Şəmsəddin Əliyev yazır:"Ölümə aparan məişət zorakılığının qarşısını necə almalı?"

4-05-2019, 07:42           
Şəmsəddin Əliyev yazır:"Ölümə aparan məişət zorakılığının qarşısını necə almalı?"
Şəmsəddin ƏLİYEV,

“Polisə Dəstək” İB-nin sədri



Son zamanlar regionlarda ailədaxili zorakılıqların xüsusilə ağır cinayətlərin törədilməsi ilə davam etməsi cəmiyyətdə amansızlığın və qeyri-insani rəftarın təzahürü kimi qəbul edilir. “Allahın yaratdığı “yer üzünün zinəti və xəlifəsi” niyə bu qədər rəhmsiz və mərhəmətsizdir?”, – deyə düşünürük. Şüurlu varlıq niyə bu dərəcədə vəhşiləşir?

Sualların sayı çox, cavabı isə sadədir: ölüm hökmü bərpa olunmalıdır! Dövlət qətlə yetirilən vətəndaşının qisasını digər nankor və naqis, yolunu və həddini aşmış, Allahın yaratdığı məxluquna qıymış yaramaz və alçaq vətəndaşından almalıdır ki, qurbanın doğmaları üçün qisas almağa imkan verilməsin! Qısa və sadə yolu budur!

Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” 02 oktyabr 2010-cu il tarixli qanunu qəbul edilmiş və 22 iyun 2010-cu ildə qüvvəyə minmişdir. Qanunun kommentariyası da artıq var. Lakin baş verən ağır cinayətlərin qarşısı alınmır. Qaba və kobud insanlara maarifləndirmənin heç faydası olarmı? Gəlin, səbəblərə diqqət yetirək.

1970-ci illərdən başlayaraq, məişət zorakılıqları dünyanın hətta inkişaf etmiş ölkələrində, müxtəlif kateqoriyalı ailələrdə, sinfi, irqi, mədəni, dini və sosial-iqtisadi faktorlardan asılı olaraq baş vermişdir. Ekspertlərin tədqiqatına görə, zorakılıqların əsas səbəbi ailələrdə çətin sosial durumun, ictimai şüurda yoxsulluq kimi xurafatın olmasıdır.
Zorakılıqlar şəxsin sağlamlığında müxtəlif fəsadlar – yuxusuzluq, iştahanın pozulması, narkotiklərin və alkoqollu içkilərin qəbuluna meyl, hətta fərdin özünü cəzalandırması – intihara, özünü öldürmə dərəcəsinə çatdırma hərəkətlərini yaradır. Bəzən zorakılıqların təsir dərəcəsi uzun müddət davam edir.

Zənnimcə, ailənin ictimai həyatdakı rolu ona xas olan iki cəhətlə – sosial institutların və kiçik sosial qrupların vəhdətilə bütövlənir. Ailənin cəmiyyətdə funksiyası üçün iqtisadi və təhsil faktorları mühüm əhəmiyyət kəsb etdiyindən, onun adaptasiya (bu, iqtisadi amillə bağlıdır) və inteqrasiya olunmasına zəmin yaranmalıdır. Ailə (onun üzvləri) bu iki funksiya hesabına ətrafa təsir edə, uyğunlaşa və özünü təsdiqləyə bilər.

Ailə cəmiyyətin əsas özəyi və sosial institut kimi dövlətin xüsusi himayəsində olmaqla, sosial normaların məcmusunu özündə ehtiva edir. Burada ailədəkilərin nümunəvi davranışı, bir-biri ilə (ərlə-arvadın, valideynlə uşaqların) aralarındakı münasibətlərin tənzimlənməsi əsas şərtdir. Qarşılıqlı hörmət və ehtiram, yardım, adət-ənənələri qoruma, əxlaq qaydalarına riayət etmək və s. dəyərlərə əməl edilməlidir.

