“Rusiya ilə NATO Gürcüstanda üz-üzə dayanacaq” - TƏHLİL

6-12-2018, 09:14           
“Rusiya ilə NATO Gürcüstanda üz-üzə dayanacaq” - TƏHLİL
Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr bitmir. “Gürcü Arzusu” Koalisiyasının namizədi Salome Zurabişvilinin müxalif rəqibi Qriqol Vaşadze üzərində qələbəsindən sonra Gürcüstanda proseslərin necə davam edəcəyi barədə çoxsaylı proqnozlar var.

Müxalifət nəticələrlə razılaşmır və seçkilərə etiraz olaraq mitinq də keçirib. Aksiyaların davamlı olacağı ehtimal edilir. Xanım prezidentin Qərblə Rusiya arasında necə siyasət yürüdəcəyi, seçiminin hansı qütb olacağı barədə fikirlər də birmənalı deyil.

Beynəlxalq əlaqələr üzrə ekspert Nəzakət Məmmədova “Yeni Müsavat”a açıqlamasında məsələni bu cür şərh etdi: “Müxalifət iddia edir ki, seçkilər saxtalaşdırılıb, bir çoxları isə iddia edir ki, ”Gürcü arzusu" seçiciləri pulla alıb. Gürcüstanda iki keçmiş diplomat prezidentlik uğrunda yarışdı və onlardan məhz milyarder İvanaşvilinin dəstəklədiyi şəxs seçkiləri qazandı. Bildiyimiz kimi, müxalifət dekabrın 1-də aksiya keçirib növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdi. Eyni zamanda Saakaşvilinin “çirkli oliqarx” adlandırdığı İvanaşvilinin namizədi Zurabişvilini qalib etmək üçün seçiciləri qorxutduğu, pulla ələ aldığı müxalifətin əlində seçkinin qeyri-legitimliyini iddia etmək üçün irəli sürdüyü əsas arqumentlərdir. İvanişvilinin nəzarətində olan xeyriyyə fondunun 600 min insanın banklara olan 560 milyon dollar kredit borcunu ödəmək vədi verməsi seçkilərə birbaşa təsir edən hal sayıla bilər. Həmin krediti olan vətəndaşlar qeydə alınmış seçicilərin 17 faizini təşkil edir və bu hal hətta Avropa Birliyi müşahidə missiyasının rəhbəri tərəfindən də seçiciləri pulla ələ almaq, şirnikləndirmək kimi qiymətləndirildi. Bununla da Zurabişvili birinci turdan daha artıq - 530 min səs aldı. Dediyimiz kimi, kredit borcu olan vətəndaşların sayı 600 min nəfərdir. Sözsüz ki, nəhəng maliyyə imkanları olan İvanişvilinin bu yolla, eyni zamanda dövlətin inzibati resurslarını işə salmaqla seçkilərə təsiri oldu. Lakin Saakaşvili və Vaşadzenin kəskin, radikal şüarları da seçiciləri ehtiyatlı olmağa sövq etdi. Ümumilikdə, beynəlxalq müşahidə missiyalarının seçkilərin legitimliyini tanıdığı bildirilir.

