Azərbaycanda dolların bahalaşması labüd idimi? - ŞƏRH

25-12-2015, 21:50           
Azərbaycanda dolların bahalaşması labüd idimi? - ŞƏRH
Cari ildə Azərbaycanda manatın ABŞ valyutası ilə müaqyisədə 98 faizlik ucuzlaşması ölkənin bank sektorunda, əmlak bazarında, hətta inzibati dövlət strukturlarında belə hərarəti artırdı. İslahlak qiymətləri yüksəldi. Bankların kredit siyasətində ciddi ağsamalar müşahidə edildi. Və nəhayət sonuncu dollar bahalaşması ölkə daxilində gərginliyi bir qədər də artırdı. Nəticə etibarilə də Azərbaycanın sıravi vətəndaşlarının gəlirləri üzrə dəyər indeksi aşağı düşdü. Gəlirlər rəqəmlərdə azalmasa da, faktiki olaraq vətəndaşların alıcılıq qabiliyyəti ən azı 50 faiz aşağı düşdü.

2016-cı il üçün yaşayış minimumu 136 manat olacaq. «2016-cı ildə Azərbaycanda yaşayış minimumu haqqında» qanunda bu məbləğ əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşqlar üçün 118 manat nəzərdə tutulur. Bunun əsasında hökumət pensiya, müavinət, ünvanlı yardım və minimum əmək haqqı müəyyən edir. Manatın üzən məzənnəyə keçidindən sonra 136 manat dəyərini 50 faiz itirib. Amma 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmayacağına dair rəsmilər qəti qərarlıdırlar. Yəni gələn il yaşayış minimumu 68 dollar olacaq.

Lakin bu qəti qərar deyil. Yaranmış zərurət gələn ilin büdcəsinə yenidən baxılmanı daha da vacib edir. Çünki vətəndaşın isehlak səbəti üzrə alıcılıq qabiliyyəti aşağı düşüb. Hazırda ölkədə ərzaq məhsullarının sürətli qiymət artımı tendensiyası müşahidə edilməkdədir. Hətta bəzi möhtəkirlər köhnə qiymətlərlə aldıqları malları belə yeni bahalaşmış qiymətlə təklif edirlər. İnzibati qurumlar artıq bununla bağlı konkret tədbirlər görmək üçün iş planlarını da təsdiqləyiblər. İlkin olaraq bəlli olan məqam odur ki, daxildə istehsal edilən yerli məhsulların qiymətində artımlar 20 faizdən çox ola bilməz. Lakin burada da qeyri-müəyyənlik var. Yəni rəsmilərin açıqladığı kriteriyalara görə, xarici xammalın istehsalda iştirakına görə yerli mallar üçün qiymətlər artırıla bilər. Məhsulun istehsalında xaricdən idxal olunan xammalın neçə faiz iştirak etdiyini müəyyən etmək isə o qədər də asan deyil. Məsələn elə məhsullar var ki, onların yalnız karton qabları daxildə istehsal edilir. Əsas dəyərdə olan məhsulun özü isə bütövlükdə xaricdən idxal olunur. Məsələn çay, yağ, siqaret və sair gündəlik təlabat malları. Bu malların satışa təqdim edilməsi prossesində xarici valyutayla alınan xammal ən azı 80-90 faiz iştirak edir. Nəticə etibarilə də yerli mal kimi bazarda təqdim edilən məhsulların faktiki dəyəri xarici valyutanın dəyərinə görə tənzimlənir.

Bununla belə indiki bahalaşma həm də daxildə iqtisadiyyatı stimullaşdıra bilər. Öncə 2015-ci ildə hansı ölkələrin valyutalarının ucuzlaşmasına diqqət edək.

Azərbaycan (manat) – 98 faiz
Qazaxıstan (tenge) – 85,2 faiz
Belarus (Belarus rublu) – 54,3 faiz
Ukrayna (qrivna) – 48,7 faiz
Qırğızıstan (som) – 33,9 faiz
Argentina (peso) – 29,8 faiz
Tacikistan (som) – 28,9 faiz
Gürcüstan (lari) – 28,7 faiz
Türkiyə (lirə) – 28,4 faiz
Moldova (ley) – 26,6 faiz
Rusiya (rubl) – 25,9 faiz
Norveç (kron) – 15,8 faiz
Türkmənistan (manat) – 19,3 faiz
Böyük Britaniya (funt sterlinq) – 3,6 faiz
Ermənistan (dram) – 1,9 faiz
İslandiya (kron) – 1,4 faiz
İsveçrə (frank) – 0,3 faiz

