“İlin ən yaxşısı” pul verən və ya dost-tanış deməkdir? - Mükafat alveri...

9-12-2015, 21:38           
“İlin ən yaxşısı” pul verən və ya dost-tanış deməkdir? - Mükafat alveri...
Hər il dünyanın müxtəlif ölkələrində “İlin adamı”, “İlin ən yaxşı bəstəkarı”, “İlin ən yaxşı müğənnisi”, “İlin ən yaxşı aktyoru” və sair mükafatlandırma mərasimləri keçirilir. Və bu da dünya mətbuatında geniş şəkildə dərc olunur. “Ən yaxşılar”dan müsahibələr alınır. Azərbaycanda isə bəzən “İlin ən yaxşıları”na layiq görülənlər arasında tanımadığımız, mətbuata bəlli olmayan ifaçılara rast gəlirik.

Bəs görəsən, “İlin ən yaxşıları”nı hansı kriteriyalara görə seçirlər? “İlin ən yaxşısı” kimlərə deyilir və qanuna görə onlar necə seçilməlidir?

Mövzu ilə bağlı mütəxəsisslərə müraciət etdik. Kimisi dedi ki, ilin ən yaxşısını məhz sorğunu keçirən şirkətlər təyin edir. Onlar da ən yaxın dostlarını ətrafına cəm edib, cəmiyyətə onları “İlin ən yaxşısı” kimi təqdim edirlər və bu hal hər il təkrarlanır. Kimisi də ad almaq üçün sənət əhlinin pul ödəyərək mükafata layiq görüldüklərini bildirdi. Amma sənətinə az da olsa hörmət edən incəsənət nümayəndələri bunu qəbul etmir, bir həmkarımın dediyi kimi, “Sizin printerdən çıxardığınız mükafat mənə lazım deyil” deyərək mükafatdan imtina edirlər.

Hər il mükafatlar eyni insanlara təqdim edilir

“Kristal” qrupunun rəhbəri, prodüser Mədinə Məlik bizimlə söhbətində bildirdi ki, yerli mükafatlandırmalarımız heç də ədalətli şəkildə təşkil edilməyib. Belə ki, hər il mükafatlar eyni insanlara təqdim edilir: “Bu müsabiqəni təşkil edən təşkilatçıların öz çevrəsi var. Hər təşkilatçı öz çevrəsindəki dostlarını çağıraraq onları “İlin ən yaxşısı” elan edir. O qədər belə tədbirlərə dəvət almışam ki… 20 ilə yaxındır ki, şou-biznesdəyəm. Bu 20 ildə saysız-hesabsız mükafatlarım var. Sənətə yeni gələn sənət adamlarının pul verib mükafat alması bir ara dəb halını almışdı. İndi də bu hallar az da olsa baş verir. Yəni gənc ifaçılar, şou-biznesdə yeni addım atanlar bəlkə də o mükafatı almaq üçün şirkətlərə hörmət edirlər. Bu işdə dostluq münasibəti də böyük rol oynayır. Hər hansı bir təşkilatçıya zəng etsəm, bilirəm ki, mənim qızlarımı da “İlin ən yaxşısı” elan edərlər. Amma mən belə şeylərdən çox uzağam. Məsləhət olsa, məni çağırarlar”.

Prodüser mükafat almaq üçün il ərzində görülən işin və gündəmdə olmağın böyük rol oynadığını da qeyd etdi: “Mən elə bir səviyyə sahibiyəm ki, harasa dəvət alanda seçim edirəm. Mükafatlandırma mərasimlərində ən çox sevindiyim odur ki, çoxdan görmədiyim televiziya işçiləri, dostlarım, yazarlar, uzun müddətdir görünməyən sənətçilərlə görüşürəm. Harasa dəvət alanda düşünürəm ki, mənim ora getməyimə dəyərmi? Hər kəsin özünəməxsus çəkisi var. “Şou-biznes” sözü istifadə olunmayanda mən artıq var idim. Bu yaxında çox nüfuzlu bir insan mənim belə bir layihə həyata keçirməyimi istədi. Bir az gözləyirəm”.

