Ukraynalı əsgərlər azərbaycanlılar üçün ermənilərlə niyə savaşdı? - Maraqlı tarixi fakt
17-07-2020, 00:00
Ermənistanın Tovuz təxribatı üzündən dövlət sərhəddimizdə döyüşlər başlayandan sonra ölkəmizə ilk birmənalı dəstək, təbii ki, Türkiyədən gəldi. Pakistan da həmişəki kimi seyrici qalmadı. Ukraynanın dəstəyi isə xüsusi maraqla qarşılandı. Kiyevin Bakıya dəstəyindən narahat olan Ermənistan ukraynalı səfiri XİN çağırdı. Bununla kifayətlənmədilər. İrəvanda Ukrayna səfirliyinə qarşı aşağılayıcı hərəkətlər edildi. Ukrayna bizə görə bunları yaşamalı oldu. Yəni haqqın yanında olduğu üçün.
Teleqraf.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Bahəddin Həziyev Ermənistan-Ukrayna münasibətlərində yaranan son gərginliyi analiz edərkən deyib.
Siyasi şərhçi hesab edir ki, Ukrayna Azərbaycanı müdafiə etdiyi üçün bu münasibətə layiq deyildi: “Bəli, Vladimir Zelenski Prezident olana qədər artist olub. Ancaq Nikol Paşinyan baş nazir olandan sonra artistlik edir. Ermənistanı heç MDB-dəki tərəfdaşları, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri belə müdafiə etmədi. Hətta Təşkilata baş katiblik edən Belorus iclas çağırmağa ehtiyac duymadı. Rusiya hər iki tərəfə atəşi dayandırmaq çağırışı etdi. Hər iki tərəfə neytral qaldı. Qazaxıstan, Qırğızıstan Azərbaycana dəstək verdi. Öz müttəfiqlərindən belə bir hörmət görməyən Ermənistan isə Ukraynaya “hörmətsizlik” etdi. Absurddur və ikrah doğurur. Faşizmi ideallaşdıran Ermənistan faşizm üzərində qələbədə böyük payı olan Ukraynaya layiq olmadığı münasibəti göstərir?! Ukrayna və Belarus Sovet İttifaqının tərkibində ola-ola BMT-yə üzv qəbul olunanda nəinki Ermənistanın, heç Paşinyanın özünün proyekti də yox idi. Ermənistan hökuməti Ukraynaya beynəlxalq hüququ müdafiə etdiyinə görə nota verməklə beynəlxalq hüququn prinsiplərinə tüpürdü. Ukrayna və ukraynalılar həmişə haqqın yanında olublar”.
Bahəddin Həziyev daha sonar ukraynalı hərbçilərin Azərbaycana dəstəyinə dair maraqlı fakt açıqlayıb: “1992-ci ilin fevralında mən jurnalist kimi bir qrup ukraynalı əsgərdən yazmalı oldum. Komandanlıq keçmiş Sovet ordusunun (sonradan Rusiya ordusunun) Naxçıvanda yerləşən hərbi hissəsində milliyyətcə ukraynalı olan onlarla əsgəri ayırıb Gəncəyə, ordan da Xankəndinə göndərmişdi. Həmin ukraynalılar xüsusi olaraq milliyyətinə görə seçilmişdi. Xankəndində həmin əskərlərə Xocalıya hücumda iştirak əmri verilmişdi. Ancaq Ukraynalılar bundan imtina edərək Xankəndi ətrafındakı azərbaycanlılar yaşayan kəndlərə getmiş, hətta həmin kəndləri ermənilərin hücumlarından müdafiə etmişdilər. Erməni-rus birləşmələrinin üstün gücü qarşısında bu kəndlər davam gətirə bilməyəndə ukraynalı əskərlər həmin kəndlərin camaatını təhlükəsiz yerə çıxarmaq - sağ-salamat Azərbaycan tərəfin nəzarətində olan əraziyə çatdırmaq üçün dinc əhalini mühafizə etmişdilər. Yolda erməni postuna rast gələn ukraynalı əskərlərdən ikisi ağ bayraq qaldırıb dinc əhali üçün danışıqlara getsələr də, ermənilər onları əsir götürmüş və əhaliyə atəş açmışdılar. Ukraynalı əskərlər ermənilərlə atışmaya girərək azərbaycanlıları qorumuş, sağ-salamat təhlükəsiz əraziyə çatdırmışdı. Başqa sözlə, ukraynalı əskərlər Rusiya ordusunda ola-ola haqqın yanında dayanmış, dinc azərbaycanlı əhalini xilas etmək üçün həyatlarını təhlükəyə atmaqdan çəkinməmişdilər belə. Mən bu haqda “Azadlıq” qəzetinin 05 fevral 1992-cil il tarixli sayında həmin ukraynalı əsgərlərin Bakıdakı mətbuat konfransından reportaj yazmışdım. Bunu xatırladım və indi müstəqil dövlət olan Ukraynanın Tovuzda baş verənlərə dair mövqeyi məni şəxsən təəccübləndirmədi. Ukraynaya, ukraynalılara bir Azərbaycan vətəndaşı, bir qarabağlı kimi sonsuz təşəkkürümü bildirirəm. Ukrayna da Azərbaycan kimi separatizmdən və hərbi təcavüzdən, qonşu terrorundan və savaşdan əziyyət çəkir. Bu gözəl slavyan xalqının dərdi ən azı bizimki qədər böyükdür; öz qardaşı onun üzərinə silahla gəlib. Bir zaman Almaniyanın Peterbuqda səfiri, sonra Almaniya kansleri olmuş Otto fon Bismark demişdi ki, Rusiya ukraynalıların üzərinə silahla gedərsə, özünün faciəsinə səbəb olacaq. Ümid edək ki, ukraynalılara qarşı bu faciəli səhvi edənlər - onu parçalamağa çalışanlar ziyanın yarısından qayıtmağın xeyrini bir gün dərk edərlər. Belə olarsa, Ukrayna ərazisinin, xalqının bütövlüyü, sərhədlərinin toxunulmazlığı beləcə bərpa olunar”.