KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri

5-06-2020, 19:17           
KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri
Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Qadağa mətbuatın fəaliyyətindən də yan keçməyib. Rəsmi məlumata görə, qeyd edilən günlərdə fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri kimi yalnız televiziya və radio kanalları, kabel televiziyaları yer alıb.

Onlayn media əməkdaşlarına isə ev şəraitində çalışmaq tövsiyə edilir. Mətbuat Şurası da bu gün jurnalistlərə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırıb.

Bəzi jurnalistlər isə bu qərarın doğru olmadığını deyirlər. Onların fikrincə, bu jurnalistərin peşə fəaliyyətinə maneçilik törətməkdir.
Doğrudan da bu qərarın qəbulu mətbuat nümayəndələrinin hüquqlarını pozur?

Jurnalistin fəaliyyəti yalnız fövqəladə hallarda məhdudlaşdırıla bilər, amma...

Telejurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli “BakuPost”a açıqlamasında bildirib ki, əslində, karantin rejiminin sərtləşdirilməsi çox qısa bir müddəti əhatə edir. Məhdudiyyət cəmi 48 saatdır. Bu isə elə də böyük zaman demək deyil.

“Məqsəd insanların, əhalinin sağlamlığının qorunmasıdır. Düzdür, burada bəzi hüquqi uyğunsuzluqlar var, mübahisəli məsələlər çoxdur. Jurnalistin fəaliyyətini ancaq fövqəladə hallarda məhdudlaşdırmaq olar. Karantin isə fövqəladə hal deyil, burada məqsəd ancaq yoluxmaların qarşısını almaqdır. Məhdudiyyətlərin iki gün olduğunu nəzərə alsaq, burada ciddi qanun pozuntusundan söhbət getdiyini demək düzgün olmazdı. Bu, faciə deyil. Televiziya kanalları əsas informasiya mənbəyi kimi götürülüb”.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də jurnalist həmkarı ilə razılaşır. O da, 48 saatlıq məhdudiyyətdə TV və radio kanallarının əməkdaşlarından başqa, digər qurumlarda çalışan şəxslərin evdən çıxma qadağasına əməl etməsində problem görmür.

Onun sözlərinə görə, burada hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. “Məsələ insan həyatının xilasıdır. Sərt karantin dövründə yoluxmaların sayı az idi. Ancaq ilk yumşalmadan sonra xəstə sayında kəskin artımlar başladı. Əsas məsələ insan həyatını qorumaqdır. Jurnalistlər özləri də risk kateqoriyasına daxildirlər, onların arasında da yoluxmalar var”.

M.Ələsgərli qeyd edib ki, son məlumata görə, 6 jurnalist koronavirusa yoluxub və hazırda onların müalicəsi davam edir. Onların arasında hətta virusu ailə üzvlərinə yoluxduranlar da var.

Doğrudur, kütlənin həftəsonu da məlumat almaq hüququ var. Amma televiziya və radio əməkdaşlarının çalışdığını nəzərə alsaq, bunun üçün də kifayət qədər imkan olacaq. “Onlayn media nümayəndələri ev şəraitində də çalışa bilərlər. Bu zəruri addımdır. Bunun üçün də hər kəsi şərtlərə əməl etməyə çağırırıq”.

Sədr müavinin fikrincə, sərtləşmə haqqında qərarın verilməsinə səbəb əhalinin özü olub. Çünki əhali yumşalmanı pandemiyanın sonu kimi qəbul etdi. Nəticə isə göz önündədir.

Niyə məhz telejurnalistlər?

Media mütəxəssisi Zeynal Məmmədli də “BakuPost”a açıqlamasında vəziyyətin arzuolunmaz olsa da, anlayışla qarşılanmalı olduğunu deyib. Onun sözlərinə görə, hazırda pandemiya dövrünün olduğunu, insan həyatı üçün təhlükənin davam etdiyini nəzərə almaq lazımdır.

“Qərarın ictimai önəmi böyükdür. Bunun üçün də bəzi məhdudiyyətləri anlamaq olar. Televiziyalarda görüntü önəmli olduğu üçün onlar birbaşa hadisənin içərisində olmalıdırlar. Başqa media nümayəndələri isə informasiyanı məsafədən də əldə edə bilərlər. Sözsüz ki, bu, bəzi maneələr yarada bilər. Amma düşünürəm ki, bu məhdudiyyətlərin səbəbi anlaşılan, insanların mənafeyi üçündür.

Əhali xəstələndikdən sonra mətbuatın əldə etdiyi informasiya nə üçündür?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.