Tarixən sosial-iqtisadi problemlərin gərginliyi praktik olaraq hər bir ailəyə təsir etmişdir. Ailənin rifah halı və həyat səviyyəsi aşağı düşməklə, ailənin gələcək taleyi üçün narahatlıqlar baş qaldırır, nəticədə ailə münasibətlərində gərginliklər yaşanır.

Haşiyə çıxıram: Rusiya tədqiqatçılarının fikrinə görə, baş vermiş qəsdən adam öldürmə faktlarının 3%-i ailədə baş verir. Məişət motivi ilə baş verən cinayətlərin yarısı uzanan və həllini tapmayan ailə münaqişələrinin payına düşür. Rusiya DİN-nin statistikasına görə, 3,5 mln-dan çox şəxs “anticəmiyyət davranışları”na görə profilaktik qeydiyyata götürülür, onların təxminən 296.000-i ailə qalmaqalı kateqoriyasına aiddirlər.

Məişət zorakılığı bir şəxsin digər şəxs üzərində nəzarəti həyata keçirmək (iradəsini diqtə etmək) məqsədilə, təkrar olunan və yüksələn xətlə inkişaf edən fiziki, sözlə, dini və iqtisadi hədə ilə təhqir edən, qorxudan və vahimədə saxlamaqda ifadə olunur.

Ailə zorakılığı əməlinin qurbanına çevrilmiş şəxslə digərinin (onu incidənin) arasında spesifik kateqoriyaya aid həyat əhəmiyyətli bir neçə şərt var:

– Uşaqlara qarşı qəddarcasına davranma;

– Ərin-arvada (və yaxud da əksinə), zərərçəkənə qarşı yönələn zorakılıqlar;

– Ahıllara qarşı olan zorakılıqlar və s.

Ailə zorakılıqlarının, digər zorakılıqlardan fərqi ondadır ki, ailə zorakılığı bir-birilə yaxın, doğma münasibətdə olanlar arasında baş verir və bəzən buna adi hal kimi baxılır, hətta qarşı tərəf (incidən, kobudluq edən) müdafiə olunur, qorunur.

Ailə münaqişələrinin səbəblərini öyrənərkən, iki fərqli yanaşmadan istifadə etmək lazım gəlir (Məişət zorakılığı haqqında qanunun şərhində qeyd olunanlara yer verilib):

1. Sosioloji yanaşma. Zorakılıq ailə münasibətlərinin stereotipi kimi qəbul edilir (olan şeydi, barışarlar və s.). İşsizlik, mənzil şəraiti və iqtisadi çətinliklərin ailə üzvləri qarşısında stresin baş qaldırmasına təsir etməsi;

2. Sosial-psixoloji yanaşma. Şəxsi həyat təcrübəsinin olmaması, primitiv düşüncə tərzi və “uşaqlıq illərinin zədələri” təsir edə bilir.

Məişət zorakılıqlarının xarakterik cəhətləri mənasında zorakılıqların aşağıdakı növlərini göstərmək olar:

1. Fiziki zorakılıq, yəni real və potensial fiziki ziyanın tətbiqi nəticəsində insanın anatomik tamlığının pozulması. Xarakterinə görə, yetirilən zərbə qançırlar və şəxsə digər xəsarətlərin yetirilməsi ilə ifadə oluna bilər.

2. Seksual zorakılıq. Seksual ehtiraslarını ödəmək üçün zordan istifadə etmə.

3. Psixi zorakılıq. Qurbana qarşı zorakılığın tətbiq edilməsi hədəfi, qorxutma, mənəvi və psixoloji zədələrin yetirilməsi, iradəsinin sərbəst həyata keçirilməsinə məhdudiyyətlər qoyma, qurbanı ailə üzvlərindən və dostlarından təcrid etmə, ləyaqətini alçaltma və s.

4. İqtisadi zorakılıq. Pulun xərclənməsinə təkbaşına nəzarət, işləməyə və ya işləməməyə məcburetmə və s.

