ATƏT/DTİHB-in macəraları ABŞ və ATƏT MQ-nın Qarabağ məsələsinə təhtəlşüurunu aşkarladı
18-12-2015, 12:31
Azərbaycana 400 müşahidəçi göndərmək istəyən ATƏT/DTİHB Ermənistana 4 müşahidəçi göndərdi. Ermənistanda prezident üsuli-idarəsi parlament üsuli-idarəsi ilə əvəzləndi. Bu, konstitusiya islahatları vasitəsilə reallaşdı. Konstitusiya islahatlarına təsdiq almaq üçün referendum keçirildi.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Ermənistan müstəqil olandan üzü bəri iki dəfə konstitusiya islahatı keçirib: "Amma bu dövr ərzində Ermənistan 5 dəfə parlament seçkisinə gedib. Ola bilər, bundan sonra da Ermənistan bəlkə 10 dəfə parlament seçkisi keçirsin, amma konstitusiya islahatı üzrə referendum keçirməsin. Başqa sözlə, konstitusiya islahatları üzrə referendum parlament və ya prezident seçkilərindən qat-qat əhəmiyyətli siyasi hadisədir. ATƏT/DTİHB Ermənistandakı konstitusiya islahatları üzrə referendumun monitorinqini aparmaq üçün 4 müşahidəçi göndərdi".
Politoloq deyib ki, ATƏT/DTİHB-in Ermənistandakı konstitusiya islahatları ilə bağlı referendumun monitorinqində diqqət çəkən əlavə iki parametr də var: "ATƏT/DTİHB müşahidəçiləri referendumun təbliğat-təşviqat kampaniyası dövrünü izləmədi. Hətta bu işi yerli təşkilatlardan da heç kimə həvalə etmədilər. İkinci parametr ATƏT/DTİHB-in konstitusiya islahatları ilə bağlı yekun rəyinin bu günə qədər acıqlanmamasıdır. ATƏT/DTİHB-in praktikasına görə, səs vermənin səhəri günü ilkin rəy açıqlanır, sonrakı iki ay ərzində isə yekun rəyi təqdim edirlər. Konstitusiya islahatları referendumundan iki həftədən çox vaxt keçməsinə baxmayaraq hələ ilkin rəy açıqlanmayıb".
M.Əhmədoğlu qeyd edib ki, ATƏT/DTİHB-in Ermənistana münasibətinin siyasi tarixi var: "Heç vaxt bu qurum Ermənistandakı seçkilərin obyektiv monitorinqini aparmayıb. Bəlkə də aparılmasına imkan verilməyib. 2013-cü il fevral ayında keçirilən prezident seçkiləri zamanı ATƏT/DTİHB-in ilkin və yekun rəy hazırlaması prosesinə ABŞ-ın Ermənistanda o zamankı səfiri C.Heffern müdaxilə etdi. Nəticədə, bu günə qədər ATƏT/DTİHB-in Ermənistandakı prezident seçkiləri ilə bağlı yekun rəyi yoxdur. Bir şey bəllidir ki, ATƏT/DTİHB Ermənistanda yeni Seçki Məcəlləsinin yaradılmasını tələb edir. Ermənistanda seçki siyahılarının internetdə yerləşdirilməsi qadağandır. Çünki bu Ermənistanın təhlükəsizliyinə xələl gətirə bilər. Ermənistanda seçki məntəqəsinə foto-video çəkilş aparan qurğu ilə daxil olmaq, veb-kameralar quraşdırmaq qadağandır. Demokratiyanın müəllimi olan Qərb bununla razılaşır. Amma seçicilərin sayının əhalinin sayından çox olması ATƏT/DTİHB-i və ya Qərbdəkiləri zərrə qədər maraqlandırmır, bu isə faktdır".
Mərkəz rəhbəri bildirib ki, Azərbaycanda seçici siyahılarının internetdə yerləşdirilməsinin, seçki məntəqələrində veb-kameraların quraşdırılmasının 15 yaşı var: "Qərbin demokratik hesab etdiyi Ermənistanda 200 minə yaxın seçici İD kartla səs verdi. Bu, karusel mexanizmidir. Qərb bunlara da diqqət yetirmir. ATƏT/DTİHB-in Ermənistana münasibətinin təkcə siyasi deyil, həm də geosiyasi tarixi var. Ermənistandakı konstitusiya islahatlarından 40 gün qabaq Azərbaycanda parlament seçkiləri keçirildi. ATƏT/DTİHB bu seçkiləri müşahidə etməkdən imtina etdi: “Ya 400 müşahidəçi gəlməlidir, ya da heç kim gəlməyəcək”. Eləcə də, ATƏT/DTİHB həm uzun müddətli, həm də qısa müddətli müşahidəçilik üçün Azərbaycandan xüsusi şərtlər tələb etdi. ABŞ ATƏT/DTİHB-in Azərbaycana qarşı əsassız tələblərinə müdaxilə etmədi. Eləcə də, ABŞ ATƏT/DTİHB-in Ermənistana monitorinq missiyası tarixində ən az saylı qrup göndərməsinə də reaksiya vermədi. Beləliklə, Qərb tərəfindən Ermənistanın timsalında Cənubi Qafqaz regionunda eybəcər demokratiyanın daha bir nümunəsi yaradılır. Vaxtilə Qərb Gürcüstanda da demokratiyanı sevinə-sevinə yaratmışdı".
M.Əhmədoğlu deyib ki, yaxşı ki, belə Qərbin gözünə Azərbaycan tam antidemokratik görünür: "Avropanın siyasi elitası dəyişilən kimi regionda real demokratiyaya Azərbaycanın, yoxsa digər dövlətlərin yaxın olduğu üzə çıxacaqdır. ATƏT/DTİHB-lə bağlı digər məqam daha çox diqqət çəkir. Dağlıq Qarabağ tənzimləməsinin kuratoru da ATƏT-dir. ATƏT/DTİHB-in Ermənistana və Azərbaycana münasibətləri də bəllidir. ABŞ-ın ATƏT-in, o cümlədən ATƏT/DTİHB-in kuratoru olduğu da məlumdur. ATƏT/DTİHB-in Azərbaycan və Ermənistandakı son səsvermə prosedurlarına münasibəti ATƏT-in, o cümlədən ABŞ-ın Dağlıq Qarabağ məsələsinə təhtəlşüurunun göstəricisidir".