İstənildən halda mükafat sənətçiləri sevindirir

Ötən il “İlin şairəsi” adına layiq görülən əməkdar artist, bəstəkar Elza Seyidcahan “Kaspi”yə açıqlamasında hər ölkədə olduğu kimi, Azərbaycanda da müxtəlif şirkətlərin ilin sonuna yaxın “İlin ən yaxşı” müsabiqəsini təşkil etdiklərini və burada onun da yer aldığını vurğuladı: “Təkcə özəl şirkətlər deyil, Mədəniyyət və Turizm Nazirliyi də mütəmadi olaraq bu nominasiyanı təşkil edir. Özəl şirkətlər daha çox SMS, sosial şəbəkələr və əhali arasında sorğu keçirərək qalibləri müəyyən edirlər. Sənət adamları xalqa məxsusdur. Bəzən bunu nəzərə alırlar. Bu, zövqlə bağlı bir məsələdir. Mükafat verərkən hər şeyi nəzərə almaq lazımdır. İstənilən halda mükafat sənətçiləri sevindirir. Bu yaxınlarda mənə Ankarada böyük bir mükafat təqdim etdilər. Mənim üçün mükafatın böyüyü-kiçiyi yoxdur. Bizim işimizi dəyərləndirən dövlətimizə, özəl şirkətlərə təşəkkürümüzü bildiririk. İl ərzində daha çox kim işləyirsə, o da bu mükafata layiq görülür”.

E.Seyidacah belə mükafatlandırma mərasimlərinin təşkilatçılarının bir qisminin saxtakarlıqla məşğul olduğunu da qeyd etməkdən çəkinmədi: “Bu müsabiqələrdə bəzən maddi vəsait də rol oynayır. Bir çox təşkilatçılar isə bu mükafatı yalnız yaxın dostlarına layiq görürlər. Mənim üçün əsas odur ki, məni dövlətim dəyərləndirir. Hansı ki, bizi dünyanın müxtəlif ölkələrinə göndərirlər. Biz oradan mükafatlarla geri dönürük. Bir dəfə mənə “İlin müğənnisi” mükafatı vermək istəyirdilər. Dedilər ki, siz 10 min manatlıq bilet satmalısınız. İstəyirsinizsə, o bileti satın və yaxud da özünüz pul verib alın. Bu mənə lazımdırdmı? Mənim üçün ən dəyərli olan dövlət mükafatıdır. Dövlətimiz də hər zaman bizim sənətimizi dəyərləndirib. İndiyə qədər heç bir şirkət dostluğumuza görə mənə belə təklif etməyib. Maddiyyat tələb edən olub, o da çox az hallarda. Bilirsiniz ki, ötən il mən “İlin şairəsi” seçildim. Bunu heç kim mənə şəxsi münasibətə görə vermədi. Xalqımız arasında sorğu keçirildi və hər kəs məni bu mükafata layiq gördü. Hətta 10 gün mən bu mükafatın dalınca getmədim. Dedim ki, bizim böyük şairlərimiz var, qoy bunu onlar alsın. Sonra fikrimi dəyişdim ki, məni xalq seçib. Bu, xalqa qarşı hörmətsizlik olardı. Heç kimi məcbur etmirəm ki, mənə mükafat versin”.

Bəstəkar müraciət etməyi də unutmadı: “Sizin vasitənizlə təşkilatçılardan xahiş edirəm ki, dostluqlarına görə kiməsə mükafat verəndə ilk növbədə onların maddi vəziyyətini düşünsünlər. Kiməsə mükafat verirlərsə, yüz ölçüb, bir biçsinlər. Görsünlər ki, doğrudan da bu insan bu mükafata layiqdir, yoxsa yox. Çox zaman belə hallar bizim sənətimizi ucuzlaşdırır. Dostlarını sevirlərsə, onların problemlərini həll etsinlər. O, mükafatı verib bu sənəti ucuzlaşdırmasınlar. Mənim ən gözəl mükafatım dünyanın başqa ölkələrində mənə verilən mükafatdır ki, onu öz ölkəmə gətirmişəm. Bir sıra beynəlxalq müsabiqələrdə olmuşam, hamısında da mükafata layiq görülmüşəm. Bir də qızım Gülşən ən yaxşı ana mükafatıdır ki, onu heç nəyə dəyişmərəm”.

