Pul yatırdığımız ölkələr: Vətən savaşını necə dəstəklədi? - ARAŞDIRMA
5-11-2020, 17:17
Azərbaycan Vətən müharibəsi apardığı dövrdə təkcə torpaqlarını azad etmir, həm də beynəlxalq arenada dostunu və düşmənini tanımış olur.
Belə ki, bu günədək əsl mahiyyətini gizlədənlər də ortaya qoymuş oldu.
Təkcə dövlətlər deyil, onların təmsilçisi olan şirkətlər də Azərbaycanla bağlı öz mövqelərini ortaya qoymuş oldular.
Azərbaycan ən çox hansı dövlətlərə investisiya qoyub və Vətən müharibəsi dövründə bu ölkələrin bizə qarşı münasibəti necədir?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan ən çox 3 ölkəyə investisiya qoyub:
“Azərbaycanın investisiya qoyduğu ölkələrdən biri və birincisi Türkiyədir. Yəni Azərbaycan Türkiyənin ən böyük investorlarındandır. Böyük layihələr olan nəqliyyat dəhlizləri: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, TANAP-TAP layihələri ilə bağlı Türkiyədə ən böyük investor Azərbaycan və onun daxil olduğu konsorsiumdur. Bundan başqa Türkiyənin STAR Rəfinələri (STAR Zavodları) layihəsi var. Bu 10 mindən çox Türkiyə vətəndaşını işlə təmin edən investisiya layihəsidir. Bu hələ tamamlanmayıb. Tamamlananda təqribən 20 milyard dollara yaxın investisiya layihəsi olacaq. Yəni çox böyük bir layihədir. Beləliklə, Azərbaycanın investisiya qoyduğu birinci ölkə Türkiyədir. Özəl sektorun da qoyduğu investisiyalara baxdıqda yenə də Türkiyə önə çıxır. Çünki Azərbaycan vətəndaşları ən çox Türkiyədə daşınmaz əmlak alırlar. Bundan başqa, azərbaycanlılar Türkiyədə biznes qururlar. Azərbaycanın investisiya yatırdığı ikinci ölkə Gürcüstandır.
SOCAR Gürcüstanda ən böyük investorlardan biridir. Yəni Azərbaycan Gürcüstanda investisiya qoyan ölkələr siyahısında ikinci yerdədir. SOCAR Georgiya isə vergi ödəyiciləri siyahısında birincidir. Yəni Gürcüstana Azərbaycan tərəfindən həm SOCAR-ın xətti ilə, həm dövlət, həm də özəl sektorun xətti ilə investisiyalar qoyulur. Vətən müharibəsində bu ölkələrin Azərbaycana qarşı mövqeyinə nəzər salaq. Adlarını çəkdiyimiz ölkələrdən Türkiyəni xüsusi qeyd etmək lazımdır. Qardaş Türkiyə həm siyasi sahədə, həm beynəlxalq arenda bizim yanımızda oldu və güclü dəstək göstərdi. Azərbaycan bu dəstəyin sahəsində və öz gücü ilə böyük uğurlar qazanır. Gürcüstan da Azərbaycana qarşı özünü kifayət qədər loyal apardı və çox yaxşı qərarlar da alındı. Hətta Rusiyadan Ermənistana Gürcüstan ərazisindən silah daşınmasına tamamən qadağa qoydu. Bunu da Gürcüstanın xoş münasibətlərindən irəli gələn əsas addımlardan biri kimi dəyərləndirmək olar”.
Ekspert hesab edir ki, Azərbaycanın investisiya layihələri olan Rusiyanın da mövqeyini hələlik qənaətbəxş saymaq olar:
“Bizim Rusiyada da investisiya qoyduğumuz layihələr var. Rusiyanın münaqişədə həm həmsədr ölkə, həm də bizim qonşumuz kimi mövqeyini qənaətbəxş saymaq olar. Baxmayaraq ki, Rusiyanın bir çox televiziya verilişlərində və onların siyasətçilərinin dilində anti-Azərbaycan ritorikası geniş yer alıb. Amma ümumilikdə Dağlıq Qarabağın və ətraf 7 rayonun işğal faktının prezident Vladimir Putin tərəfindən dəfələrlə səsləndirilməsi, bu məsələdə Moskvanın mövqeyinin hələlik qənaətbəxş olduğunu deməyə əsas verir”.