Qarabağdan Ankaraya mesaj: cəbhədəki gərginliyin pərdəarxası – TƏHLİL
10-12-2015, 21:21
Azərbaycan-Ermənistan təmas xəttində yenidən gərginlik artıb. Məlumata görə, Ermənistan hərbi birləşmələri təkcə ordumuzun mövqelərini deyil, təmas xəttinə yaxın ərazilərdə yaşayan sivil vətəndaşları da hədəfə alıb. Qazax rayonunun Quşçu Ayrım kəndinin 16 yaşlı sakini Tural Sadıqov yaralanıb. Azərbaycan ordusu düşmən tərəfinin təxribat hücumlarına cavab verib. Ermənistan ordusu ciddi itkilərə məruz qalıb. Azərbaycan ordusunun düşmən təxribatına qarşı tank atəşlərindən də istifadə etdiyi bildirilir. Ermənistan KİV-i ölkədə ciddi qorxu olduğundan yazır.
20 ildən artıqdır ki, düşmən tərəfi cəbhə xəttində Azərbaycana qarşı təxribat addımlar atır və bu addımların arxasında həmişə siyasi məqamlar dayanır. Budəfəki təxribat da üç siyasi hədəfə hesablanmış addım idi.
Sarkisyan İlham Əliyevlə görüşü öncəsi orduya “vur” əmrini niyə verir?
– 2015-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmayıb. Lakin üç dəfə buna təşəbbüs edilib və hər üçündə cəbhə xəttində Ermənistan tərəfinin təxribatları genişlənib.
1. Sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında prezidentlərin görüşü nəzərdə tutulurdu. Həmin ay erməni hərbi birləşmələri atəşkəs rejimini 828 dəfə pozub. Düşmən tərəfi 60 və 82 mm çaplı minaatanlarda, iriçaplı pulemyotlarda istifadə edərək, aktiv təxribat addımları atıb. Azərbaycan ordusu düşmənin təxribatının qarşısını alıb. Nəticədə 4 hərbiçimiz şəhid olub, üçü isə yüngül yaralanıb. Ermənistan tərəfi isə ümumilikdə 20 əsgərini itirib. Həmçinin, çox sayda əsgəri yaralanıb. Cəbhədə düşmən tərəfinin təxribatları fonunda prezidentlərin görüşü baş tutmadı.
2. Minsk qrupu dekabr ayının 1-də prezidentlərin Parisdə görüşünü təşkil etmək niyyətində idi. Görüşlə bağlı razılığın olduğu haqda informasiyalar var idi. Lakin görüş dəqiq bilinməyən səbəblərdən təxirə salındı. Qeyri-rəsmi məlumatlara görə, görüşün təxirə salınmasının səbəblərindən biri də Parisdə törədilən terror olub. Lakin görüş öncəsi erməni hərbi birləşmələrinin cəbhədə təxribatları da diqqət çəkirdi. Belə ki, noyabr ayında düşmən tərəfi ümumilikdə atəşkəs rejimini 773 dəfə pozub. Azərbaycan ordusu düşmənin təxribatlarının qarşısını alarkən, bir hərbi qulluqçumuz şəhid olub, biri yaralanıb. Düşmən tərəfinin isə iki əsgəri məhv edilib, çoxlu sayda yaralısı olub.
3. Minsk qrupunun həmsədrləri dekabr ayında prezidentlərin görüşünü təşkil etmək istəyir. Erməni KİV-nin məlumatına görə, prezidentlər dekabrın 19-da İsveçrədə görüşə bilər. Və görüş haqda məlumatların fonunda cəbhədə gərginlik yenidən artır. Düşmən tərəfi ordumuzun mövqeləri ilə yanaşı sivil vətəndaşları da hədəfə alıb. Dekabrın 4-də gecə saatlarında mövqelərimizə hücum etməyə cəhd edən düşmənin qarşısı alınıb. Nəticədə erməni hərbi birləşmələri çoxlu sayda itki verib.
Prezidentlərin görüşü hər dəfə gündəmə gələndə cəbhə xəttində düşmən təxribatının genişlənməsi təbii ki, təsadüfi deyil. Məqsəd Qarabağ münaqişəsinin həlli istiqamətində irəli doğru hər-hansı addımın atılmasının qarşısını almaqdır. Bununla rəsmi İrəvan danışıqlardan qaçmağa çalışır.
İqtidarı qorumaq üçün “xarici düşmən” obrazı və verilən qurbanlar
– Cəbhə xəttində gərginliyin digər səbəbi İrəvan rejiminin erməni ictimaiyyətinin diqqətini daxili problemdən yayındırmaq məqsədi ilə bağlıdır. Belə ki, dekabrın 6-da Ermənistanın parlament respublikasına keçməsi üçün referendum keçirildi. Serj Sarkisyan rejiminin iqtidarda qalması üçün 75 faizlik lazım olan nəticə saxta yolla əldə edildi. Nəticələrə görə, bundan sonra Ermənistan parlament respublikası olur, prezidenti parlament seçir və onun səlahiyyət müddəti 5 ildən yeddi ilə qədər uzadılır. Referendumda saxtakarlıqla bağlı kifayət qədər faktlar var və müxalifət buna etiraz olaraq kütləvi aksiyalara başladı. Belə bir vaxtda cəbhədə döyüşlərin bərpa edilməsi İrəvan rejiminin erməni xalqına “xarici düşmən” obrazını təqdim etməsi, beləliklə, etirazları səngitməsi üçün lazımdır. Məsələ müxalifətin “vətənpərvər” mövqeyə gətirilməsi yox, bütün ictimaiyyəti “seçkidən daha vacib” məsələyə kökləməkdir. Bununla Sarkisyan iqtidarı həm də ona qarşı çıxanları “vətəni sevməyənlər” kimi təqdim etmək imkanı qazanır.
