Banklardan əmanətlərin geri çəkilməsinin arxasındakı ilginc sirr
13-10-2015, 12:38
Azərbaycanda əmanətçilər banklardakı pullarını kütləvi şəkildə geri çəkirlər. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məlumatına əsasən, banklarda əgər bu il iyulun 1-nə 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb.
Beləliklə, AMB-nin açıqlamasından görünən odur ki, hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb. Bəs bunun səbəbi nədir?
Ekspertlərin sözlərinə görə, bir sıra bankların öhdəliklərini yerinə yetirə bilməməsi bəzi vətəndaşlarımızda pullarının əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərrəddüdlər yaradıb. Lisenziyası hələ də ləğv edilməyən 2 bankdan əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşdırıb. Nəticədə isə müştərilərin ölkə banklarındakı əmanətlərini kütləvi şəkildə geri çəkməsi prosesi başlayıb.
Bundan başqa, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Aydın məsələdir ki, hətta sadəcə təhlükəsizlik baxımdan vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur. Amma artıq ölkədə elə bir iqtisadi situasiya yaranıb ki, əmanətçilər bu sadə həqiqətlə də razılaşmaq fikrində deyillər.
Bizimlə söhbətində adının çəkilməsini istəməyən ekspert bildirib ki, xüsusilə manatın devalvasiyasından sonra ciddi maliyyə itkisinə uğrayan bank əmanətçiləri (söhbət şübhəsiz ki, öz pullarını Azərbaycanın Milli valyutası ilə saxlamağa üstünlük verənlərdən gedir) eyni zamanda bankların bağlanma riskinin artmasından da ciddi şəkildə narahatdırlar. Bu isə onların öz əmanətlərini sürətlə banklardan geri çəkməsini şərtləndirən əsas amilə çevrilib: “Hələ cari ilin əvvəlindən bəri əhalinin banklardakı əmanətləri azalmağa doğru gedir. Burada üç vacib punktu qeyd etmək olar. Birincisi, dividentlərə vergi tətbiqidir ki, bu ilk növbədə iri əmanətçilərə mənfi təsir etdi. Həmin iri əmanətçilərin arasında isə vəzifəli şəxslərin, sahibkarların əsas yer tutduğuna şübhə yoxdur. İkincisi, manatın devalvasiyası - dollar əmanətləri manatla olan əmanətləri sıxışdırmağa başladı. Həmçinin manat qıtlığl AZN-lə olan əmanətlərin faizini yüksəltdi. Üçüncü səbəb isə bəzi bankların bağlanması və onların əmanətçilərinin çətin vəziyyətə düşməsidir. Bu da əhalinin bank sektoruna inamını azaldır. Nəticədə isə biz əmanətlərin banklardan sürətlə geri çəkildiyinə şahid oluruq. İki ayda 333 milyon manat əmanətin geri çəkilməsi ciddi məsələdir və banklar üçün təhlükənin nə qədər qorxulu miyqas aldığını göstərir”.
Ekspert hesab edir ki, geri çəkilən əmanətlərin əsasən məmurlara və iş adamlarına məxsus olduğunu düşünür: “Sadə vətəndaşların banklardakı əmanətlərinin miqdarı hamıya aydındır. Əhalinin maddi durumu bəlli olduğundan 300 milyon manatdan artıq pul kütləsinin onunla bağlantısını qurmaq çətindir. Ən ağlabatan versiya ondan ibarətdir ki, geri çəkilən pullar əsasən vəzifəli şəxslərin - onların ailə üzvlərinin və yaxınlarının adına rəsmiləşdirilmək şərtilə, - və iş adamlarınındır”.
Ekspert istisna etmir ki, onların banklardakı pullarını geri çəkməyə başlaması yuxarıda sadalanan iqtisadi amillərlə bərabər, digər fərqli, subyektiv səbəblərlə bağlı da baş verə bilər. Söhbət xüsusilə məmurların biznes əlaqələri və real sərvətləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılmasından, onların maliyyə qüdrətinin zəiflədilməsi istiqamətində müəyyən addımların atılacağına dair şübhələrdən gedir. Pullarını banklara ailə üzvləri və yaxınlarının adlarına rəsmiləşdirən vəzifəli şəxslərin bununla da vəziyyətdən çıxa bilməmək qorxusu yaşadıqları istisna deyil, ona görə də mümkündür ki, pullarını banklarda deyil, öz şəxsi nəzavətləri altında saxlamağa üstünlük versinlər.
İstənilən halda iki ayda 300 milyon manatdan artıq bir məbləğin banklardan çəkilməsinin təhlükəli tendensiya olduğunu düşünən həmsöhbətimiz bunun onsuz da çətin vəziyyətdə olan bankların durumunu daha da ağırlaşdıracağını proqnozlaşdırır.