Prezidentlərin mümkün görüşü, yaxud lokal müharibə - TƏHLİL

15-12-2015, 14:41           
Prezidentlərin mümkün görüşü, yaxud lokal müharibə - TƏHLİL
Ötən həftə Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da görüşəcəkləri haqda məlumat yayılmışdı. Məlumatı yayan Ermənistanın “Jamanak” qəzeti yazırdı ki, prezidentlər İsveçrədə görüşə bilərlər. Bundan öncə də eyni adlı qəzet Prezident İlham Əliyevlə Serj Sarkisyanın dekabrın 1-də Parisdə görüşəcəklərini yazmışdı. Lakin məlumat təsdiqini tapmadı. Görüşün dekabrın 19-da ola biləcəyi haqda məlumat da qeyri-rəsmidir və mümkündür ki, görüş olmasın.

Amma ATƏT-in Minsk qrupu 2015-ci ilin sonuna kimi prezidentlərin görüşməsi üçün əllərindən gələni edirlər. Bu cür məlumatların ortaya çıxmasının səbəblərindən biri də məhz həmsədrlərin, konkret desək, amerikalı həmsədr Ceyms Uorlikin “prezidentlərin dekabr ayında görüşəcəyinə ümid edirik” açıqlaması idi.

O da məlumdur ki, prezidentlərin görüşü ilə Dağlıq Qarabağ münaqişəsində hər hansı irəliləyişə nail olunacağına ümidlər azdır. Buna rəğmən, həmsədrlərin görüşün baş tutmasını israrla istəməsinin arxasında iki mühüm səbəb var.

1) 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın heç bir təması olmayıb. Münaqişənin həlli ilə bağlı da konkret irəliləyiş əldə edilməyib. Əksinə, cəbhədə erməni tərəfinin təxribatları nəticəsində gərginlik artıb və regionda maraqlara sahib olan beynəlxalq güclər bundan narahatdır. Bütün baş verənlərin fonunda Minsk qrupunun fəaliyyətini “sıfır” olaraq qeyd etmək olar. Və tərəflər arasında heç bir təmas qurulmamasının əsas günahını da münaqişənin həllindən məsul olan həmsədrlər daşıyır. Bu baxımdan belə görünür ki, Minsk qrupu ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etməklə 2015-ci ildə fəaliyyətləri haqda dolğun fikir yaratmaq istəyirlər. Yəni bu, bir növ hesabata hesablanmış addımdır. Münaqişədə heç bir irəliləyiş olmasa da, həmsədrlərin məqsədi öz üzərilərinə düşən işi həyata keçirdikləri görüntüsünü formalaşdırmaqdır.

2) Görüşün Avropada baş tutacağına dair fikirlər, xüsusilə, bu təklifin amerikalı həmsədr tərəfindən irəli sürülməsi münaqişədə təşəbbüsün ələ alınması uğrunda gedən mübarizədən xəbər verir. Çünki noyabrın 9-da İrəvana səfər edən Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvana səfərindən sonra Moskvanın Ermənistanı bir neçə rayonu qaytarmağa məcbur edəcəyinə dair fikirlər ortaya çıxdı. İddialara görə, Rusiya işğal olunmuş ərazilərin bir hissəsini Azərbaycana qaytarır, əvəzində regionda Bakının dəstəyini almaqla öz gücünü möhkəmləndirir. Digər tərəfdən, iqtisadi çətinlik yaşayan Ermənistan az da olsa nəfəs alır. Çünki məsələnin siyasi tərəfi Cənubi Qafqazın təsir dairəsində saxlamaqdırsa, iqtisadi tərəfi çətin dövr yaşayan Rusiyanın Ermənistanı daha “yedizdirmək” istəməməsidir.

Bu, Qərbə sərf etmir. Çünki Vaşinqton yaxşı anlayır ki, Rusiyanın münaqişənin həllində təşəbbüsü ələ alaraq irəliləyişə nail olması dolayısı ilə Bakının rəğbətini qazanmasına, daha sonra bölgədə güc balansını xeyrinə dəyişməsinə gətirib çıxara bilər. Prezidentlərin məhz Avropada görüşünün təşkili də təşəbbüsü Moskvadan almağa hesablanmışdı. Lakin Suriyada Türkiyə və Rusiyanın üz-üzə gəlməsi ilə bütün kartlar qarışdı və hazırda yaranmış vəziyyət ABŞ-ın Qarabağ münaqişəsində Rusiyanın irəli keçməməsinə hesablanmış siyasəti üçün göydəndüşmə oldu. Hətta ehtimallar arasında Ankara-Moskva qarşıdurmasının hədəflərindən birinin məhz Qarabağda Rusiyanın təşəbbüsü ələ alması da var. Təbii ki, söhbət təkcə bu məsələdən deyil, Qərbin çoxvektorlu hədəflərindən gedir.

Ankara-Moskva qarşıdurmasından sonra hər şey kökündən dəyişdi. Buna qədər prezidentlərin görüşünü münaqişədə təşəbbüs mübarizəsinə hesablandığını demək mümkün idisə, bundan sonra, daha çox həmsədrlərin “dolğun hesabat hazırlamaq” istəklərinə bağlıdır.