Adətən, fiziki və seksual zorakılıqlar tez-tez kişilər tərəfindən törədilir. Psixoloji zorakılıqlar, ailədə amansızcasına davranma halları və onlara havadarlıq isə qadınlar tərəfindən törədilir. Ailədə zorakılığın hökm sürməsi üçün aşağıdakı xüsusiyyətlər də (səbəblər) təsir edə bilər:

– əgər ailədə fiziki zorakıllıq faktları varsa, deməli onun tez-tez təkrar olunması və şiddətlənməsi ehtimalı da var;

– zorakılıq və təhqiredici davranışlar bəzən zərər yetirən tərəfindən dəyişilə və üzrxahlıq vədlərilə əvəz oluna bilər. Lakin bu, təhlükənin sovuşması deyil;

– ailədə zorakılıqlar əhalinin müxtəlif təbəqəsində və kateqoriyalarında mümkündür. Ona görə də məişət zorakılıqları müasir cəmiyyətin qlobal problemi kimi özünü artıq təsdiqləmiş və onun səbəbləri ailənin sosial-psixoloji mühitində, habelə, qeyri-sağlamlığında ərsəyə gəldiyindən, ailənin stabil inkişafı və təhlükəsizliyi də davamlı olmur.

Bəzən bunun çox ciddi və acı təəssüf doğuran nəticələri olur. Əvvəla, zorakılıqlarla qurulan ailə münasibətləri risk qrupuna daxil olunur. Belə bir mühitdə doğulan və böyüyən uşaqlar əksər hallarda zorakılıqların qurbanlarına çevrilir və yaxud da onlar yaxınlarına qarşı zor tətbiq etməkdən çəkinmirlər.

Əgər kişilərin həyat tarixinə nəzər salsaq, belə qənaətə gəlmək olar ki, uşaq bəzən atasından gələn davranış modelini (xromosom model) davam etdirir. Bəzən oğlan uşağı çox vaxt bacısına qarşı olan aqressiv münasibətini atasının anasına olan münasibətindən götürür və onu tətbiq edir.

Mübarizənin səmərə verməməsinin səbəblərindən biri də ailə zorakılıqları barədə müvafiq orqanlara məlumatın daxil olmaması, yaxud məlumat olsa da, qurbanın şikayət verməkdən imtina etməsi, qanunvericilikdəki boşluqlar (zorakılıqlarla bağlı məlumatların araşdırılması üçün səlahiyyətli orqan əməkdaşlarına mənzilə sərbəst daxil olması normativ hüquqi aktlarla tənzimlənməlidir), müvafiq orqanların QHT-lərlə koordinasiyalı qaydada işləməməsi və s.

Faktorlar, səbəblər və uşaqlarla amansız davranma halları, ailədəki zorakılıqlar mürəkkəb problemdir, kökü uzaq nəsillərə gedib çıxır. Problemin sezilməyən, lakin sadə yolla həlli (çözülən cəhəti) özünə hörmətdə, qarşılıqlı münasibətdə olduğu ailə üzvlərinin hüquqlarını tanımaqda, onların hərəkətlərinə səbrlə yanaşmaqda, qayğıkeşlikdə, insanpərvərlikdə və s. bəşəri və milli fundamental dəyərlərdə ifadə olunur. Məhz belə mürəkkəbliyin və problemin dərinliyi uzun zaman ərzində ailənin sağlamlığı və onun “müalicəsi” ilə sıx bağlı olur. Ailənin üzvləri fasiləsiz terapevtik münasibətlərlə əhatə olunmalıdır. Burada müdafiə olunmayan sosial qrupa-uşaqlara daha çox həssas yanaşmaq tələb edilir.

