Rus-Türk gərginliyində İlham Əliyevin qrossmeyster gedişi - TƏHLİL
16-12-2015, 13:10
Rusiyanın Türkiyəni məlum səbəbdən özünə növbəti düşmən elan etməsindən və bu ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə start verməsindən sonra Azərbaycanın mürəkkəb vəziyyətlə qarşılaşması barədə müxtəlif fərziyyələr irəli sürülməyə başladı.
Azərbaycanın Türkiyə-Rusiya düşmənçiliyindən zərər görəcəyini, Moskva ilə Ankara arasında seçim etməli olacağının və bu seçimin hər iki halda Bakının mövqeyinə ziyan verəcəyi ehtimal olunurdu. Məhz bu səbəbdən, bir sıra təhlilçilər çıxış yolu kimi Azərbaycanın Rusiya ilə Türkiyə arasında sülhməramlılıq missiyasını üzərinə görürməli olması barədə təkliflər irəli sürürdü. Çünki Türkiyənin tərəfini tutacağı halda Azərbaycanın Rusiyadan zərbə alacağı, Rusiyanı dəstəkləyəcəyi halda isə Türkiyə ilə strateji tərəfdaşlığına kölgə düşəcəyi ehtimal olunurdu.
Lakin buna baxmayaraq, Azərbaycan Türkiyə ilə nəinki strateji tərəfdaşlığını saxladı, hətta iqtisadi əməkdaşlığını daha da genişləndirdi. Türkiyədən Orta Asiyaya gedən yük maşınlarının öz ərazisindən keçməsinə şərait yaratdı.
Maraqlıdır ki, gözlənilənlərin əksinə olaraq, Rusiya Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsinə hansısa şəkildə təzyiq göstərmədi. Hətta Rusiya telekanallarında başlanılan anti-türk təbliğatında Azərbaycan faktorunun üzərindən ehtiyatla keçilir, Bakının türkyönümlü mövqeyi müzakirə belə olunmur. Ermənistandan belə, Azərbaycan əleyhinə deyil, Türkiyə əleyhinə istifadə olunması barədə danışılırdı.
Güman ki, Moskvanın Azərbaycanın fəaliyyətilə bağlı susqunluğu Çinin mövqeyilə əlaqədardır. Çünki, Türkiyə mallarının Orta Asiyaya Azərbaycan vasitəsilə daşınması Şərqlə Qərbi birləşdirəcək Böyük İpək Yolunun təbii şəkildə axara düşməsinə səbəb oldu. Bunun ardınca prezident İlham Əliyev Çinə yollandı və Pekini İpək Yolunu məhz Qafqazdan salmağa inandırdı. Cənubi Qafqazda Azərbaycanın hesabına lazımi nəqliyyat infrastrukturunun qurulması və yolun qısalığı Çin üçün bu marşrutu əlverişli edir. Üstəgəl, qeyd olunan marşrut Çin mallarının əsas alıcıları olan avropalıları və əsas vasitəçi hesab edilən Türkiyəni qane etməsi də Pekinin qərarına təsirsiz ötüşmədi.
Təbii ki, Pekin üçün öz ticari dəhlizinin təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Yeni ticari dəhlizin normal fəaliyyət göstərməsi birbaşa Çinin milli maraqlarına təsir etdiyinə görə Pekinin bu mənada Moskvaya təsir göstərməsi mümkündür.
Qərblə münasibətləri pozulan və bu səbəbdən iqtisadi sanksiyalarla üzləşmiş, üstəgəl, neftin qiymətinin düşməsi ilə zəifləmiş Rusiya üçün Çinlə münasibətlərin pisləşməsi öldürücü zərbə ola bilər. Hətta Çinin Rusiya ilə sərhəddə hərbi qüvvələrinin sayını günü gündən artırması və bu yolla Moskvaya təzyiq göstərməsi barədə məlumatlar da yayılıb.
Yaranmış vəziyyətdən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin öz xeyrinə həlli məqsədilə istifadə etməsi də mümkündür. Məlum olduğu kimi, prezident İlham Əliyevin Çinə səfəri zamanı, bu ölkənin siyasi rəhbərliyində təmsil olunan şəxslərin demək olar ki, hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin məhz bu prinsip əsasında həllinin düzgün olduğunu bildirdilər.
Təbii ki, Çin Azərbaycanın yerinə işğal olunmuş əraziləri Ermənistandan alası deyil. Bununla belə, Çinin Rusiyaya qarşı təsir imkanlarının olması Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsinə imkanlar açır. Yəni, Azərbaycanın öz ərazilərinin azad olunması uğrunda hərbi əməliyyatlara başlayacağı təqdirdə Çin Rusiyanın proseslərə müdaxiləsinin qarşısını ala bilər. Pekin bu addımı Moskvaya onunla izah edə bilər ki, status-kvonun davam etməsi Qafqazdan keçəcək İpək Yolunun təhlükəsizliyinə zərər vurur.
Hətta o da istisna deyil ki, son vaxtlar cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı ard-arda dağıdıcı zərbələrin endirilməsi Pekinin müvafiq zəmanəti ilə bağlı ola bilər. Ermənistanda ictimai narazılıqların baş qaldırdığı bir dövrdə cəbhədə də itkilərin sayının artması hakimiyyətin mövqeyini kifayət qədər zəiflədir. Üstəgəl, Ermənistanın yaranmış vəziyyətdə Rusiyanın neytrallaşdırıldığını hiss etməsi dekabr danışıqlarında Sarkisyanın mövqeyinin belə dəyişməsinə səbəb ola bilər. Yerevan artıq anlamalıdır ki, Azərbaycan öz ərazilərini hərbi yolla azad etmək üçün beynəlxalq dəstəyi əldə edib və prosesin uzanması elə ermənilərin özlərinin ziyanına işləyir.
Çinin Azərbaycanın torpaqlarının azad edilməsində maraqlı olması ilk növbədə iqtisadi faydaları ilə bağlı ola bilər. Belə ki, İpək Yolunun fəaliyyət göstərəcəyi dəhlizdə donmuş münaqişənin mövcudluğu daşınmalara təhlükə yarada bilər. Digər tərəfdən, Qarabağ münaqişəsinin həllinə Çinin köməklik göstərməsi Sinsizyan-Uyğur məsələsində Türkiyənin mövqeyini yumşaltması müqabilində baş tuta bilər. Çində uyğur probleminin mövcudluğu Ankaraya Pekinə təsir etmək üçün əlavə rıçaq verir. Odur ki, Azərbaycanın vasitəçiliyilə Dağlıq Qarabağ məsələsində dəstək göstərilməsinin müqabilində Türkiyə ilə Çin arasında uyğur məsələsində razılıq əldə oluna bilər.
Tofiq Əsgərov
AzVision.az