Hadisələrin inkişafı gözləntiləri alt-üst etdi

Rusiya-Türkiyə savaşı başlamamışdan öncə görüşün baş tutması haqda fərqli proqnozlar var idi.

Birincisi, Rusiya münaqişənin həlli ilə bağlı ciddi təkliflər irəli sürürdürsə, Qərb də geri qalmamaq üçün mütləq nəsə etməli idi və bu münaqişənin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquqa söykənən həllini reallaşdırırdı.

İkincisi, ola bilsin ki, Qərb fərqli oyun oynayacaq, Rusiyanın arxasından çəkildiyi Ermənistanı yanına çəkmək üçün onun işğal siyasətini dəstəkləyəcəkdi.

Lakin hər şeyə rəğmən, həmin dövrə qədər Bakının əli daha güclü idi. Görüşdə Azərbaycan qəti şəkildə ərazi bütövlüyünün bərpasını tələb edə, Qərbdən beynəlxalq hüquqa əməl etmələrini istəyə bilərdi. Ermənistan o zaman daha çətin duruma düşəcəkdi. Bütün hallarda Qərb etibarlı tərəfdaş və strateji əhəmiyyətə malik Azərbaycanı itirmək bahasına, Rusiyanın qucağında olan perspektivsiz Ermənistana niyə stavka etsin?! İndiyə qədər bir çox prosesə təsir edən erməni lobbisinin mövqeyinin qəbul ediləcəyi ehtimalı da azdır. Xüsusilə Yaxın Şərqdə döyüşlərin getdiyi, dünya nizamının dağıldığı bir vaxtda kiçik və yoxsul Ermənistana kapital yatırmaq heç kimin marağında deyil.

Digər tərəfdən, Qərb-Rusiya yarışması da Azərbaycanın manevr imkanlarını artırırdı. Bakını qazanmaq istəyən Moskvanın ərazilərin geri qaytarılması üçün göstərdiyi təşəbbüslərə qarşı, Qərb daha böyük təşəbbüs irəli sürə, yaxud əksinə ola bilərdi. Nəticə yenə də bizim xeyrimizə idi.

Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə gözləntilər və hadisələrin inkişaf trayektoriyası təkcə dəyişmədi, bütövlükdə yerindən oynadı.

İndi Azərbaycanın qardaşı olan Türkiyə ilə strateji müttəfiqlik səviyyəsində əməkdaşlıq etdiyi Rusiya arasında “soyuq müharibə” gedir. Bu müharibədə hələlik qazanan Ermənistandır. Moskva Türkiyəyə qarşı İrəvan kartını da işə salıb və bu ölkədəki hərbi gücünü artır. Belə ki, Gümrüdə Rusiyaya məxsus 102-ci hərbi bazada canlı qüvvə və texnika artırılıb. İrəvan yaxınlığındakı “Eribunu” hava bazasına 14 hərbi helikopter göndərilib. İlin sonuna kimi helikopterlərin yeni partiyası da gələcək.

Bunun fonunda prezidentlərin görüşündən gözləntilər o qədər də böyük deyil.

- Düşmən hesab etdiyi Türkiyəyə qarşı Rusiyanı tamamilə arxasına alan Sarkisyan Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyini daha da gücləndirəcək.

- Hətta Qərbin özü belə buna görə ona təzyiq edə bilməyəcək. Çünki kiçik təzyiqdə Sarkisyan danışıqlarla bağlı bütün təmasları kəsə bilər.

- Münaqişənin həlli üçün aparılan danışıqlar tamamilə sıfırlana bilər.

- Türkiyəyə qarşı sanksiyalarda ona yardım edən Azərbaycandan qisas almaq üçün Ermənistan cəbhədə gərginliyi daha da artıra bilər.

Bu baxımdan, ümumiyyətlə, görüşün ola biləcəyi sual altındadır. Proseslərin inkişafını yaxşı anlayan Bakı “görüş xatirinə görüşməyin”, yaxud həmsədrlərin “hesabatı” üçün bir araya gəlməyin mənasız olduğunu bilir. Güman ki, 2015-ci il Qarabağ danışıqları üçün itirilmiş il olaraq tarixə keçəcək. Hətta görüş olacaqsa belə, bunun nəyisə dəyişməyəcəyi ortadadır.

Əksinə, baş verənlər müharibə ehtimalını artırır. Azərbaycan onsuz da ərazi bütövlüyünün bərpası üçün müharibə variantını həmişə gündəmdə saxlayır. Lakin hazırkı mərhələdə yeni müharibəni Azərbaycan deyil, Ermənistan başlaya bilər. Bu da daha çox lokal qarşıdurmalarla müşahidə oluna bilər. Çünki İrəvana kifayət qədər hərbi dəstək göstərən Rusiya ondan bunun qarşılığını istəyəcək. Azərbaycana qarşı ermənilərin lokal hücumu ilə Rusiya həm Türkiyəyə mesaj verə, həmçinin Qərbə regionda hakimin kim olduğunu göstərə bilər.(publika.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.