BMT-nin statistikasına görə, valideynlərin özbaşınalığı və zorakılığı nəticəsində hər il 14 yaşına qədər olan iki milyon uşaq əziyyət çəkir. Onların hər 10-dan biri dünyasını dəyişir, 2 min nəfəri intihar edir. Cinayət qanunvericiliklərində isə bu barədə xüsusi fəsil yoxdur. Ailədəki zorakılıqlar rəsmi məlumatlara salınmır. Bu, hüquqi və prosesual baxımdan çox qüsurludur.

Zorakılığın ailədə hökm sürməsi ailənin humanist və əxlaqa uyğun əsaslarla tərbiyələndirilməsinə mane olur, uşaqların spirtli içkilərə, narkotik maddələrin qəbuluna, avaraçılığa, dilənçiliyə, fahişəliyə və digər cinayətlərə meylini gücləndirir. Kritik şəraitin yaranmasına amansız rəftar, uşaqların inkişafı haqda əhəmiyyət kəsb edən müvafiq biliyin və məlumatın olmaması da öz təsirini göstərə bilir.

Yuxarıda qeyd etdiyim kimi, evdəki zorakılıqların modeli nəsildən-nəsilə ötürülür. Bəzən ailədəki “ciddi cəza” zorakılıq kimi qəbul olunmur, ailə adət-ənənəsi kimi aşılanır. Müasir elmi nəzəriyyələr zorakılıqların səbəblərini sosioloji yanaşmada, sosial mədəni faktorlarda (ailə münasibətlərindəki stereotiplər-eynilik, şablonluq) mənzil və maddi şəraitin psixoloji stresə məruz qoymasında; valideynlərin psixikasına alkoqolun təsirində, maddi tənəzzül və s. axtarmağı məsləhət görürlər.

Uşaqla valideynlər arasında olan münasibətlərin pozulması da zorakılıqlara əsas verə bilən amillərdəndir.
Saytlarda olan məlumatlara görə, il ərzində dünyada 50.000 uşaq zorakılıqlara tab gətirməyərək evdən qaçmalı olur. Ölənlərin ümumi sayının 38% ailə-məişət zəminində ölənlər təşkil edir (Statistik rəqəmlər çox və az da ola bilər).

Məişət zorakılığının problemi haqqında yalnız 1960-cı ildən başlayaraq Avropa və Amerika alimləri məşğul olmağa başlamışlar. Qadınları müdafiə edən ictimai təşkilatlar və 1971-ci ildə Londonda “Döyülmüş qadınlar hərəkatı” və ixtisaslaşdırılmış qadın mərkəzləri yaranmış, məişət zorakılıqlarına məruz qalanlar ətrafında araşdırmalara start verilmişdir.

Son 20 il ərzində dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da məişət zorakılığı haqqında qanun, 2004-2008-ci illərdə İsveçrə və Böyük Britaniyada bu barədə xüsusi norma qəbul olunmuş, Sloveniyada isə belə zorakılıqlar cinayət məsuliyyətinə aid edilmişdir. Hazırda 60 ölkədə məişət zorakılığı haqqında xüsusi qanunlar qüvvədədir. Amma Fransa və Bolqarıstan yeganə ölkələrdir ki, məişət zorakılıqların anlayışına daxil olan “psixoloji zorakılığın” şərhi geniş aspektdə verilir.

1990-cı illərə qədər SSRİ-də və İttifaqa daxil olan ölkələrdə “ailədə zorakılıq üçün əsas yoxdur”, – deyə normativ hüquqi aktlar da qəbul edilmirdi. 1990-cı ildən başlayaraq məlum oldu ki, belə bir problem artıq var və onu aradan qaldırmağa normativ baza lazımdır.