Son illər aktyorlara da geniş yer ayırırıq

“Number one” beynəlxalq mükafatlandırma layihəsinin Azərbaycan üzrə rəhbəri, aparıcı Tural Ozan bizimlə söhbətində bildirdi ki, ilin ən yaxşılarını ictimai və sosial sorğular əsasında təyin edirlər: “Biz “İlin ən yaxşılarını” əhali, şirkətlər arasında keçirilmiş sorğu nəticəsində təyin edirik. Bundan əlavə, internet üzərindən sorğu keçiririk. Bizim layihəmiz mədəniyyət sahələrini əhatə edir. Burada təkcə müğənnilər deyil, aktyorlar, televiziya verilişləri, jurnalistlər də mükafatlandırırlır. Son illər aktyorlara da geniş yer ayırırıq. Belə ki, xalq artistimiz Amaliya Pənahova və gənc aktyorlar bu layihədə yer alıb.

Mənim üçün çox gülünc və utancvericidir

Musavat.com saytının jurnalisti Könül İbrahimova açıqlamasında mükafat alanların müxtəlif yollarla seçildiyini vurğuladı: “Dünyanın bir çox ölkələrində mükafatlandırma mərasimləri keçirilir. Mükafat alanlar müxtəlif yollarla seçilir. İnternet vasitəsilə keçirilən sorğu, küçə sorğusu, mədəniyyət yazarlarının səs verməsi vasitəsilə keçirilən sorğu... Bu sorğular nəticəsində müğənni, aktyor mükafata layiq görülür. Bizdə isə tamam fərqlidir. Ya “mükafatı təsis” edənlə tanış olmalısan, ya da pul verməlisən ki, gətirib sənə “boşqab” versinlər. Boşqabın içinə iki cümlə yazıb, sənət adamlarını, jurnalistləri başlarına toplayırlar. Bu da olur mükafatlandırma mərasimi. Mənim üçün çox gülünc və utancvericidir. İstəmirəm mənə gətirib boşqab, heykəl versinlər. Jurnalistlik yaradıcılığımdan xəbəri olmayan biri mənə necə mükafat verə bilər? Və ya nəinki xalqın, şou-mədəniyyət yazarı kimi mənim belə tanımadığım sənətçiyə necə “İlin müğənnisi” adını verə bilirlər? Ümid edirəm ki, saxta mükafatlandırma mərasimlərimizə də qadağa qoyular”.

“Kilosunu neçəyə aldın?”

İfaçı Elxan Qaraxanoğlu mövzu ilə bağlı öz kəskin etirazını bildirdi: “Həmişə “mükafatlandırma” ilə bağlı “İlin yaxşıları”-nın sahibləri sosial şəbəkələrdən sevinclərini paylaşanda həqiqətən mənim ağlamağım gəlir. Çox istəyirəm ki, onların statuslarının altından ürək sözlərimi yazım. Ancaq bunun onlar üçün çox olacağını anlayıb, nüfuzumu hər şeydən üstün tuturam. Mükafat alan “sənət adamları” əlində yöndəmsiz əşya tutub, “Mükafat aldım, məni təbrik edin” yazanda, içimdən “Kilosunu neçəyə aldın?”sualını vermək gəlir. Özləri də etiraf edirlər ki, bu mükafatı alıblar. Marketə daxil olub nəyisə baha-ucuz seçim edib aldıqları kimi. Əslində mənim onlara yazığım gəlir. Axı onları da Allah yaradıb. Nə üçün onlarla belə məzələnirlər? Günah deyilmi? Allah elə insanlara şəfa versin. Bəzən ağıllı insanlar təsadüfən etdikləri səhvi ört-basdır etməyə çalışır. Amma bu ağılsızlar... özlərini biabır etməkdən başqa heç nə etmirlər”.

E.Qaraxanoğlu fikirlərini zarafatla bitirdi: “Bu sözlərimə görə başım ağrıyacaqsa, indidən adam göndərim, əczaxanadan mənə başağrı dərmanı alsınlar. Yox əgər o insanlar bu sözlərimi oxuyandan sonra vəziyyətləri pisləşsə, mənə zəng vursunlar, təcili tibbi yardım stansiyasından kömək göndərim. “Facebook” sosial şəbəkəsində özəl və ilin sevilən “Təcili yardım-2015” mükafatlı tanışlarımız çoxdur”.
kaspi.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.