Eldar Mahmudovun “kölgə hökuməti” - açar fiqur haradadır?

22-10-2015, 10:03           
Eldar Mahmudovun “kölgə hökuməti” - açar fiqur haradadır?
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəfil vəzifədən çıxarılması, həbslər və MTN-in rəhbər strukturlarının generallarının heç bir rəsmi sərəncam elan edilmədən işdən uzaqlaşdırılaraq nəzarətə alınmalarının əsl səbəbləri hələ də sirr olaraq qalır. Vaxtilə Hacı Məmmədov olayında əgər yalnız onun DİN-də işlədiyi bir struktur nəzarət altına alınmışdısa, indi MTN-in bütün generaliteti şübhəlilər sırasına düşüb.

Həbs edilənlərə elan edilən ittiham - səlahiyyət həddini aşma və qanunsuz yoxlamalar - yalnız aysberqin görünən tərəfidir. Çünki MTN iqtisadi struktur deyil və ən uzağı iki idarə sahibkarlara əngəl yarada, qanunsuz yoxlama apara və həbslər sanksiyalaşdıra bilər. Məsələn, əks-kəşfiyyat idarəsi, eləcə də barəsində çox danışılan gizli telefon izləmələrini həyata keçirən Monitorinq Xidmətinin və ya Antiterror Mərkəzinin sahibkarların incidilməsi ilə nə əlaqəsi ola bilər? Rəsmi məlumatlarla üst-üstə düşən nəticə odur ki, MTN-in bütün strukturları iş-güclərini bir kənara qoyub ancaq sahibkarları, necə deyərlər, incitməklə, onlardan pul toplamaqla məşğul olurmuşlar.

İndiyədək həm MTN-də, həm də digər nazirliklərdə rəhbərlik dəyişəndə məgər bu cür həbslər aparılırdımı? 2005-ci ildə iki “inqilabçı” nazirin kabinetlərində qandallanmasından sonra belə yalnız Fərhad Əliyevlə Əli İnsanovun ən yaxın kadrları işdən getməli oldu. İndi isə Eldar Mahmudovun işdən çıxarılması ilə MTN kimi bir strukturda, hərbi kəşfiyyatçıların ifadəsi ilə desək, “çistka” başlayıb. Sabiq nazir də daxil, dövlətin bütün sirlərinə bələd olan ən mühüm idarələrin general rütbəli rəhbərlərinin faktiki ev dustağı edilməsi ilə MTN-də baş verənləri yalnız sahibkarlara edilən zülmlə bağlamaq mümkünsüzdür.

Eldar Mahmudovun Beynəlxalq Bank rəhbərliyində oturmuş qudası səbəbindən hökumətlə problemləri vardı, külli miqdarda kreditin həm də onun razılığı ilə müxtəlif adamlara verildiyi təsdiqlənmişdi. Üstəlik, bəzi borclu iş adamlarına kredit, ümumiyyətlə, verilməyib, onlara MTN binasının zirzəmisində yalnız külli miqdarda kredit sənədinə qol çəkdirilib. Amma bütün bunlardan indi nəzarət altına alınan digər generalitet xəbərdar olmaya da bilərdi. Xəbərdar olublarsa, MTN-ə nəzarət etməli olan dövlət strukturları dura-dura nazirə qarşı nə edə bilərdilər ki? O halda ya nazir bu adamları yığılan vəsaitlə yaxşı “qidalandırıb”, ya da nazirlikdə onların da rəhbərlik etdiyi strukturlarda rüşvət meydan sulayıb.

Amma necə inanasan ki, MTN-in Antiterror Mərkəzi dövlət təhlükəsizliyini təhdid edən cinayətkarı rüşvət alıb həbsdən azad edə. Necə inanmaq olar ki, indi rəhbərliyi həbsdə olan MTN-in Monitorinq Xidməti ölkə rəhbərliyinin telefon danışıqlarını “qara otağından” hansısa oliqarx nazirin və ya xarici dövlətin pullu sifarişi ilə dinlətsin, bundan para qazanmaq fikrinə düşsün? İnanmaq olmur. Amma həbslər o versiyanı gücləndirir ki, Eldar Mahmudov və onun komandasının bu cür total nəzarətə alınması, bəzilərinin isə həbsi yalnız sahibkarların incidilməsi ilə məhdudlaşmır, bu bir epizod, bir pərdədir. Bəs əsl sirr nədir?

