Obamadan Putinə "Yeni İl" hədiyyəsi: Petrol-bumeranq - Selvar Torun şərhi
23-12-2015, 16:51
Maliyyə təhlükəsizliyi üzrə ekspert Selvar Tor 2016-cı ilin Rusiya üçün tam iflas ili ola biləcəyini deyib.
Avropa.info xəbər verir ki, Əl Cəzirədə iqtisadi analizlə çıxış edən Selvar Tor neftin qiymətinin düşməsini Obamanın Putinə hazırladığı sürpriz adlandırıb. Selvar Torun analitik məqaləsini təqdim edirik:
"Rusya qısa müddətli və spekulyativ hərəkətlərlə neft qiymətlərini artıracağını düşünərkən ABŞ enerji strategiyası ilə Rusiya və İranı küncə sıxışdırdı. Bəs, neft qiymətləri daha nə qədər düşəcək? Rusiya kimi əhəmiyyətli qlobal aktyorlar üçün bu, tam bir milli təhlükəsizlik məsələsidir. Rusiyanın digər neft ixracatçısı ölkələrlə müqayisədə müqavimət həddi çox aşağıdır . Çünki Rusiya neft çıxarma xərcləri baxımından dünyadakı əmsallarına görə çox daha çətin vəziyyətdədir. Köhnə Sovet texnologiyası və neft sənayesinin ehtiyac duyduğu mallar üzərindəki sanksiya qərarları, Rusiyanı hər bir barrel üçün 18-20 dollarlıq bir xərcə məcbur edir. Səudiyyə Ərəbistanda isə neft çıxarma xərcləri 6 dollar ətrafındadır . Bu isə Rus iqtisadiyyatı üzərindəki təzyiqi daha da dərinləşdirir.
Keçdiyimiz günlərdə baş verən iki mühüm hadisə böhranın 2016-cı ildə daha da artacağını göstərir. Birinci hadisə İranın 2016-cı ilin əvvəlində dünya bazarlarına təqdim edəcəyi neftə gündəlik 500 min barrel əlavə edəcəyini elan etməsi oldu. Digər hadisə isə Amerika Konqresinin 40 il sonra ABŞ-ın neft ixracına qadağanı qaldıran aktları təsdiq etməsi oldu . Rus iqtisadiyyatı üçün onsuz da 2014-cü ildən bu yana çalınan həyəcan təbilləri, bu proseslərin daha da gərginləşməsi ilə 2016-cı ildə tam iflasa səbəb ola bilər. Çünki neft qiymətlərinin 25 dollara düşməsi məşhur rus iqtisadçısı Vladislav Zukovskyə görə, dolların rubla nisbətdə məzənnəsinin 125 dəfə düşməsinə və qiymət artımının 30 faizə yüksəlməsinə səbəb ola bilər. Bu isə Kremlin böyük bir iqtisadi və sosial böhranla mübarizə etməsi anlamına gələcək.
Ancaq yaşadığımız yüksək geosiyasi risklər, bazar məlumatlarını təqib edərkən bəzi sualların verilməsini də zəruri edir. Məsələn, 4 dekabrdan bu yana neftin qiymətlərinin düşməsi ilə müşayət olunan ikinci şok dalğa yalnız iqtisadi parametrlərdən ibarət ola bilərmi? Üç aylıq orta hesabla neftin qiymətlərindəki radikal azalma bir maliyyə zəlzələsinə səbəb ola bilərmi? Beynəlxalq ödəmələr sistemində, bank sektorunda, 6,5 faiz ilə yüksəlişlə gedən Çin iqtisadiyyatını baş verən olaylar darmadağın edə bilərmi?
Rusiyanın üzvü yanacaqlardan həddən artıq asılı olan iqtisadi quruluşunun zaman-zaman ölkə rəhbərliyinin təcavüzkar siyasətinə yardım etdiyini görürük. Rusiya bu sərt qüvvənin ona verdiyi hərəkət qabiliyyətindən istifadə edərək neft qiymətlərini speküle etmək istədi və bunu ilk öncə bacardı.