Bu ilin iyun ayında Ermənistanda elektrik enerjisi qiymətlərinin artmasına etiraz olaraq başlanan aksiyalarda da İrəvan rejimi Qarabağ kartına əl atdı. Həmin vaxt müdafiə naziri Seyran Ohanyanın “ölkədə sabitlik pozularsa, bu, Azərbaycanın hərbi əməliyyatlara başlayaraq Dağlıq Qarabağı azad etməsinə gətirib çıxara bilər” deyə açıqlaması da Ermənistan rəhbərliyinin Qarabağ kartından erməniləri əzmək üçün də istifadə etdiyini göstərdi. İndi də eyni ssenari təkrarlanır və görünən budur ki, Sarkisyan hakimiyyətini qorumaq üçün öz xalqını qurban verməyə də hazırdır.
Təxribat əmrini Kreml verib?
– Və nəhayət, cəbhədə erməni təxribatının hədəfi regional siyasi proseslərdən qaynaqlanır. Hazırda Türkiyə-Rusiya qarşıdurması ciddi şəkildə davam edir. Hesab etmək olar ki, Bakının bu məsələdə tutduğu mövqe Moskvanı qane etmir. Halbuki, rəsmi Bakı iki ölkənin münasibətlərinin yoluna qoyulması üçün əlindən gələni edəcəyini açıqlamışdı. Bu baxımdan, Kreml Azərbaycanın mövqeyinin Türkiyədən yana olma ehtimalına qarşı cəbhədən təzyiqlərini artırır.
Xüsusilə, bir sıra məqamlar bunu deməyə əsas verir.
a) Azərbaycan Rusiyanın sərhəddən buraxmadığı Türkiyə TIR-larına öz qapılarını açdı.
b) Rusiya Türkiyəni qaz satışını dayandırmaqla hədələdi. Belə bir vaxtda baş nazir Əhməd Davudoğlu Bakıya səfər etdi və Azərbaycan Türkiyənin qazla təchizatı üçün əlindən gələni etməyə hazır olduğunu bəyan etdi.
c) Davudoğlunun Bakı səfərində Rusiyanın maraqlarına ziddi daha bir məqam da qeyd alındı. Belə ki, Ankara və Bakı TANAP layihəsinin sürətləndirilməsinə dair razılıq əldə etdilər. Bu, Rusiyanın Avropa üzərində qurduğu enerji ssenarilərini alt-üst edir.
d) Rusiya Türkiyədəki investisiyalarını geri çəkmək niyyətini açıqlayıb. Moskva bununla Ankaraya təzyiq etmək niyyətindədir. Lakin belə bir vaxtda Azərbaycanın Türkiyəyə yaxın illər ərzində 20 milyard ABŞ dollarına qədər invesitisiya yatıracağını bəyan etməsi Ankaranı Kremlin təhdidlərindən xilas edir və bu ruslar üçün xoşagələn hal deyil.
Və bu proseslərin fonunda cəbhədə gərginlik artır. Ehtimal etmək mümkündür ki, Azərbaycanın Türkiyəyə qardaşlıq yardımını həzm edə bilməyən Rusiya İrəvana “Qarabağdan vur” əmrini verib.
Digər mühüm məqam isə Türkiyənin Azərbaycana ərazi bütövlüyünü bərpa etmək üçün verəcəyi dəstəkdir. Davudoğlu Bakıya səfəri öncəsi bu barədə konkret fikir söylədi. Onun bu açıqlamanı Rusiya ilə gərginlik ərəfəsində verməsi “Türkiyə Rusiyaya qarşı Qarabağda yeni cəbhə açır” iddialarına səbəb oldu. Doğrudur, bu fikri daha çox Ermənistan və Rusiya mediası tirajladı. Lakin yerli ekspertlər də bildirdilər ki, Türkiyə rəsmi Bakının dəvəti ilə Qarabağda anti-terror əməliyyatlarına qoşula bilər.
Bunun ardından, Rusiya Gümrüdəki 102-ci hərbi bazasına əlavə texnika və qoşun yığmağa başladı. Həmçinin, İrəvan yaxınlığındakı “Erebuni” hava bazasına 15 ədəd hərbi helikopter gətirilib. Helikopterlərin növbəti partiyasının da yaxın günlərdə gətiriləcəyi gözlənilir. Rusiya mənbələri isə məlumat yaydı ki, Kreml Ermənistan-Türkiyə sərhədinə ordu yığır. Bu məlumat rəsmi şəkildə təsdiqlənməsə də, ortada ciddi proseslərin getdiyini deməyə əsas verir. Cəbhədəki gərginliyi də erməni-rus ittifaqının Azərbaycan və Türkiyə qardaşlığına qarşı hücumu hesab etmək olar. Görünür, Rusiya Qarabağdan Azərbaycanla yanaşı, Türkiyəyə də mesaj verir.