Naxçıvan Səhiyyə naziri 5 saat çığıra-çığıra qalıb, həkimlər isə onu eşitməyiblər

2-02-2023, 20:06           
Naxçıvan Səhiyyə naziri 5 saat çığıra-çığıra qalıb, həkimlər isə onu eşitməyiblər
Naxçıvan MR Diaqnostika Müalicə Mərkəzində dünəndən başlayan etiraz aksiyası davam edir.

Ovqat.com-un Mərkəzdəki qaynaqlardan aldığı məlumata görə, bu gün səhər saatlarında Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzov həkimləri sakitləşdirmək və xəstə qəbulun təmin etmək üçün Diaqnostika Müalicə Mərkəzinə gəlib və geniş tərkibli iclas təşkil edib.

Beş saata yaxın davam edən iclasın gərgin keçdiyi xəbər verilir. Çıxışına qışqıra-qışqıra başlayan nazir həkimləri qanunlara “əməl etməyə” çağırıb və işləmək istəməyən həkimlərə “yerinizə həkim tapılar”, - deyə hədə-qorxu gəlib.

Nazir azun müddətdir verilməyən sığorta maaşlarının xəstəxanaların işıq, qaz və digər kommunal borclara xərcləndiyini əsas gətrib. İcbari Tibbi Sığorta agentliyindən isə həkimlərə məlumat verilib ki, bütün həkimlərin maaşı agentlik tərəfindən ödənilib, lakin MR Səhiyyə Nazirliyi tərəfindən həkimlərə çatdırılmayıb. Etirazçı həkimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari Tibbi Sığorta haqqında Qanun”da əks olunan tibb işçilərinin əmək haqlarına əlavələrin ödənişi barədə nəzərdə tutulan maddənin icra olunmasını tələb ediblər. Həkimlər, naziri Azərbaycan Nazirlər Kabinetinin qərarlarına hörmətlə yanaşmağa ,sığorta haqlarının qanuna uyğun şəkildə hesablanıb ödənilməsinə çağırıblar. Nazir isə Nuh deyib, Peyğəmbər deməyib. Həkimlərə sığorta pulu ödəməyin onun səlahiyyətində olmadığını və Naxçıvan MR Nazirlər Kabinetinin ənənəvi keyfi istəklərinə görə xərcləndiyini bildirib.

Diaqnostikada işin dayanması Naxçıvan MR Xəstəxanasın iş yükünü daha da ağırlaşdırıb. Naxcivan MR Xəstəxanasının həkimləri də eyni aksiyaya qoşulmağı planlaşdırırlar.

Bildirilir ki, Naxçıvanda tibb işçilərinin əmək haqlarının kəsilməsinə görə son bir ildə həkimlərin 50 faizi Naxçıvanı tərk edib. Hazırda MR-də çox ciddi həkim çatışmazlığı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.