Bir tikə çörək üçün küçələrə tökülən uşaqlar...

5-11-2020, 09:08           
Bir tikə çörək üçün küçələrə tökülən uşaqlar...
Kiçik yaşlarından çalışan 250 milyondan neçəsi bizdədir?
Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, indi bütün dünyada 5-14 yaşlı 250 milyondan çox uşaq işləməyə məcburdur. Azərbaycanda isə bununla bağlı statistik göstərici yoxdur. BMT 1989-cu ildə Uşaq Hüquqları üzrə Konvensiya qəbul edib. 2005-ci ildə Azərbaycan da bu konvensiyaya qoşulub.

Əmək Məcəlləsinin 6 maddəsi və 28 bəndi bilavasitə uşaqlara həsr olunub. 38-ci fəsildə isə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri tənzimlənir. Əmək Məcəlləsinin 249-cu maddəsində də deyilir ki, yaşı 15-dən az olan şəxslərin bir qayda olaraq işə qəbul edilməsi yolverilməzdir.

Beynəlxalq Əmək Təşkilatının təxminlərinə görə, inkişaf etməkdə olan ölkələrdə 5-14 yaş qrupunda işləyən uşaqların sayı 250 milyondur. Uşağın işləməsi bir çox hallarda onun təhsildən məhrum edilməsinə, fiziki və mənəvi inkişafına mənfi təsir etməsinə səbəb olur.

Küçədə pul qazanıb, axşam ailəsinin yanına qayıdanlar

UNİSEF küçədə işləyən uşaqları ailələri ilə münasibət dərəcəsinə görə bir neçə qrupa ayırır:

1-ci qrup: ailələri ilə daim münasibətləri olan uşaqlar günlərini küçədə işləyərək keçirsələr də, ailələrinin qoruması və nəzarəti altındadırlar.

2-ci qrup: ailələri ilə zaman-zaman münasibət quran “küçə uşaqları”. Bu uşaqların ailə bağları zəifləsə də, tamamilə qopmayıb. Özlərini hələ də ata-analı, qardaş-bacılı hesab edirlər və ailələri olmalarının fərqindədirlər. Onlar gün ərzində küçədə bir şeylər sataraq keçirsələr də, gecələr çox zaman evlərində olurlar.

3-cü qrup: ailələri ilə heç bir münasibəti olmayan, işləyən uşaqlar. Onlar əsasən cəmiyyətin ən yoxsul təbəqəsinin və dağılmış ailənin uşaqlarıdır. Ailələrindən ya zorla, ya da öz istəkləri ilə ayrılan bu uşaqlar günün 24 saatını küçədə keçirirlər. Evindən qovulan, qaçan, ailəsi olmayan və ya ailəsi tərəfindən tamamilə nəzarət edilməyən uşaqlar üçün də küçələr ikinci ev sayılır.

UNİSEF-in araşdırmalarında qeyd edilib ki, küçələrdə işləyən və yaşayan uşaqları gözləyən risklər aşağıdakı kimidir: a) istismara məruz qalma; b) içki, siqaret, müxtəlif növ narkotik maddələrdən asılılıq ehtimalı; c) zehni və fiziki inkişafdakı geriləmə; d) döyülmə, yaralama və ölümlə nəticələnən fiziki təzyiqlər; e) oğurluq, qəsbkarlar kimi cinayətləri həyata keçirməyə meyllilik; f) psixoloji problemlər; g) fiziki qəzalara uğrama ehtimalı.

Küçədə işləyən uşaqlar əsasən ailələrin yanında qalır, gündüz işləyib, axşam evlərinə qayıdırlar. Amma küçədə işləmə şərtləri onların psixi-sosial inkişaf və təhsil durumlarına mənfi təsir edir. Uşaqlar küçədə yaşamağa təhrik edilməsə, məktəbi atan və küçədə işləyən uşaqların da sayı azalacaq, onların cinsi istismara uğrama riski aşağı düşəcək, yüksək risk altındakı, aşağı gəlirli ailələrin ailədaxili münasibətlərində ümumi bir yaxşılaşma və yeniyetmələr üçün daha yaxşı, sosial inkişaf təmin ediləcək.

Oğlan uşaqları daha tez işləməyə başlayır, nəinki qızlar

Uşaqların küçə həyatında işə başlama yaşı isə 10-11-dir. Bir qayda olaraq ailələr oğlanlarını “iş həyatına” qızlardan bir il tez atır. Belə ki, oğlanlar üçün işə başlama yaşı 10-dursa, qızlar 11 yaşından başlayır. Burada da iki məqam var. Uşaqlardan bir qismi işləməyi şəxsi istəkləri ilə izah etsələr də, bir qismi də buna məcbur edildiklərini boyunlarına alırlar. Onlarla aparılan söhbətlər göstərir ki, uşaqlar əsasən belə yaşamaq istəmirlər. Oğlanların böyük hissəsi hərbçi, peşəkar idmançı olmaq, texnika (cihazlarla, maşınlarla, kompüterlərlə) və ya insanlarla işləmək (müəllim, satıcı olmaq) istədiklərini bildirib. Hər üç oğlandan biri və hər beş qızdan biri gələcəkdə istədiklərinə nail olacağına inanır. Eyni zamanda hər dörd oğlandan və dörd qızdan biri arzularının həyata keçəcəyinə inanmadığını söyləyib.

Uşaq dilənçilik edir - yəni işləyir

Küçədəki uşaqların gəlir mənbəyinin formalarına gəlincə, burada da incə detallar var. Məsələn, dünyadakı normativlərə görə, şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənmək da əmək fəaliyyəti sayılır. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanır.

