Nazirlər Kabinetinin 38 yaşlı yeni Aparat rəhbəri kimdir?
19-11-2019, 00:22
Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyin olunub. Axar.az xəbər verir ki, R.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub.
1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2002-2003-ci illərdə Almaniyanın Drezden Texniki Universitetinin Avropa inteqrasiya hüququ üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə 2002-ci ildə başlayıb, yerli və xarici şirkətlərdə hüquq sferasında çalışıb. R.Məmmədov 2010-2011-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) vitse-prezident, 2011-2012-ci illərdə özəl sektorda konsultant olaraq çalışıb. 2012-ci ildən AZPROMO-nun prezidenti olub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.