Oliqarx məmurların Bakıdakı villaları belə söküldü (FOTO)

17-05-2015, 20:30           
Oliqarx məmurların Bakıdakı villaları belə söküldü (FOTO)
Bir çox məmur və oliqarxların Bakının Səbayel rayonunda, Salyan şosesi, 37 ünvanındakı villalarının söküntüsü prosesi praktiki olaraq başa çatıb.

ANS PRESS-in məlumatına görə, Virtualaz.org saytının reportyor qrupu bu gün səhər saatlarında söküntü işləri aparılan ərazidə olub və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) həmin əraziyə cəlb etdiyi xüsusi texnikanın məmurların “əziyyətlə” tikib başa çatdırdığı mülkləri necə sökməsini əyani şəkildə izləyib.

Öncə onu qeyd edək ki, dəbdəbəli villaların söküntüsü aparılan ərazidə BŞİH nümayəndələri də vardı. Hər halda həmin şəxslər özlərini meriyanın nümayəndələri kimi təqdim etdilər. Lakin mətbuatla hər hansı ünsiyyətdən qəti şəkildə imtina etdilər. Bundan əlavə, onların mətbuat təmsilçilərinə münasibəti də aqressiv oldu.


“Burada nə işiniz var?! Burada çəkiliş aparmaq olmaz. Biz sadəcə rəhbərliyin göstərişini yerinə yetiririk. Sizə müfəssəl məlumat lazımdırsa, BŞİH-ə müraciət edin. Biz sizə heç nə deməyəcəyik” - deyə söküntü işlərinə rəhbərlik edən “başçı” bildirdi.

Lakin müxbirlərimiz villaların söküntüsü prosesini izləyən yerli sakinlərdən bəzi məlumatlar əldə edə bilib. Onlardan birinin sözlərinə görə, bu villalar dövlət başçısının göstərişinə uyğun olaraq sökülür.


“Bəzilərinin dediyinə görə, bu malikanələr velotrekin görünüşünə mane olur. Digərləri deyir ki, bu villalar qanunsuz tikilib, mülk sahiblərinin heç bir sənədi yoxdur. Bura srağagündən texnika töküblər, həmin gündən söküntü gedir. Bu elitar mülklərin heç birinin sahibi hələ bura gəlməyib, villasının taleyi ilə maraqlanmayıb. Söküntü dünən demək olar ki, tama başa çatıb, amma villa sahiblərindən heç kimi burada görən yoxdur. Yəqin bu villalar həmin adamlardan ötrü xırda şeydir. Görünür, onlar həddən artıq böyük adamlardır, veclərinə də deyil. Biz heç həmin sökülən mülklərin kimə məxsus olduğunu da bilmirik” - deyə sakinlərdən biri bildirdi.

Qonşuluqda yaşayan digər sakinin sözlərinə görə, bu ərazidə 1 sot torpağın qiyməti 30 min manatdan başlayır. Heydər Əliyev parkına doğru irəlilədikcə torpağın qiyməti də artır.

“Oliqarxlar burada böyük torpaq sahələri almış və villalar tikməyə başlamışdılar. Məsələn, baxın, burada 5 mərtəbəli nəhəng malikanə var idi. Dünən sökdülər. Sahibinin isə heç vecinə də olmadı. Adam bura heç ayağını da qoymadı. Nəyinə lazımdır?! Buradakını sökürlər, gedib başqa yerdə ayrısını tikəcək” - deyə həmsöhbətimiz başını bulayır.

Yeri gəlmişkən, söküntü işləri aparılan ərazidə canlanma və aşkar narahatlıq da hiss olunurdu. Yaxın ərazidə - söküntü zonasının qonşuluğundakı villa və mülklərin sahibləri bura aylarla ayaq basmasalar da dünəndən etibarən gələrək onların da evinin söküntü planına düşüb-düşməyəcəyi ilə maraqlanmağa başlayıblar. Amma artıq bu adamda da belə qənaaət yaranıb ki, onların da evləri buldozerə veriləcək.


Evi olan əraziyə bahalı “Lexus”da gələn lüks malikanələrdən birinin sahibi virtualaz.org saytının müxbirinə açıqlamasında villasının söküləcəyindən narahat olduğunu etiraf etdi.

“Bizə bu haqda əvvəlcədən heç bir xəbərdarlıq edilməyib, heç nə deyilməyib. Nə baş verir? Heç kim heç nə bilmir. Qonşuluqdakı villaları sökən inşaatçılardan mənim də evimin plana düşüb-düşmədiyini soruşdum. Onlar da çiyinlərini çəkib dedilər ki, əgər sökməyə göstəriş versələr, sökəcəyik. İndi bilmirəm nə edim. Bura köçüb evimin qarovulunu çəkməkdən başqa əlacım qalmayıb” - deyə villa sahibi çarəsiz durumda qaldığını söyləyir.

Virtualaz.org saytı Salyan şosesində gedən söküntü prosesini diqqət mərkəzində saxlamaqda davam edəcək.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.