Azərbaycan Respublikasının CM-də həyat və sağlamlıq əleyhinə olan cinayətlər fəslində sağlamlığa yetirilən xəsarətlər, cinsi azadlıq əleyhinə olan cinayətlər və digər fəsillərdə zorakılıqları ehtiva edən maddələr və həmin ictimai təhlükəli əməllərə görə məsuliyyət nəzərdə tutulsa da, məişət zorakılıqların problemini həll etmir. Məişət zorakılıqları barədə cinayət təqibinə başlama əksər hallarda zərərçəkmişin (qurbanın) şikayəti əsasında rəvac verilsə də, yazılı müraciətlər həmişə olmadığından mövcud faktlara prosesual reaksiya verilmir. Cəzasızlıq mühiti və qanuna müvafiq surətdə qisasın alınmaması faciələrlə sona çatır. “Ailə kiçik dövlətdir” rəmzi müddəaya qatı hörmətsizlik edilir.

Qurbanların əksəriyyəti qadınlar olduğundan, onlar həyat yoldaşlarının qanunsuz hərəkətləri ilə bağlı şikayət etməyə çəkinirlər, sübutların toplanması da onlara həvalə edildiyindən və bunun üçün müəyyən bilik və bacarıqları olmadığından sualları cavablandırmaqda çətinlik çəkirlər, yaxud istəmirlər.

Ekspertlərin tədqiqatlarına görə, məişət zorakılıqları haqqında olan belə cinayət xarakterli işlərin 90%-i, guya, “tərəflərin barışması” nəticəsində xitamla sona çatır.

Dünya ölkələrində ailədə zorakılıqların aradan qaldırılmasına təsir edən psixoloji, tibbi və sosial yardımların, demək olar ki, səmərəsi yoxdur. Bu istiqamətdə daha çox QHT-lər müxtəlif layihələrin icrasında fəallıq göstərirlər. Ailə tiranlığından əziyyət çəkən qadın və uşaqların, habelə ahılların müdafiəsi üçün sosial mehmanxanalar və digər mühafizə tipli mənzillər damla qədərindədir. Məs.: Rusiyada 21 belə mühafizə yerləri var ki, orada 200 nəfəri saxlamaq mümkün olur. Bu ölkədə il ərzində təkcə qeyri-rəsmi yaşayanların fiziki zorakılıqları nəticəsində 14.000 qadın dünyasını dəyişir (RF DİN-nin 2008-ci il statistikası.) Alkoqoldan əziyyət çəkən 253,9 min vətəndaş qeydiyyatdadır.

Faktiki olaraq, ailə ağır cinayətlərin baş vermə və hadisə yerinə çevrilib. Həyat quranların (qadınların) 37%-i “kişi qadını döyə və işgəncə verə bilər, bu, nəsildən-nəsilə keçən xromosom uyğunluqdur, barışmaq lazımdır” qənaətindədirlər. Əlbəttə, belə sübyektiv fikirləri ictimailəşdirmək cinayəti gizlətmək qədər təhlükəli və mən deyərdim ki, zorakılığa çağırışdır.

Azərbaycan Respublikasının CM-də məişət zorakılığı əleyhinə olan cinayətlər fəsli olmasa da, cinayətlərin dinamikasında şəxsiyyət əleyhinə olan cinayətlərdə (2014-cü ilin 6 ayı ərzində) azalma müşahidə edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% (443-419) 24 fakt, qəsdən adam öldürmələr 13,8 % (109-94) 15 fakt, qəsdən sağlamlığa zərərvurmalar 5,7 % (194-183) 11 fakt azalmışdır.

Həyata keçirilən profilaktik və xəbərdarlıq tədbirləri, əhalinin maarifləndirilməsi məsələlərində QHT-lərin də iştirakı yetərlidir. Bütün qeyd olunanlara rəğmən, demək olar ki, artıq CM-də “Məişət zorakılığı əleyhinə olan cinayətlərin” siyahısının müəyyən edilməsinə və bunun üçün Azərbaycan Respublikasının CM-yə əlavələrin edilməsinə zərurət var. CM-dən çıxarılmış “Döymə” 132-ci maddəsi yeni fəsilə salına bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.