"Peterson Institute for International Economics"in 2014-cü ildə apardığı araşdırma bunu sübut edirdi. 1947-2001-ci illər arasında 153 ölkədə neft qiymətlərinin dövlətlərin siyasətləri arasındakı əlaqə araşdırılarkən, yüksək neft qiymətlərinin neft ixracatçısı ölkələrin liderlərini daha aqressiv xarici siyasət yürütməyə təşviq etdiyi müəyyən edilib. Yüksək neft qiymətlərini Putin Rusiyasını daha da aqressivləşdirirdi.
Rusiyanın xarici siyasətində işlətdiyi neft-dollar kartı Krımın ilhaqından sonra özünə qarşı bumeranqa çevrildi.
ABŞ və Səudiyyə Ərəbistanın tətbiq etdiyi neft-dollar müharibəsinin əsas məqsədi ucuz neft qiymətləri ilə Rusiya və İranı təsirsiz hala gətirərək, Suriya, Ukrayna və Krım məsələsini həll etməkdir. Belə ki, Barak Obama respublikaçıların ənənəsinə zidd olaraq, ABŞ əsgərlərinin həyatını təhlükəyə atmaq əvəzinə müasir hərbi texnologiya, kəşfiyyat, maliyyə və iqtisadi rıçaqlardan istifadə etməyi tərcih edir. ABŞ Rusiya və İranın siyasi mövqeyinin öz siyasəti və maliyyə maraqları ilə ziddiyyət təşkil etməyəcək balansa gətirmək üçün neft-dollar kartını istifadə edir.
Rusiya müəyyən siyasi gedişlərlə neft qiymətlərini qaldırmağı düşünərkən ABŞ 4 ili əhatə edən uzunmüddətli enerji strategiyası ilə Rusiya və İranı küncə sıxışdıra bildi.
Cəmi 4 il əvvəl dünya neft istehsalında üçüncü yerdə olan ABŞ dünya neft siyasətini təyin edə bilməsi üçün özünü neft asılılığından azad etməyin vacibliyini başa düşürdü. Elmə çoxdan məlum olan slans qazı texnologiyalarının inkişaf etdirilməsi üçün böyük məbləğlərdə pul ayırdı. ABŞ-ın xaricdən enerji asılılığı qısa müddət ərzində zəiflədi. ABŞ 5 il qədər qısa müddətdə dünyanın ən böyük neft istehsalçısı mövqeyinə yüksəldi.
Rusiyanın müasir neft hasilatı texnologiyalarının köməyi ilə beynəlxalq bazarlarda vəziyyəti dəyişdirə bilən ABŞ-la rəqabət ehtimalı çətin görünür. ABŞ və müttəfiqlərinin neft qiymətlərini Rusiyanın büdcə imkanları, xarici borcları, böyük miqyasda hərbi xərclərinin götürə biləcəyi miqyasdan aşağı tutması adi təsadüf deyilsə, Ukrayna böhranının meydana gəlməsindən sonra neftin Rusiyaya qarşı bir siyasi rıçaq kimi istifadə olunduğunu deyə bilərik.
Bir müddətdir ki, təcavüzkar siyasət aparan Rusiyanın neft qiymətlərinə bağlılığı bu səbəbdən vacibdir. Putinin təcavüzkar xarici siyasət aparmasının tək səbəbi bu deyil. Ancaq Rusiyanın öz ətrafındakı coğrafiyada nüfuz dairəsi formalaşdıra bilməsi onun iqtisadi imkanları ilə məhdudlaşır. Son dəfə Rusiyanın Əfqanıstanda belə avantüraya getməsi SSRİ-nin çöküşünə şərait yaratmışdı.
Tarix bu cür ibrətamiz nümunələrlə doludur. I Dünya müharibəsi Almaniyasının vəziyyəti Putinin apardığı siyasətin aqibəti haqqında bizə ipucu verir. Bismark dövründə əsası qoyulmuş maliyyə strukturundakı boşluqlar üzündən böyük borclar hesabına sənaye və hərbi sərmayələrini həyata keçirən Almaniyanın Paris, London, Nyu-York birjalarında fəaliyyəti müharibənin elə birinci ilində donduruldu.
Bir müddət daxili ehtiyatlar hesabına hərbi xərcləri maliyyələşdirsə də, daha sonra nə özünü, nə də Osmanlı dövlətini maliyyələşdirə bilmədi. Bu səbəbdən I Dünya müharibəsinin qalibi cəbhədə deyil, birjalarda müəyyənləşdi.