ABŞ-dan sığınacaq istəyən rusiyalıların sayı rekorda gedir
6-11-2015, 00:21
İmmiqrasiya sahəsində ixtisaslaşan vəkillər bunu Kremlin qoyduğu siyasi məhdudiyyətlər, korrupsiyanın yayğın olması, cinsi azlıqlara qarşı ayrıseçkilikvə zorakılıqla izah edirlər.
ABŞ-dan sığınacaq almaq istəyən rusların sayı son 20 ilin ən yüksək həddinə çatıb.
İmmiqrasiya sahəsində ixtisaslaşan vəkillər bunu Kremlin qoyduğu siyasi məhdudiyyətlər, korrupsiyanın yayğın olması, cinsi azlıqlara qarşı ayrıseçkilikvə zorakılıqla izah edirlər.
Rusiya vətəndaşları 2015-ci maliyyə ilinin ilk 9 ayı ərzində 1 454 yeni sığınacaq ərizəsi veriblər ki, bu da əvvəlki ilə nisbətən 50%, 2012-ci ilə nisbətən isə 2 dəfədən də çoxdur. 2012-ci il Vladimir Putinin Kremlə yenidən prezident kimi döndüyü ildir.
Azadlıq Radiosunun əldə etdiyi məlumatda ABŞ-dan sığınacaq almaq istəyən müraciətçilər motivlərə aydınlıq gətirmirlər. ABŞ immiqrasiya vəkilləri deyirlər ki, belə davamlı artımın səbəblərindən biri cinsi azlıqlardan olann rusiyalıların öz ölkələrində təqib edilmələri ola bilər. 2013-cü ildə Putin azyaşlılar arasında “qeyri-ənənəvi cinsi əlaqələrin təbliği”ni qadağan edən ziddiyyətli qanunu imzalayıb.
Rusiyalı müraciətçilərlə işləyən vəkillər bu il sığınacaq üçün edilən müraciətlərin artmasını həm də siyasi təqiblərin və korrupsiyalaşmış məmurların hədə və təzyiqlərinə məruz qaldığını iddia edən rusların çoxalması ilə əlaqələndirirlər.
Nyu Yorkda çalışan vəkil Alena Shautsova Azadlıq Radiosuna deyib ki, bu il onun məşğul olduğu müraciətlər arasında prezident Putinin siyasətinə və hərəkətlərinə, o cümlədən keçən il Krımın ilhaq edilməsinə qarşı olduqlarına görə ölkəni tərk etmək istəyənlərin ərizələri var.
Putin hakimiyyətə qayıdandan bəri Kreml ölkənin siyasi relyefi üzərində nəzarəti daha da gücləndirən addımlar atıb. O, dövlət nəzarətində olan medianın Kremlin xəttini daha da yaxından əks etdirməsinə nail olub və QHT-lərə xarici maliyyə dəstəyini çökdürüb. Bu QHT-lərin çoxu Vladimir Putinin siyasətinə qarşı çıxış edir.
Aleksei Navalny da daxil olmaqla müxalifət fəallarına qarşı cinayət işləri açılıb.
Virciniyada çalışan və əsasən Rusiya və Azərbaycadan olan sığınacaq müraciətçiləri ilə işləyən, vəkil Ismail Shahtakhtinski deyir ki, keçən il ona müraciət edən ruslar arasında rüşvət, saxta və yalan ifadələr vermələri üçün məmurlar tərəfindən təzyiqə məruz qaldıqlarını iddia edən insanların sayı daha artıq olub.
Shahtakhtinski deyir ki, “Çox zaman dövlət kiməsə qarşı cinayət işi düzüb-qoşmaq istəyəndə şahidlər toplamağa çalışır. Bu zaman onlar çox sayda saxta şahid və məhkəmə ifadələrindən istifadə edirlər. Belə hallar arasında nəzərəçarpan artım görürəm.”
ABŞ rəsmilərinin məlumatına görə 1994-cü ildən bəri onlara 17 000-dən çox Rusiya vətəndaşı sığınacaq ərizəsi ilə müraciət edib. Bunların 6 000-dən çoxu qəbul edilib.
Təkcə 1994-cü ildə Sovet İttifaqının təzəcə dağıldığı dövrdə Rusiya vətəndaşları tərəfindən ABŞ hökumətinə 2 127 müraciət daxil olub. Amma bu il – 2015-ci ildə müraciətlərin sayı düz 1994-cü ildəkinə yaxınlaşır.
Amma ABŞ-la müqayisədə Avropa Birliyi ölkələrindən sığınacaq istəyən rusiyalıların sayı dəfələrlə çoxdur. Eurostatın verdiyi məlumata görə keçən il AB ölkələrinə 14 000-dən çox, ondan əvvəlki il isə 35 000 rusiyalı sığınacaq üçün müraciət edib.
Eurostatın məlumatına görə 2008-2014-cü illər arasında ABŞ Rusiya vətəndaşlarının sığınacaq üçün müraciət etdiyi ölkələr arasında populyarlığına görə Almaniya, Fransa, Polşa və İsveçi çıxmaqla qalan bütün AB ölkələrini ötüb. (azadliq.org)