Hökumətin ant-böhran tədbirləri: - Yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir

21-12-2015, 21:37           
Hökumətin ant-böhran tədbirləri: - Yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir
Mərkəzi Bankın manatla bağlı verdiyi “üzən məzənnə” qərarı ciddi islahatların keçirilməsini zəruri edir. “Üzən məzənnə” rejiminə keçid o deməkdir ki, bundan sonra manatın məzənnəsini artıq Mərkəzi Bank deyil, bazar müəyyən edəcək. Bu, ölkədə qiymət artımı ilə müşahidə ediləcək.

Əslində, manatın növbəti devalvasiyası ilə ölkə iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə artıq əvvəlki iş, tənzimləmə, idarəetmə metodları, resursların bölüşdürülməsi ilə bağlı yanaşma özünü doğrultmur. Yeni vəziyyət, təbii olaraq, yeni yanaşmalar, dəyişikliklər, adaptasiya addımları tələb edir. Əgər böyük neft gəlirlərinin ölkəyə daxil olduğu vaxt hökumət üçün yaradıcı yanaşma yox, mövcud resursların bölüşdürülməsi, yönəldilməsi prioritet idisə, yeni mərhələdə əksinə - rasional yanaşma, dövlət xərclərinin optimallaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün əlavə səylər göstərilməsi aktual olacaq. Artıq qrup, korporativ maraqlardan çıxış edərək resursların idarəolunması, bölüşdürülməsi, monopolist qrupların dominantlığı praktikasının tətbiqi qeyri-mümkün işə çevriləcək.

Yeni iqtisadi və sosial reallıq daxili siyasətlə bağlı da adekvat addımların atılmasını şərtləndirməkdədir. Cəmiyyətin qənaət tədbirlərinə hazırlanması, iqtisadi islahatlar üçün münbit ictimai-siyasi mühitin formalaşdırılması, islahatlara ictimai etimadın təmin edilməsi üçün çevik, cəmiyyətlə işləməyi bacaran siyasi komanda formalaşdırılması çox vacibdir. Bu komanda daha çox “ideoloji qvardiya” rolunu oynamalıdir ki, qeyd olunan vəzifələrin öhdəsindən gələ, mümkün islahatlara ictimai dəstəyi təmin edə bilsin. Vurğulayaq ki, istənilən hakimiyyət mühafizəkardır və yaxud sonunda mühafizəkar yanaşmanı tətbiq edir. Bu, hakimiyyətlərin təbiətindən və məsuliyyətindən irəli gəlir. İstənilən hakimiyyət, xüsusən islahatlara başlamaq istəyən iqtidarlar üçün ilk vəzifə sabitliyin qorunması, proseslərin nəzarətdən çıxmamasıdır.
Bu baxımdan, Azərbaycan hakimiyyətinin islahatlara yanaşması və cəmiyyətin gözləntiləri hansısa məqamalarda üst-üstə düşməyə də bilər. Lakin cəmiyyətin tezliklə repressiv tədbirlər görülməsi istəyi ilə, mümkün riskləri sığortalamaqla tədricən dəyişikliklər yolu seçilməsi yanaşması fərqlənsə də, sabitliyin qorunmasının vacibliyi məsələsində mövqelər üst-üstə düşür.

Vətəndaşlar üçün hakimiyyəti islahatlara təşviq etmək yanaşması sabitlik prioritetindən doğan əsas davranış formasına çevrilib. Cəmiyyət proletar tələblər irəli sürmür – o, hakimiyyətin getməsini deyil, daha səmərli işləməsini tələb edir.

Obrazlı ifadə etsək, insanların əksəriyyəti sosial tolerantlıq nümayiş etdirir. Bolşevik düşüncənin alternativi olaraq sosial tolerantlıq yanaşması sistem daxilində sonradan sistemin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq islahatlar aparılmasını dəstəkləməyə hazırdır. Odur ki, islahatları sürətləndirmək zamanı çatıb. Gömrük sistemində liberallaşma və monopoliyanın götürülməsi cəmiyyətin əsas gözləntilərindəndir.
Gömrük sistemi ilə bağlı mümkün dəyişikliklərlə bağlı anons və xəbərlərə cəmiyyətin hədsiz marağı və həssaslığı bunu sübut edən ən yaxşı dəlillərdəndir.

Son zamanlar baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən sahələrdə dəyişikliklər qaçılmazdır.
İqtisadçılar gələn ilin ortalarına doğru ölkədə manatın üçüncü devalvasiyasını proqnozlaşdırırlar. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzuedilən gəlir gətirməyəcəyi də gözləniləndir.

Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək.
İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və bu islahatlara cavabdehlik “neft iyinə bulaşmamış” kadrlara həvalə edilməlidir.

İslahatların aparılması qaçılmazdır. Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutula bilər. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir.

Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə veriləcəyi də islahatlar zərfinə daxil edilə bilər. Bütün bu prosesləri sürətləndirmək və anti-böhran tədbirlərini həyata keçirmək son dərəcə zəruridir. Əks təqdirdə, ölkədə sosial kataklizmlər də gözlənilə bilər. Hökumətin ant-böhran tədbirlərinin nədən ibarəət olacağını indidən proqnozlaşdırmaq çətindir. Lakin islahatların yeni dalğasını gözləmək lazım gəlir. Liberal iqtisadiyyatın əsasını məhz belə yanaşma tələb edir.

Avropa.info-nun ekspert qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.