Türkiyəni Rusiya qarşısına çıxaran qüvvələr indi onu müdafiə etmir - TƏHLİL

22-12-2015, 14:01           
Türkiyəni Rusiya qarşısına çıxaran qüvvələr indi onu müdafiə etmir - TƏHLİL
Noybarın 24-də Rusiyaya məxsus Su-24 bombardımançı təyyarəsi Suriya-Türkiyə sərhəddində Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən vuruldu.

Nəticədə rusiyalı pilotlardan biri həlak oldu, digəri isə suriyalı türkmənlərin nəzarəti altında olan ərazidən xüsusi əməliyyatla sağ qurtuldu.

İlk baxışda adi görünən insident arxasınca böyük geosiyasi problemlər doğurdu. Belə ki, NATO üzvü Türkiyənin Rusiya təyyarəsini vurması 2 hərbi güc arasındakı münasibətləri kəskin şəkildə gərginləşdirdi.

Rəsmi Moskva prezident Putinin dili ilə təyyarənin vurulmasını “xain zərbə” adlandırdı və Türkiyənin İŞİD-i müdafiə etdyini bildirdi.

Ankara isə öz hava sərhədlərini pozan təyyarəni məhv etdyini bildirdi. Sonradan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan münasibətlərin daha da gərginləşməsini önləmək üçün çıxışını yumşaltdı və “təyyarənin Rusiya məxsus olduğunu öncədən bilsəydik, onu vurmazdıq” - deyə açıqlama verdi.

Lakin artıq olan olmuşdu və Sovet İttifaqının dağılmasından bəri ciddi krizis yaşamayan Rusiya-Türkiyə münasibətləri az qala döyüş fazasına keçdi.

Rusiya hökuməti 1 həftə ərzində sanksiya paketi hazırladı və türk mallarının ölkə gömrüyündən buraxılmasında çətinliklər yaratmağa başladı.

Digər tərəfdən, Ankara ilə viza rejimi bərpa edildi, türk vətəndaşlarının 2016-cı il 1 yanvardan Rusiya ərazisində işləməsi qadağan olundu və bu ölkədən kənd təsərrüfatı məhsulları, xüsusən meyvə-tərəvəz idxalı dayandırıldı.

Bütün məsələlələrə isti başla yanaşan Moskva uzun illərdən bəri az qala kərpic-kərpic qurulmuş münasibətləri bir addımla məhv etdi.

Putinin xüsusi etiraz etdiyi, əsəbləşdıyı məqam Ərdoğanın ondan üzr istəməməsi oldu. Ruslar Türkiyədən rəsmi üzr tələb etməklə öz imperiya reputasiyasına dəyən zərəri kompensasiya etmək istədilər. Lakin Ankaranın üzr istəməkdən imtinası və hadisəni yalnız xoşagəlməz insident kimi xarakterizə etməsi Kremli qıcıqlandırmaya bilməzdi.

Nəticədə tərəflər arasında kompromat müharibəsi başladı. Rusiya Müdafiə Nazirliyi Türkiyəni İŞİD-ə dəstək olamqda və ondan ucuz neft almaqda, Ankara isə Moskvanı İŞİD-i deyil, Suriya türkmənlərinin mövqeyini bombalamaqda ittiham etdi.

Gərginliyin dərinləşməsi iki ölkənin çoxmilyardlı ticarət dövriyyəsinə də təsirsiz ötüşmədi. 2030-cu ildə 100 milyard dollara çatdırılması planlaşdırılan ticarət dövriyyəsi yaxın illərdə nəinki 10 milyardı keçə bilər, əksinə, belə davam etsə, hər şey enən xətt üzrə cız çəkəcək.

Maraqlıdır ki, NATO-nun bu məsələdə rəsmi Ankaranı müdafiə etməsi gözlənilsə də, həmin dəstək bəyanatlardan o yana getmədi. İstər Avropa Birliyi, istərsə də ABŞ Türkiyənin öz hava sahəsini qorumaq haqqının olmasını desə də, Rusiya ilə bağlı sərt ifadələr işlətməkdən çəkindi.

Bütün bunlar isə Rusiya ilə konfrantasiyaya gedən Ankaranın Qərbdən lazımi dəstəyi almaması ilə nəticələndi.

Ola bilsin ki, Ərdoğan hökuməti təyyarəni vurmaqla səhv addım atdığını anlayıb. Lakin buna baxmayaraq, hadisədən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, Ankara yalnız Ərdoğanın Putinlə iki dəfə görüş cəhdi ilə kifayətlənib.

Putin isə son mətbuat konfransında Türkiyə rəhbərliyi haqda sərt ifadələr işlətməklə, Ərdoğanla münasibətlərinin qarşılıqlı rəqabətə çevrildiyini nümayiş etdirdi.

Ortaya çıxan düşündürücü daha bir məqam niyə məhz, indi Türkiyənin Rusiya qırıcısını vurmasıdır. Çünki bundan əvvəllər də Rusiya qırıcıları dəfələrlə Türkiyə hava məkanını pozmuşdu. Ona görə də, şübhə yoxdur ki, Türkiyə son addımını NATO sahibləri ilə razılaşdırıb, yaxud da NATO Türkiyəyə belə bir təlimat verib.

Bundan sonra isə NATO-nun Türkiyəni sözdə müdafiə etdiyi üzə çıxdı. Maraqlıdır, doğrudanmı, NATO Türkiyəni Rusiyanın ağzına atdı? Bölgədə Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi hansı maraqları zidd idi?

Bəlkə də, NATO-nun öz müttəfqinə sahib çıxmadığını hiss edən Putin Rusiyasının Suriyada “S-400” zenit-raket kompleksləri yerləşdirməsi də bu siyasətin davamıdır.

Türkiyənin şərq və mərkəzi bölgələrini nişan altında saxlayacaq kompleks türk aviasiyasının Suriya ərazisində uçuşunu da mümkünsüz edir.

Yaranmış situasiya nəzarətdən çıxacaq konfliktə çevrilməmiş NATO-nun Türkiyənin təhlükəsizlyini qoruması və onu müasir hava hücumundan müdafiə sistemləri ilə təmin etməsi rəsmi Brüsselin yeganə doğru addımı ola bilər.

Əks halda, Moskva-Ankara gərginliyi “İslam dövləti” ilə mübarizəni arxa plana keçirəcək qlobal konflikt üçün bir başlanğıc ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.