Razin Azərbaycan xanının qızını niyə Volqaya atdı? - Video

2-11-2018, 08:37           
Razin Azərbaycan xanının qızını niyə Volqaya atdı? - Video
1669-cu ildə Don kazakları Stepan Razinin rəhbərliyi ilə Xəzər dənizinə girirlər. Həmin il Xəzər dənizinin Sarı adası (indiki Lənkəran) yaxınlığında Razinlə Məmməd xan Astrabadlının rəhbərlik etdiyi Səfəvi donanması arasında döyüş baş verir. 70 gəminin 67-si məhv olan döyüşdə Məmməd xanın oğlu Şabın və qızı əsir götürülür. Razin daha sonra bu qızla sevgili olur.

Kult.az xəbər verir ki, bunu gənc tarixçi Tural Həmid qeyd edib. O, məşhur “İz za ostrova na strejen” mahnısının həmin tarixi hadisə ilə bağlı olduğunu bildirib:

“Stepan Razin geriyə qayıdarkən indiyə qədər ona çoxlu qənimət verən Volqa çayına qurban vermək qərarına gəlir. Sevgilisi olan bu qızın yalvarışlarına baxmayaraq, onu Volqa çayına atır. Üzərindən 200 il keçdikdən sonra bu hadisədən təsirlənən rus şair Dmitri Sadovnikov şeir yazır. Sadovnikovun şeirinə indiyə qədər bilinməyən bir bəstəkar tərəfindən mahnı bəstələnir. Səfəvi şahzadəsinin şərəfinə yazılan “İz za ostrova na strejen” adlı parça hələ də Rusiyada populyardır”.

Bu hadisə ilə bağlı holland səyyah Yan Streysin yazdıqları da xeyli maraqlıdır:

“Razin Volqa çayına deyir: “Sən möhtəşəmsən çay, səndən o qədər qızıl-gümüş, ləl-cəvahirat qazandım ki! Sən mənim şərəf və izzətimin həm atası, həm də anasısan. Tfu mənə ki, mən sənə hələ də heç bir qurban verməmişəm. Yaxşı, mən artıq nankor olmaq istəmirəm”.

Bundan sonra knyaz qızın yaxasından və ayağından tutaraq çaya atır. Onun üzərində qızıl və gümüşlə örtülmüş paltar vardı. O, çox gözəl və mehriban bir qız idi”.

1824-cü ildə “Şimal arxivi” jurnalında Streysin qeydlərindən çıxarışlar çap olunub. 1826-cı ildə həmin hadisə haqda “Pesni o Stenke Razine” əsərini yazan A.S Puşkinin Streysin bu qeydi ilə tanış olması istisna edilmir. Məlumata görə, bu şeir əvvəlcə sərt senzura ilə üzləşir, lakin sonralar çap edilir.

Qeyd edək ki, 1668-ci ildən Xəzər dənizində Stepan Razinin başçılığı ilə böyük bir (1000—1200 nəf.) quldur kazak dəstəsi fəaliyyət göstərirdi. Bu qrup Səfəvi imperiyasının Xəzər dənizi sahil zonalarına hücumlar edərək, talançılıqla məşğul olurdular.

1669-cu ilin iyul ayında Xəzər dənizində Stepan Razinin kazakları ilə Səfəvi donanması arasında Səngi Muğan adasında döyüş baş verir. Bu döyüş rusların XVII əsrdə dəniz döyüşünlərində qazandıqları ən böyük qələbəsi idi.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.