Siyahıdan da göründüyü kimi yerli valyutası zəifləyən ölkələr kifayət qədər çoxdur. Qazaxıstanda və Belarusda da yerli valytalar devalvasiyaya uğrayıb. Bununla belə bu ölkələrin heç birində, ərzaq məhsullarının bahalaşması tendensiyası müşahidə edilməyib. Əksinə Belarus, Gürcüstan, Ukrayna, Türkiyədə ərzaq və yüngül sənaye mallarının qiymətində ucuzlaşma baş verib.

Azərbaycanda manatın ucuzlaşması əslində növbəti mərhələlərdə iqtisadiyyatda özünüqoruma instinktlərini gücləndirəcək. Məsələn kənd təsərrüfatı sektorunda ərzaq buğdasının əkilməsi üçün təlabat artacaq. Kənd rayonlarının sakinləri bahalaşmış hazır un almaqdan natural qaydada buğda əkininə başlaya bilər. Bununla da Azərbaycanın ərzaq buğdası idxalı ilə bağlı göstəricilərində mühim dəyişikliklər baş verə bilər. Yəni buğda idxalında azalma tendensiyaları sürətlənə bilər. Buğda əkini ilə bağlı marağın artması həm də yerli un istehsal sənayesi üzrə obyektlərin yenidən qurulmasına və inkişafına səbəb ola bilər.
Digər bir tərəfdən Azərbaycanda daxili turizmin inkişafı üçün manatın ucuzlaşması çox böyük şanslar açır. Lakin daxildə süni qiymət artımlarının qarşısını almaqla paralel olaraq, bu sektorda çalışan sahibkarları bürokratik basqılardan xilas etmək və məmurların yerli müdaxilələrini minimuma endirmək lazımdır. Nəticə etibarilə də qiymətlər aşağı həddə saxlanıla bilər. Məhz Gürcüstan və Ukrayna hökumətləri korrupsiya faktlarını və bürokratik basqıları sahibkarlar üzərindən götürərək həm də bu sahədə böyük güzəştlər şamil edib. Nəticə etibarilə də hər iki ölkədə turizm sektoru böyük gəliri sahələrdən birinə çevrilib.
Əgər faktiki olaraq əvvəlki dövrlərlə müqayisədə Azərbaycan manatı gürcü larisi və türk lirəsi ilə eyni dəyərə bərabərləşərsə, o zaman ölkə vətəndaşlarının pullarını xarici ölkələrdə turizm sektoruna yatırması prossesi dayana bilər. Bundan sonra yalnız daxildə qiymətləri aşağı salmaq və xidmətin keyfiyyətini yüksəltmək lazım gələcək.

Bununla belə Azərbaycan Respublikası Prezidentinin məhz birinci, 21 fevral devalvasiyasından sonra imzaladığı qanunlar sahibkarlar üçün böyük şanslar açıb. Məsələn sahibkarlıq subyektlərinə lisenziyaların verilməsi 75 faiz azaldılıb. Lisenziyaların verilməsi ilə bağlı olaraq dövlət qurumlarının müraciət formaları üzrə cavab vermə dövrü 50 gündən 15 günə qədər azaldılıb. Sahibkarların vergi yoxlamalarından 2 illik müddətə azad edilməsi haqda dövlət başçısının imzaladığı sərəncam da məhz yeni bir mərhələnin başlanması üçün miüim şanslar açıb.

Ölkə daxilində yükdaşınmaları üzrə bütün vergi və rüsumların ləğv edilməsi, o cümlədən də gömrükdə yükdaşınmaları üzrə qaydaların sadələşdirilməsi sahibkarlar üçün yaradılmış mühim şanslardan biridir. Ölkədə sahibkarlıq subyektləri üzərində bütün növ yoxlamalar demək olar ki, ləğv edilib. Vergi və gömrük sistemində yeni islahatlar həyata keçirilir və prosses davam etməkdədir.

Lakin Azərbaycan vətəndaşlarının faktiki istehlak imkanlarını üzəltmək üçün baza üzrə əmək haqları və pensiyaları artırmaq lazım gəlir. Bununla da çox drammatik görünən mövcud şəraiti asanlıqla həll etmək mümkündür.
Bank sistemi haqda növbəti yazımızda.

Razi ABASBƏYLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.