Seçkidə namizədlər iki keçmiş xarici işlər naziri Zurabişvili və Vaşadze olsa da, əsl mübarizə Kremlin adamı olan İvanişvili ilə Vaşinqtonun adamı Saakaşvili arasında - Rusiya və ABŞ-ın Gürcüstan uğrunda mübarizəsi idi. Bu seçkilər 1991-ci ildən bəri ikinci tura keçilməsi ilə müşayiət olunan seçki idi ki, bu da Gürcüstan cəmiyyətində demokratik abı-havanın olmasının təzahürü oldu. Lakin bir sıra hallar buna kölgə saldı. Qeyd etdiyimiz kimi, seçicilərin ələ alınması, qorxudulması, ölkənin ən varlı şəxsi olan İvanişvilinin hakim partiyanı maliyyələsdirməsi nəinki seçkilərdə, ümumiyyətlə, ölkədə digər siyasi partiyalar üçün qeyri-bərabər, ədalətsiz rəqabət mühiti yaradıb. Ölkənin 20 faizinə nəzarət edən Rusiyanın seçkilərə kiberhücumlar vasitəsilə müdaxiləsi, dezinformasiya yayması barədə şübhələr var. Təbii ki, okeanın o tayında - ABŞ-dakı prezident seçkilərinə Kremlin müdaxiləsi barədə indiyədək söz-söhbət səngiyə bilmədiyi halda, onun qonşu, zəif Gürcüstana müdaxiləsi istisna oluna bilməz. Üstəlik, bu ölkə NATO-ya potensial üzv kimi nəzərdən keçirilir. Əgər NATO Gürcüstanı üzv qəbul etsə, Abxaziyada və Cənubi Osetiyada sülhməramlılar statusu altında faktiki hərbi baza yerləşdirmiş Rusiya ilə NATO Gürcüstanda üz-üzə dayanacaqlar. Gürcüstandakı proseslər Ermənistan və Ukrayna ilə bilavasitə əlaqədardır. Biz bu respublikalarda bilavasitə ABŞ-Rusiya-Avropa Birliyi arasında gedən geosiyasi nüfuz savaşını müşahidə edirik. Salome Zurabişvili qatı rusiyapərəst mövqe tutmasa da, onun bu ölkəyə münasibəti Saakaşvilidən xeyli fərqlənir. O, 2008-ci il Rusiya-Gürcüstan müharibəsində məsuliyyəti Rusiyanın yox, Saakaşvilinin üzərinə qoyur. Bununla belə, aydın görünən mənzərə ondan ibarətdir ki, Rusiya iki pisdən birini seçmək məcburiyyətində qalıb və ABŞ-ın dəstəklədiyi Vaşadzedənsə, daha çox Fransa vətəndaşı olmuş Zurabişvilini dəstəkləməyə üstünlük verib. Bununla Gürcüstanda ABŞ-ın yox, Fransanın, deməli, Avropa Birliyinin lövbər salmasına Moskva “yaşıl işıq” yandırmış oldu. Son zamanlar Fransanın ABŞ-la münasibətlərində gərginliyin artmasını nəzərə alan Kreml analitikləri yəqin ki, Rusiya siyasi texnoloqlarına seçkilərdə Zurabişvilinin xeyrinə iş aparmaq göstərişi verib. Lakin Kremlin dəst-xətti eynidir: ABŞ-da prezident, İspaniya separatçı referendumu seçkilərində kibermüdaxilə, postsovet respublikalarında isə seçiciləri təhdid etmə, pulla ələ alma və s".

Politoloq Qərbin əsas hədəfinin bundan sonra Ermənistan olacağını düşünür: “Gürcüstanda artıq bütün səlahiyyətlərin konstitusiya əsasında baş nazir və parlamentin əlinə keçməsindən sonra formal təmsilçi postu olan prezidentlik uğrunda mübarizə Ermənistandakı baş nazir və parlament seçkiləri qədər həyati əhəmiyyətli sayılmırdı. Lakin Cənubi Qafqazda geosiyasi savaş cəbhəsində yer alan bütün tərəflər anlayır ki, Gürcüstan prezidenti üzərində hansı dövlətin təsirinin olması gələcəkdə bir sıra məsələlərə təsirsiz ötüşə bilməz. Fransanın nümunəsində Avropa Birliyinin, ABŞ və Rusiyanın əsas hədəfi dekabrda Ermənistanda keçirilən seçkilərdir. Gürcüstan uğrunda əsl mübarizə isə 2020-ci il parlament seçkilərində özünü büruzə verəcək. Əgər parlament seçkiləri daha tez keçirilsə, həmin prosesləri onda müşahidə edəcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.