“Milyarderlər ittifaqı” pulsuz qalıb

9-12-2015, 14:49           
“Milyarderlər ittifaqı” pulsuz qalıb
Hakimiyyətə düşmən kəsilən təşkilat fəaliyyətini dayandırır
Cəmi bir-iki ay öncə 40 milyard varidatı olan ÜATİ-də məvacib verməyə para tapılmır; bu qurumun bağlanması sabiq vitse-primyerin Bakıya yolunu aça bilərmi...


Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) fəaliyyətini dayandırır. Bu barədə “Yeni Müsavat”a Moskvadakı mötəbər hesab etdiyimiz mənbədən məlumat verilib. Mənbə bildirib ki, artıq iki aydır ki, ÜATİ-nin icra orqanında işləyənlər məvacib ala bilmir. “Bu qurum demək olar ki, tam fəaliyyətinin dayandırıb. İcra aparatının əməkdaşları nə edəcəklərini bilmir. Onlara dəqiq bir söz deyən yoxdur. Bu da narazılığı daha da artırır. Adam inanmır ki, cəmi bir-iki ay öncə ”Milyarderlər ittifaqı" kimi tanınan ÜATİ-də indi məvacib verməyə pul tapılmır" deyə, mənbəmiz bildirib.

Qeyd edək ki, ÜATİ 2012-ci ilin sentyabr ayının 28-də Moskvada təsis edilib. Azərbaycanda keçiriləcək 9 oktyabr seçkisinə 1 il qalmış elan edilən bu təşkilatın Koordinasiya Şurasında hakimiyyət üçün sürpriz isimlər olub. Quruma Azərbaycan baş nazirinin keçmiş I müavini Abbas Abbasov, “AzerRos” prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov, milyarder iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılov daxil idi. Elə həmin toplantıda Koordinasiya Şurası Abbas Abbasovu yekdilliklə qurumun sədri seçmişdi.



Tezliklə “Milyarderlər ittifaqı” kimi məşhurlaşan qurum Azərbaycan hakimiyyətinə ciddi problemlər yarada bildi. Xüsusilə quruma sədrlik edən Abbas Abbasovla Söyün Sadıqovun sərt açıqlamaları, Rüstəm İbrahimbəyovun isə Bakıda müxalifətin əsas qüvvələrini Milli Şurada birləşdirərək prezidentliyə namizədliyinin irəli sürülməsi “Milyarderlər ittifaqı”na diqqəti daha da artırmışdı. Bu qurumda birləşənlərin ümumi 40 milyard dollara nəzarət etməsi barədə hesablamalar “Azərbaycanda hakimiyyəti ancaq pulla dəyişmək olar” iddiasını yenidən gündəmə gətirmişdi.

Rəsmi Bakı, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi qurumun yaranmasını ilk gündən tənqid edirdi. Mətbuat bu mövzuda müxtəlif qaynaqlardan əldə edilən məlumatlara əsaslanaraq qurumun təsis edilməsini Rusiyanın Azərbaycan hakimiyyəti ilə bağlı hansısa planlarının tərkib hissəsi olduğunu yazırdı. Maraqlıdır ki, siyasət meydanına qəfil atılan ÜATİ heç özünün məramnaməsindəki kimi diaspora fəaliyyətində də heç bir nəticə əldə edə bilmədi və sanki bir işarə ilə də kölgəyə çəkilməyə qərar verdi.



Mənbə onu da bildirib ki, qurumun sədri A.Abbasov bir müddətdir ÜATİ-nin Moskvanın mərkəzində, “Krasnaya Presnya” küçəsi 24 ünvanında yerləşən baş ofisində görünmür: “Sonradan məlum oldu ki, Abbas Abbasov Türkiyədə dincəlir. Qurumun sədri bir neçə gündür artıq Moskvaya qayıdıb. Amma vəziyyət hələ də dəyişməyib”. Qaynaq onu da bildirib ki, böyük ehtimalla Azərbaycan hakimiyyətinin əvvəl gündən “qara siyahı”ya saldığı ÜATİ-nin fəaliyyətinin dayandırılmasına və ya ən azı adının unudulmasına qərar verilib. “Nəzərə alsaq ki, son günlər Abbas Abbasova Bakıda yeni hücumlar başlayıb. Onun Milli Şura sədri ilə görüşməsi barədə hakimiyyətə yaxın mənbələrdən məlumat yayılması da buna sübutdur” deyə, Rusiya paytaxtındakı məlumatlı mənbə bildirib.
Uzun müddət müəmmalı şəkildə susan “Milyarderlər İttifaqı”nın təmsilçiləri İsgəndər Xəlilovun, sonra “AST Telman”ın, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri öncəsi isə “LukOİL” rəhbəri Vahid Ələkbərovun İlham Əliyevə dəstəklədik bəyanatları bu qurumun əslində çox yaşamayacağını deməyə əsas verirdi.

Daha bir maraqlı faktı da qeyd edək ki, rəsmi Bakı bir neçə dəfə A.Abbasovun bağışlanılması üçün bu qurumun bağlanmasını şərt kimi qoyub.

Özü də təkcə ÜATİ-nin deyil, həm də Ağsaqqallar Şurasının rəhbəri olduğu “AzerRos” dan istefası istənilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu barədə bir neçə dəfə açıq danışıb. Komitə sədri bildirib ki, “Azərbaycan dövlətini dağıtmağa xidmət edən” Söyün Sadıqov kimi bir adamla Abbas Abbasovun eyni çətir altında olması düzgün deyil: “Çünki belə bəyanatların müəllifi Abbas Abbasov kiminlə eyni çətir altında olmasına diqqət edərək, özü üçün dəqiqləşdirmələr etməli, azərbaycançılıq ideologiyasına xidmət edən mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yalnız bundan sonra biz onunla hər zaman əməkdaşlığa hazır olacağıq”.

Güman ki, ÜATİ-nin əsas problemi də məvaciblə bağlı deyil və “Milyarderlər ittifaqı”nın tarixin arxivinə çevrilməsi bu qurumda təmsil olunanların marağına uyğundur. O da istisna deyil ki, ÜATİ-nin bağlanması sabiq vitse-primyerin Bakıya bağlanmış yolunu açsın...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.