Bakı Moskva və Ankara arasında - Əsəblər tarıma çəkilir...

11-12-2015, 10:49           
Bakı Moskva və Ankara arasında - Əsəblər tarıma çəkilir...
Rusiya ilə Türkiyə arasında yaşanan gərginlik artdıqca, bu olaylar Azərbaycana da sürətlə sirayət etməkdədir. Məlumdur ki, dekabrın 1-dən Kreml administrasiyası Türkiyəni cəzalandırmaq üçün bu ölkəyə iqtisadi sanksiyalar tətbiq edib, qardaş ölkədən ixrac olunan əksər məhsullara qadağa qoyub. Amma bununla da sakitləşməyən Rusiya türkiyəli iş adamlarının başqa ölkələrə apardığı məhsullara da ciddi əngəl yaradır. Belə ki, Türkiyəyə məxsus yük maşınları Gürcüstandan Rusiyaya keçə bilmirlər.

Türkiyə xarici işlər nazirinin və baş nazirinin Bakıya səfərlərində Azərbaycan hakimiyyətinin qardaş ölkəyə xüsusilə yüklərin daşınmasında göstərdiyi dəstəyin, prezident İlham Əliyevin Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tariflərini 20%-dək aşağı salmasına göstəriş verməsinin Kremli qıcıqlandıracağı gözlənilən idi. Türkiyəyə baş nazirinin Bakı səfərində Putinə “ağıllı ol” kimi yozulan mesajlarından dərhal sonra “Günəşli” neft yatağındakı qəza bəzi şübhələrə yol açıb. Qarabağ cəhbəsindəki son günlər artan gərginliyi də Rusiyanın Bakıdan narazılığının göstəricisi kimi izah edənlər var.

Dekabrın 10-da isə məlum olub ki, Rusiya Türkiyə TIR-larının Bakı limanından Orta Asiyaya və Avropaya getməsindən narahatdır. Rusiyanın “İzvestiya” qəzeti xəbər verir ki, bu ölkənin dövlət qurumları Azərbaycan və Qazaxıstan ərazisindən tranzit kimi istifadə olunaraq türkiyəli sahibkarlara məxsus meyvə-tərəvəzin ölkəyə gətirilməsinə daha ciddi nəzarət edəcək.

Rusiyanın İctimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçyov bununla bağlı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyova, Federal gömrük xidmətinin sədri Andrey Belyaninova və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya müraciət edib.(APA).

Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırır. “Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur. Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır” deyə, P. Sıçyovun müraciətində qeyd edilir.

***
Aydindır ki, Türkiyədən son dərəcə qəzəbli olan Rusiyada indilikdə kimsə cəsarət edib hansısa türk məhsullarını ölkəyə keçirməsinə risk edə bilməz. Bu, birbaşa Putinin iradəsinə zidd addım sayılar, buna şərait yaradanlar ən ağır şəkildə cəzalana bilər. İnandırıcı deyil ki, türk iş adamlarının da Rusiyadan çıxarıldığı bir vaxtda hansısa biznesmen öz malını şimal ölkəsinə, həm də qaçaqmal yolu ilə keçirməkdə həvəsli olsun.

Bu səbəblərdən də Rusiya rəsmisinin bu mövqeyi əslində narazılığı əsl mahiyyəti gizlətməyə hesablanıb. Rusiya istəyir ki, Türkiyənin hər tərəfdən “boğulmasını” təmin etsin və bu sırada nə qədər əcaib səslənsə də, Bakını da görmək istəyir. Bu mümkünsüz olsa da, Rusiya arzu edir ki, heç olmasa yüklərin Bakı vasitəsilə daşınmasının qarşısını alsın, Azərbaycanı bu davada tərəf olmasını loyallaşdırsın.

***
Orta Asiya respublikalarına Rusiyadan keçməklə gedən Türkiyəyə məxsus yük maşınları bir neçə gündür ki, Azərbaycandan keçməklə öz məhsullarını digər ölkələrə çatdırılar. Beynəlxalq Yükdaşımalar Birliyininin icraçı direktoru Fatih Şener bir neçə gün əvvəl Azərbaycan prezidentinə bu dəstəyə görə minnətdarlığını bu ifadələrlə bəyan edib: “Azərbaycan əlacsız vəziyyətdə qalmış yük maşınlarımıza sahib çıxdı”.

O bildirib ki, Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayan bu dəhlizin həmişə işləməsini arzu edirlər.

Rusiya mənbələrinin yazdığına görə, 1 konteynerin Rusiyadan keçməsi təxminən 10 min dollara başa gəlir və 10 sutkaya qədər çəkir. Amma dəniz yolu ilə yüklər 20-30 günə gedir və üstəlik indi daha ucuz...

Rəsmi Bakı Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb. Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib. Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edir.

***
Türkiyəli iş adamlarının öz yükdaşımalarını daha çox Azərbaycan ərazisi vasitəsilə daşıması ölkəmiz üçün həm də əlavə gəlir deməkdir. Ona görə də Azərbaycan yükdaşımaların həcminin artmasında birmənalı şəkildə maraqlıdır. Prezident bu məqsədlə oktyabrın 21-də Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Koordinasiya Şurasına nəqliyyat nazirinin müavini Musa Pənahov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev də daxildir.

Əslində, yükdaşımalar Azərbaycan üçün qeyri-neft sektorunun inkişafında əsas istiqamətdir. Nəzərə alaq ki, Ələtdə xüsusi port yaradılır və Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə verildikdən sonra yükdaşımaların artması Azərbaycan üçün qeyri-neft sektorunda əsas prioritet istiqamətlərdən biri olacaq. Bu isə dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına imkan verəcək. Yeri gəlmişkən, prezident İlham Əliyevin Çinə səfərində əsas məqsədlərdən biri gələn il istifadəyə veriləvək Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə yaxınlarda istifadəyə Çin mallarının Azərbaycan üzərindən Avropaya daşınmasıdır.

Rusiya Xəzərdən Suriyanı raketlə vurması, dəniz hövzəsində təlimlərin ard-arasının kəsilməməsi Kremlin xəzəryanı ölkələrə hədəsi kimi də başa düşülür. Rusiya indi çox aqressivdir və hər tərəfə “od püskürür”, digər dövlətlərin maraqlarını sanki qəbullana bilmir. Azərbaycan Gürcüstanın iqtisadi sanksiyalara məruz qalanda da, Türkiyə məsələsində də müstəqil dövlət maraqlarından çıxış edir. Bu isə Rusiyanı qəzəbləndir və son bəyanat bunu bir daha göstərir...

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.