Rəsul Quliyev Elçibəylə görüşündən DANIŞDI: - "Söhbətimiz onun silahdaşlarının nadürüst çıxmasından olmuşdu”

16-12-2015, 12:53           
Rəsul Quliyev Elçibəylə görüşündən DANIŞDI: - "Söhbətimiz onun silahdaşlarının nadürüst çıxmasından olmuşdu”
Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev mühacirətə gedəndən sonra müxalifət liderləri xaricə səfər edərkən onlarla bir sıra görüşlər keçirirdi. Əvvəllər intensiv xarakter alan belə görüşlərə sonralar son qoyuldu.
Siyasi çevrələrdə belə iddialar səslənir ki, məhz Rəsul Quliyev bəzi müxalifət birliklərinin dağılmasına səbəb oldu.

Qeyd edək ki, Rəsul Quliyev 2013-cü ildə prezident seçkiləri ərəfəsində yaradılan Milli Şuraya da üzv oldu. Lakin o, seçkilərdən sonra bu təşkilatdan çıxdı.

Rəsul Quliyev isə deyir ki, o, müxalifətin hər hansı birliyinin dağılmasına heç vaxt səbəb olmayıb. Eks-spiker Modern.az saytına açıqlamasında bu barədə danışıb.

“Həqiqətən belə düşünənlər varsa, onlar ifrat primitiv ağıla mənsub olan şəxslərdir. Azərbaycanda ucuz detektiv janr ilə yazan çoxsaylı “politoloqlar”, “analitiklər” peyda olublar, onların qələmindən istənilən bu tipli yazıların çıxması məndə heç bir təəccüb doğurmur”,-deyə o qeyd edib.

Rəsul Quliyev bir vaxtlar müxalifət liderləri ilə baş tutan görüşlərindən də söz açıb:

“Mən 1998-ci ildən bir çox müxalifət liderləri ilə həm ABŞ, həm də Avropada dəfələrlə görüşmüşəm. Məqsədim onları parçalamaq yox, birləşdirmək olub. Ancaq təəssüf ki, bu işi axıra qədər görmək heç vaxt mümkün olmayıb. Çünki Azərbaycan müxalifətinin xəmiri əvvəlcədən, yəni 1988-ci ildən mayasız yoğrulub.

Bu günün özündə də liderlərin 90 faizi həmin 90-cı illərin xəmirindən yoğrulmuşlar olduğu üçün, onlardan insanların yeyə biləcəyi heç bir şey bişirmək mümkün deyil.

1988-ci ildə hələ formalaşmamış müxalifət bir-birinə nifrət edən müxtəlif quruplara bölünmüşdü. Bu proses 1992-ci ildə müxalifət hakimiyyətə gələnə qədər də və həmin bir illik hakimiyyətləri dövründə də davam etdi. Bir-birinə nifrət etmək bu günədək sürür. Mən 1988-ci ildən Nemət Pənahlı ilə tanış idim və mitinqlərlə əlaqədar onunla əlaqə saxlayırdım. 1990-cı ildən Əbülfəz Elçibəy, Etibar Məmmədovla çox yaxın münasibətlərim var idi və hər bir məsələni detalları ilə müzakirə edirdik”.

Azərbaycan parlamentinin sabiq sədri onu da əlavə edib ki, sonradan keçmiş müdafiə naziri Rəhim Qazıyev və başqaları ilə də kifayət qədər səmimi əlaqələri olub. O, mərhum eks-prezident Əblüfəz Elçibəylə Vaşinqtonda olan görüşündən də danışıb:

“Həmçinin tələbə partalarından yeni ayrılmış və 10 illərlə institutlarda kiçik elmi işçilər olmuş sıfır təcrübəli, sıfıra yaxın intellektli, ancaq yaxşı şüar deyən, ağlasığmaz ambisiyalı və qəribə görünsə də, ölkənin ən yüksək postlarını tutanlarla da tanış ola bildim. Onların potensiallarını bilirdim. Bu insanları dediklərindən fərqli olaraq nə demokratiya, nə ölkənin inkişafı, nə də işğal olmuş torpaqları azad etmək maraqlandırırdı. Bu maraqlar ancaq boğazdan yuxarı sözlər və şüarlarla qurtarırdı. Bu insanları maraqlandıran yeganə məsələ birdən, təsadüfən, gözlənilmədən bu hökumət yıxılarsa “necə birinci hakimiyyəti ələ keçirə bilərəm” idi.

Əbülfəz Elçibəy vəfat etməzdən öncə Vaşinqtona gəlmişdi. Biz oteldə görüşüb onun otağında saat yarıma yaxın söhbət etdik. Söhbətin 70 faizi onun keçmiş əməkdaşlarının necə nadürüst çıxmasından, heç birinin xalqın naminə öz ambisiyalarından keçə bilməməsindən oldu. Mənim “onları bir yerə toplamağa cəhd etmisinizmi” sualıma o, böyük ürək ağrısı ilə cavab verdi. Rəhmətlik Elçibəy dəfələrlə cəhd etdiyini, ancaq heç bir nəticə vermədiyini söylədi. Sözsüz Əbülfəz bəyin söylədiyi mənim üçün yeni deyildi. Onlar birləşə bilsəydilər, mənə təəccüblü gələrdi. Ona görə də birinci yaranmış SİDSUH-dan tutmuş axırıncı Milli Şuraya qədər mən bu birliklərin formalaşmasında aktiv iştirak etmişəm. Bu birliyin genişlənməsi və möhkəmlənməsi üçün əlimdən gələni etmişəm. Ancaq bu insanlarla effektli birlik yaratmaq mümkün deyil. Çünki şəxsi maraqları fərdidir və xalqın maraqları ilə üst-üstə düşmür. Müəyyən bir qurum o vaxt effektli işləyə bilər ki, məsələn, 10 üzvün hamısının məqsədi eyni olsun. Əgər 10 üzvün hər birinin məqsədi fərqlidirsə, arada səmimilik ola bilməz. Son yaranmış Milli Şura və onun bəzi üzvlərinin özlərini aparması bu qurumun dağılması və ya karikatura şəkilində işini davam etdirməsidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.