Bahalaşmadan xilas yolu: “ Neft ucuzlaşıbsa, benzin də ucuzlaşmalıdır”

22-12-2015, 22:45           
Bahalaşmadan xilas yolu: “ Neft ucuzlaşıbsa, benzin də ucuzlaşmalıdır”
Samir Əliyev: “Bir çox ölkələrdə benzin 2007-ci ildəki qiymətlər səviyyəsinə qədər ucuzlaşıb, bu, Azərbaycanda da baş verməlidir”

Manatın ucuzlaşmasından sonra bahalaşmanın gözlənildiyi sahələrdən biri də yanacağın qiyməti ilə bağlıdır. Sosial şəbəkələrdə gedən müzakirələrdə xaricdən alınan benzinin bahalaşması üçün zəmin yarandığı və bunun iqtisadiyyata daha böyük zərbə vuracağı qeyd edilir.

Lakin Tarif Şurası bu gün mətbuata açıqlama verərək, bildirdi ki, belə bir məsələ gündəmdə deyil və qiymətlər sabit olaraq qalır: “Bununla bağlı heç bir müraciət daxil olmayıb. Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”.

Qeyd edək ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 litrə görə 0,7 manat, “Premium Evro-95” markasının isə 0,95 manatdır.

Yanacağın bahalaşması haqda söhbətlərin yayıldığı bir məqamda musavat.com dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasını nəzərə alaraq, yanacağın qiymətinin ucuzlaşmasını gündəmə gətirir.

Xatırladaq ki, sonuncu dəfə benzinin qiyməti qaldırılarkən buna səbəb kimi, dünya bazarında neftin qiymətinin bahalaşması və aksiz dərəcələrinin artması əsas gətirilmişdi. Lakin hazırda bu iki səbəbdən heç biri gündəmdə deyil, neft dəfələrlə ucuzlaşıb, aksiz dərəcələri aşağı salınıb. Lakin nə ölkədə istehsal olunan yanacağın, nə də xaricdən idxal olunan benzinin ucuzlaşması gündəmə gətirilmir.

Musavat.com-a açıqlamasında bu məsələyə toxunan ekspert Samir Əliyev bildirdi ki, yanacağın ucuzlaşması üçün iqtisadi əsas var, lakin bu, hökumət üçün gündəmdə deyil: “Biz bununla bağlı birinci devalvasiyadan sonra da açıqlama vermişdik və yanaşmamız belə idi ki, Azərbaycanda yanacağın qiyməti aşağı düşməlidir. Səbəb isə odur ki, yanacağın qiymətinin artması dünya bazarında neftin bahalaşması səbəbindən baş vermişdi. Əsaslandırma da bu idi ki, dünya bazarında neftin qiyməti qalxıb, neft baha başa gəlir. Ona görə də, biz benzinin qiymətini qaldırırıq. Əgər benzinin bahalaşmasına səbəb bu idisə, o zaman dünya bazarında neft ucuzlaşdığı üçün benzinin qiyməti də ucuzlaşmalıdır. Ən azı ona görə ki, neftin ucuzlaşması dünya ölkələrində yanacağın da qiymətini ucuzlaşdırıb. Bir çox ölkələrdə benzinin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb və təxminən 2007-ci il səviyyəsinə qədər ucuzlaşıb. Bu baxımdan mən düşünürəm ki, benzinin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşməlidir”.

İqtisadçının sözlərinə görə, yanacağın ucuzlaşması üçün hazırda iki səbəb mövcuddur: “Birinci səbəb odur ki, dünya bazarında neft ucuzlaşıb. İkinci səbəb odur ki, aksiz vergiləri artırılmışdı və bu da yanacağın qiymətinin artmasına səbəb olmuşdu. Lakin sonradan aksiz vergilərinin faiz dərəcəsi aşağı endirildi və artımdan əvvəlki səviyyəyə qaytarıldı. Lakin bu zaman da biz benzinin ucuzlaşmasını müşahidə etmədik. Bir sözlə, büdcəyə getməli olan pul SOCAR-a getməyə başladı.

Ölkədə benzin və dizel yanacağı iki mənbə hesabına formalaşır. Daxili istehsalı SOCAR təmin edir, bu, “Aİ 92” və daha aşağı oktanlı yanacaqdır. “Premium 95” markalı benzin isə xaricdən gətirilir. Mən ehtimal edirəm ki, devalvasiyanı əsas gətirərək, “Premium 95” markalı benzini bahalaşdıra bilərlər. Çünki, idxal olunan məhsullar dollar və avro ilə alındığı üçün baha başa gəlir. Nəzərə alsaq ki, “Premium 95” markalı benzin xaricdən gətirilir, SOCAR bu benzini bahalaşdıra bilər. Çünki, manat 50 faiz ucuzlaşıb və xaricdən gətirildiyi üçün benzinin bahalaşması da istisna deyil.

Ancaq ümumi götürəndə, hökumət ölkədə qeyri-neft sektorunu inkişaf etdimək və devalvasiyanın təsirlərini minimallaşdırmaq istəyirsə, benzini ucuzlaşdırmalıdır. Bu da məhsulun maya dəyərinin azalmasına və bazarda bahalaşmanın qarşısının alınmasına, ən azından kəskin bahalaşmanın olmamasına xidmət edəcək”.

İqtisadçı ekspert hesab edir ki, hökumət benzinin ucuzlaşması məsələsinə yenidən qayıtmalıdır və nəinki bahalaşmasına, əksinə, ucuzlaşmasına çalışmalıdır: “Xarici ölkələrdə neftin qiyməti bahalaşanda yanacağın da qiyməti bahalaşdı, əksinə neft ucuzlaşanda yanacaq da ucuzlaşdı. Yəni, onların milli valyutalarında olduğu kimi qiymətlər bazarın tələbi ilə enib-qalxırdı. Ancaq Azərbaycan özü neft ixrac edir və biz özümüz benzin istehsal edirik. Yəni, Azərbaycanda benzinin qiyməti idxalçı ölkələrdə olduğundan fərqlənmirsə, onda bizim neft ölkəsi olmağımızın nə fərqi oldu?

SOCAR xaricə satdığı yanacağın qiymətini dövrü olaraq dəyişir, lazım gəldikdə ucuzlaşdırır. Ancaq Azərbaycanda heç bir dəyişiklik yoxdur. Ölkədə sonuncu dəfə benzinin qiyməti qalxanda dünya bazarında neftin qiyməti 60-70 dollar arasında idi. Bu gün isə ondan iki dəfə aşağıdır, ancaq benzinin qiyməti köhnə qaydada qalır. Bizim imkanımız var ki, neft ucuzlaşdığı üçün “Aİ 92” markalı benzinin qiymətini aşağı salaq. Hesab edirəm ki, hökumət bu haqda ciddi düşünməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.