Ermənistan Rusiyalı sərhədçiləri niyə “öldürdü”?

3-11-2020, 10:07           
Ermənistan Rusiyalı sərhədçiləri niyə “öldürdü”?
Dünən Ermənistan Kütləvi İnformasiya Vasitələri və ermənilərin nəzarətində olan teleqram kanallarında Azərbaycan - Ermənistan sərhədində 2 rus hərbçisinin öldürülməsi ilə bağlı xəbərləri tirajladılar. Ermənilərin bu propaqandasına təbii olaraq Rusiya tərəfindən veriləcək reaksiya maraqla gözlənilirdi. Bu reaksiya özünü çox gözlətmədi. Rusiyanın Ermənistandakı səfirliyi bu məlumatı təkzib edib.



Teref.az xəbər verir ki, Saxta.info bu barədə araşdırma aparıb.



Səfirliyin Ermənistan mediasında və sosial şəbəkənin ermənilərin nəzarətində olan seqmentində yayılan bu xəbərlə bağlı açıqlamasında bildirilir ki, məlumat doğru deyil. Rusiya səfirliyi medianı belə məlumatlarla bağlı diqqətli olmağa da çağırdı.



Bu arada qeyd edək ki, Rusiyanın təkzibindən sonra Ermənistan tərəfi yaydığı xəbərləri silməli olub. Təsdiqini tapmayan bu xəbər yalnız realtribune teleqram kanalında qalıb.



Bununla belə istər-istəməz sual yaranır, Ermənistan tərəfi niyə bu varianta əl atdı? İrəvanın Nikol Paşinyanın Rusiya prezidentinə ünvanladığı məktuba cavab verildikdən sonra belə bir addım atması xüsusilə maraq doğurur.



Xatırladaq ki, oktyabrın 31-də Ermənistan prezidenti Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə yardım üçün müraciət edib. Hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşdığını, ölkə ərazisinə müdaxilə faktlarının qeydə alındığını iddia edən Paşinyan yardım istəməsini Ermənistan və Rusiya arasında 29 Avqust 1997-ci il tarixdə imzalanan "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"nin 2-ci maddəsi ilə əsaslandırıb.



Düzdür, müqavilənin 2-ci bəndində tərəflərin suverenliyinin qorunması məqsədilə əməkdaşlıq, silahlı hücum təhdidi olarsa öz aralarında məsləhətləşmə, həmçinin köməyin növünü və miqdarını müyyənləşdirmək məsələləri nəzərdə tutulur. Amma Rusiya Xarici İşlər Nazirliyi Paşinyanın bu məktubuna reallığa uyğun olaraq cavab verdi. Nazirliyin açıqlamasında bildirildi ki, toqquşmalar birbaşa Ermənistan ərazisində getdiyi halda Rusiya Ermənistana yardım edə bilər.



Döyüşlərin isə Ermənistan ərazisində deyil məhz Azərbaycanın işğal edilmiş ərazilərində getdiyi dəfələrlə vurğulanıb. Rəsmi Bakı Azərbaycan tərəfdən Ermənistan ərazisinə atəş açılmadığı, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəflərinin olmadığını bəyan edib.



Görünür, Kremldən müsbət cavab ala bilməyən Nikol Paşinyan hökuməti Rusiyanı Qarabağ münaqişəsinə cəlb etmək üçün bu varianta əl atıb. Bu məlumatı, yəni iki rus sərhədçisinin guya Azərbaycanın açdığı atəş nəticəsində öldüyü xəbərini yaymaqla Rusiya ictimaiyyətində qəzəb yaratmaq məqsədi güdüb. Düşünüblər ki, rus əsgərinin ölümü həm Rusiya ictimaiyyətində, həm də hakimiyyətində Ermənistana dəstək göstərilməsi ilə bağlı fikir yarada bilər, Amma Rusiyanın Ermənistandakı səfirliyinin gecikməyən cavabı göstərdi ki, rəsmi İrəvanın cəhdləri əbəsdi, Keml öz neytrallğını qoruyub saxlamaq fikrindədir.



Qeyd edək ki, bundan öncə də rəsmi Moskva Ermənistanın müraciətinə müsbət cavab verməmişdi. Kreml rəhbəri Vladimir Putin Qarabağda döyüşlər başladığı ilk günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində dolayısı ilə Ermənistana kömək olunmayacağını bəyan etmişdi. Kreml rəhbəri məsələyə “müharibə Ermənistan ərazisində getmir” arqumenti ilə reaksiya vermişdi.



Kremlin Paşinyan hökumətinə olan mənfi münasibəti isə yeni məsələ deyil. Belə ki, Corc Sorosun və Qərbin rəngli inqilablarının törəməsi hesab olunan Nikol Paşinyan hakimiyyətə gələn kimi anti-Rusiya mövqeyi ilə tanınan Şəffaflıq Beynəlxalq Təşkilatının seçki proqramlarının keçmiş koordinatoru Armen Qriqoryanı Milli Təhlükəsizlik Şurasının, Soros Fondunun idarə heyətinin sədri Sasun Xaçatryanı isə Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifələrinə gətirməsi Moskvada unudulmayıb.



Bundan başqa Rusiyaya yaxın olan Ermənistan Milli Təhlükəsilzik xidmətinin rəhbəri Artuq Vanetsyanın vəzifədən uzaqlaşdırılması, Paşinayanın isə Rusiya şirkətlərinin Ermənistandakı törəmə şirkətlərinə qarşı cinayət işi qaldırmasını da Kreml hələ arxivə atmayıb.



Göründüyü kimi, Ermənistanın münaqişənin coğrafiyasını genişləndirməklə bağlı növbəti cəhdi baş tutmayıb. Ermənistan mediasının və sosial şəbəkə istifadəçilərinin Azərbaycan əleyhinə mənfi rəy yaratmaq cəhdi alınmayıb. Bu mənada Rusiya sərhədçilərinin ölümü ilə bağlı yayılan informasiya yalan, həmçinin manipulyasiya xarakterlidir.



Yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasında, bir qədər də dəqiq desək işğaldan azad edilən Zəngilan və Qubadlı rayonları ilə sərhəddə rusiyalı sərhədçilərin yerləşdirilməsini Nikol Paşinyan təsdiqləmişdi.



Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədlərində də Rusiyalı sərhədçilər keşik çəkir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.