Dünən “Yeni Müsavat”a bilgili mənbədən belə məlumat verilib ki, sabiq nazir əmri verilən gündən - 17 oktyabr axşamından MTN-in binasındadır. Yəni o, ev dustaqlığına buraxılmayıb, elə öz nazirliyində nəzarətdə saxlanılır. İddianın nə dərəcədə doğru olduğunu demək mümkün deyil, amma bu sirr pərdəsində Eldar Mahmudovun açar fiqur olduğu şübhəsizdir. İşdən çıxarılandan sonra hər şey onun adı ətrafında cərəyan edir. Onun biznesi, şirkətləri, digər strukturlardakı vəzifəli adamları, hətta parlamentdə yenidən mandat almaq istəyən deputatları...

Eldar Mahmudovun hakimiyyətdə klan yaratdığı söylənilir və onunla bağlı bir neçə nazir və komitə sədrinin olduğu deyilir. Keçmiş səfir Arif Məmmədovun E.Mahmudovun əlindəki rıçaqlardan istifadə edərək, hakimiyyət daxilində ən effektli klan qurub ona başçılıq etməsini deməsi bu hadisələrə qismən işıq salır. Sabiq səfir deyib ki, Mahmudov klanına çox məşhur nazirlər daxil imiş. E.Mahmudov bu klan vasitəsilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş.

Birbaşa prezidentə bağlı olan, mühüm əhəmiyyətli dövlət postu etibar edilən bir nazir, əcəba, özünə niyə “kölgə hökuməti” yaratmaq istəsin ki? Əgər belə bir istək olubsa, demək, bu istəyin reallığa çevrilməsini sahibkarlardan alınan xərac qarşılaya bilməz, burada artıq daha böyük maliyyəyə, gücə, bəlkə də dövlətə ehtiyac olur. Eldar Mahmudov kimi hakimiyyətin “içini-çölünü” bilən generalın belə bir istəyə düşməsi səbəbindən qəzəbə gəlməsi necə, realdırmı?

Sabiq nazirə bağlı olduğu deyilən deputatların sıyahısı çox ilgincdir. Çingiz Əsədullayev (həm də sabiq nazirin qudasıdır), Malik Həsənov, Rüfət Quliyev, Əsabil Qasımov, Hacı Salayev, Rafael Cəbrayılov... Yəni hamısı biznesmen-deputatlar, oliqarxlara bağlı iş adamlarıdır. Bəs Malik Həsənov?

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşının sabiq MTN şefinin siyahısında olması Eldar Mahmudovun “kölgə hökumətinə” xəbərlərə diqqəti artırır. Son günlər belə xəbərlər var ki, MTN-də baş verənlərdən sonra Kərəm Həsənov və onun özünə də bağlı iş adamları ciddi təlaşdadır... Mediada növbəti hədəf kimi məhz K.Həsənovun adı hallanır. Fərhad Əliyevin “narıncı inqilab”ında mövqeləri möhkəmlənən komitə sədri bu dəfə “yana bilər”. Təkcə K.Həsənovmu?

Baş verən proseslər onu göstərir ki, daxildə ən vacib bir strukturda baş verənlərə o qədər təcili müdaxilə zəruri olub ki, seçkidən sonraya saxlanılmayıb və hədəfdəkilər üçün gözlənilməz olub. Məqsəd təkcə MTN zabitlərinin həbsə göndərilməsi olsaydı - bəlkə də heç əsas məqsəd də bu deyil - bunu həmişə və seçkidən sonra da bu qədər səs-küy doğurmadan etmək olardı. Amma hakimiyyət daxilində böyük və güclənmiş bir klanı (“hökumət”) çökdürməyi seçkidən əvvəl başlayıb və onun dağıntıları altında daha çox “böyük başlar” qalacaq...

Hər şey bəlkə də hələ indi başlayır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.