət orqanında işləyən eyni vəzifəni tutan şəxslə, yaxud da daha aşağı kateqoriyalı dövlət orqanında eyni inzibati vəzifəni tutan şəxsin eyni həcmdə iş gördüyü halda niyə onların arasında fərq var? Biz bu sualı verə bilmərik. Çünki kateqoriya arasında fərq var. Bu nöqteyi-nəzərdən, xadimə eyni işi görür, amma fərqli kateqoriya dövlət orqanındadır deyə həmin orqanlarda əmək haqqı fondu fərqli olduğundan bu cür müəyyən olunur”.

Liqa sədri xadimələr üçün daha böyük bir problemin olduğunu xatırladıb:

"Onlar üçün normalar müəyyənləşdirilməyib. Məsələn, bir xadimə gün ərzində neçə kv.m sahəni təmizləməlidir? Bir yüksək kateqoriya dövlət orqanında 1000 kv.m təmizləmək üçün 5 xadimə var, amma aşağı kateqoriyada 1000 kv.m təmizlik üçün 3 xadimə var. Prinsipcə, məsələyə yanaşmada fundamental dəyişiklik baş verməlidir. Xadimə harada işləməsindən asılı olmayaraq, onun üçün vahid tarif və əmək norması müəyyənləşdirilsin. Neçə kv.m təmizləyirsə, ona uyğun tarif təyin olunsun”.

Qeyd edək ki, baş Nazir yeni qərar imzalayıb. Həmin qərara görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib: 1. Ali kateqoriya dövlət orqanlarında 400 manat, 2. 1-ci kateqoriya dövlət orqanlarında 385 manat, 3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365 manat, 4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345 manat.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.