"Problemli kreditlər artacaq, bir çox bank bağlanacaq" - İqtisadçı
21-12-2015, 13:46
“Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq”.
Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev manatın ikinci devalvasiyasından sonrakı vəziyyəti şərh edərkən deyib. O, qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatının azalması ikinci devalvasiya və üzən məzənnə siyasəti barədə qərarın qəbul edilməsinə səbəb olub: “Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdir. Valyutadəyimə məntəqələrində isə daha bahadır. Açıqlamalarımızda bunun baş verəcəyini, sadəcə zaman məsələsi olduğunu qeyd etmişdik. Hökumət üzən məzənnəyə keçid barədə danışanda artıq devalvasiyanın olacağına heç şübhə yeri qalmamışdı. Müzakirə zaman və forma barədə gedə bilərdi. Açıqlamalarda qeyd etmişdik ki, hökumət valyuta ehtiyatlarını qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi.
FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi. Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Bizdə də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da”.
Ekspert vurğulayıb ki, Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi: “Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı indi kəskin devalvasiyaya ehtiyac qalmazdı. Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək”.
S.Əliyev bildirib ki, bu, manatın ucuzlaşmasının son həddi deyil: “Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq. Hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq”.
Ekspertin fikrincə, əsas problem inflyasiya olacaq: “Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”.
Aznews.az