Əksər hallarda uşaqlar yerinə yetirdikləri işləri özləri tapıb. Lakin təxminən hər dörd uşaqdan biri valideynlərinin, hər on uşaqdan biri isə yaşca böyük olan qohumlarının və ailə tanışlarının köməyi ilə işlə təmin olunublar. Oğlan və eləcə də qızların hər beş nəfərindən dördü hər gün orta hesabla 3-5 manat pul qazandığını qeyd edib. Oğlanların 3 faizində, qızların isə 12 faizində gündəlik gəlir 1-2 manat, 15 və 9 faizində müvafiq olaraq 6-10 manat təşkil edib.

Soğan-kartof təmizləmə işi də topdansatış məntəqələrində olur. Balacaları soğan-kartof seçmə işinə cəlb edirlər, onlar da təmizləri çürüklərdən ayırır, ayrı torbalara yığırlar. Bu, az-çox zəhmətsiz iş sayılır, elə qazancı da buna uyğundur. Elə “8-ci kilometr” bazarında da bu işlə məşğul olan xeyli balaca var. Onlardan biri 12 yaşlı Rəvandır. Rəvan deyir ki, bu, digər həmyaşıdlarının gördüyü işdən çox daha rahat və az əziyyətlidir. Bu işdən Rəvan gündəlik 3-4 manat qazana bilir. Hərdən iş sahibi naharda da onlara qonaqlıq verir. Bu halda gündəlik qazancını tam olaraq evə apara bilir.

İşləmək üçün minimum yaş həddi.... 15-dir....

Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görməklə yanaşı, uşaq əməyinin istismarının qarşısının alınmasına dair ardıcıl təbliğat-maarifləndirmə işləri də aparır. Müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə də respublikamızın müxtəlif bölgələrində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib.

Uşaq əməyini istismar etmək uşaqların hüquqlarını ciddi şəkildə pozmaq, onların fiziki, sosial-əqli, psixoloji və ruhi inkişafına zərər vurmaqdır. Belə halların qarşısının alınmasında birgə səylərin gücləndirilməsi qarşıdakı dövrdə də prioritet təşkil edəcəkdir.

1900-cü ildə əhalinin siyahıya alınması nəticəsində ABŞ-da 1,7 milyon həddi-buluğa çatmamış uşağın böyüklərlə bərabər məcburi çalışdığı ortaya çıxıb. Artıq o vaxta qədər bir çox ştatlarda uşaq əməyinin qadağan olunmasına baxmayaraq, bəzi yerlərdə hələ də bu qanun hökm sürürdü.

Yalnız 1908-ci ildə qadağa bütün ölkəyə yayıldı, həm də bundan sonra bu problemin aradan qaldırılmağı üçün illərlə vaxt lazım oldu. 10 il əvvəl isə Beynəlxalq Əmək Təşkilatı 12 iyun gününü Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi təsis edib. Milyonlarla oğlan və qız uşaqları bütün dünyada işlə məşğul edilib, hansı ki, bu onları adekvat təhsildən, səhiyyədən, istirahətdən və əsas azadlıqlardan məhrum edir, onların hüquq və haqlarını pozur.

Əgər valideyn azyaşlının çalışmasına göz yumursa...

İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinə görə, valideyn uşağın tərbiyəsinə və təliminə lazımi diqqət ayırmırsa, ona qarşı xəbərdarlıq və ya 40 manatadək cərimə oluna bilər.Valideyn böyük bir fərd kimi azyaşlı övladının ağır işlərə cəlb olunmasının fəsadlarını göz önünə gətirməlidir".

Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərlə uşaq əməyinin istismarı hallarında sanksiyalar ağırlaşdırılıb. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimələnir. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək cərimə edilir.

Konstitusiya və Əmək Məcəlləsində uşaqların hansı hallarda və yaşda işlədilməsi aydın əksini tapıb. Məsələn, 15 yaşdan sonra işləməyə icazə verilir, lakin məhdudiyyətlər müəyyənləşdirilib. Hər bir fakt ayrıca araşdırma tələb edir, çünki uşağın işə cəlb edilməsinin istismar olub-olmadığını müəyyənləşdirmək lazımdır. Əsas məsuliyyət Dövlət Əmək müfəttişliyi Xidmətinin üzərinə düşür.

Həkimlər bildirirlər ki, uşaqların ağır və çirkli, təhlükəli işlərlə məşğul olmasının onların fiziki sağlamlığına böyük mənfi təsiri var. Əsasən onurğa sütununda problemlər yaranan uşaqlar müxtəlif xəstəliklərə də yoluxurlar. Lakin bu problemin yalnız bir tərəfidir, digər tərəfi isə uşaqların kiçik yaşlarından işə cəlb edilməsinin onların psixologiyasına vurduğu zərbədir. Demək olar ki, küçə uşaqlarının hamısı qeyri-standart və natamam ailələrdən çıxırlar. Bəziləri atılmış olur, çoxlarının sənədi olmur. Onlarla ünsiyyətdə olanda görünür ki, hər birinin psixoloji travması var və məhz o problemlərə görə onlar küçə həyatını seçirlər. Küçə uşaqlarının davranışında dağıdıcı, zərərverici meyllər yüksək olur, onlar neqativ davranışları götürməyə daha çox meylli olurlar. Bu onlar üçün maraqlı, çəkici və əyləncə predmeti rolunu oynamağa başlayır. Ona görə də narkomaniya, alkoqolizm kimi vasitələrə tez yönəlirlər. Müəyyən bir yaş həddinə çatdıqdan sonra bu uşaqlarda oğurluğa meyllilik yaranır. Yalançılığa meyllilik, insanları aldatma, vədinə əməl etməmək, məsuliyyət, qayğı, inam hissinin aşağı olması, işgüzarlığın zəif olması kimi hallar bu uşaqların tipik psixoloji xüsusiyyətləridir.

Sevinc TELMANQIZI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.