Laçını tərk edənlər: "Biz buraya erməni dövlətinin qurulmasına kömək etmək üçün gəlmişdik"
1-12-2020, 09:33
Ermənistan və Dağlıq Qarabağ arasındakı əsas yol Azərbaycan şəhəri olan Laçın üzərindən keçir.
İkinci Qarabağ müharibəsinə son qoyulması barədə razılığın şərtlərinə görə, Laçın şəhəri dekabrın 1-dək ermənilərin əlində qalır, daha sonra isə Rusiya sülhməramlılarının nəzarətində olacaq.
Lakin bununla belə ermənilər şəhərdən qaçırlar: Ermənistanın razılaşmağa məcbur olduğu sülhün şərtləri onlara, özlərini təhlükəsiz hiss etmələri üçün olduqca qeyri-müəyyən görünür - hətta rusiyalıların vəd etdiyi mühafizəsi olsa da belə.
Noyabrın 17-də Rusiya sülhməramlıları Laçın və Şuşadan keçən Ermənistandan - Stepanakert yolunu tam nəzarət altına alaraq ermənilərin hərəkət etməsi üçün açıblar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə Dağlıq Qarabağa indiyə kimi 23 mindən çox qaçqın qayıdıb. Müharibə zamanı oradan qaçanlar on minlərlə olub.
İkinci köç
28 il əvvəl, 1992-ci ilin mayında, erməni birləşmələri Şuşanı və Laçını alaraq erməni Qarabağı Ermənistanla bağlayan strateji "Laçın dəhlizini" qurdular.
O zaman 1992-ci ildə Azərbaycan əhalisi Laçından qaçdı, ermənilər isə şəhəri yandırdılar.
Sonra onlar şəhərdə qismən tikinti işləri apardılar və məskunlaşdılar (birinci müharibədən əvvəl şəhərdə 7-8 min azərbaycanlı yaşayırdı, ikinci müharibədən əvvəl isə təxminən 2 min erməni) və şəhərin adını Berdzor qoymuşdular.
Rusiyalı sülhməramlılar Qorisdə
Amma Qarabağ erməniləri əmin deyil ki, rusiyalılar onları qoruya biləcəklər
Ancaq indi ermənilər Laçından qaçırlar.
"Orada, təpənin arxasında Azərbaycan kəndi olacaq," - Laçındakı mağaza sahibi, amerikalı erməni Stepan Sarkisyan deyir. - Orada isə, o biri tərəfdən, daha bir Azərbaycan kəndi olacaq."
BBC müxbirləri döyüşlər zamanı Stepanla danışmışdılar və o, heç nəyə baxmayaraq, nikbin görünürdü. Elə indinin özündə də deyir ki, ermənilər müharibəni yox, "min illik müharibədə bir döyüşü" uduzublar.
Amma Laçında Stepanın ən böyük və ən gözəl olan mağazası indi bağlıdır. Ticarət zalında boş rəflər və tayalarla atılmış mallar gözə dəyir. Stepan Yerevana yola düşmək üzrədir.
Qarabağa yollanan Rusiya hərbi kolonu
Onun sözlərinə görə, bu yeni şəraitdə, düşmənlərin, azərbaycanlıların bilavasitə yaxınlığında, beş kilometr enində olan dəhlizdə o, sadəcə, özünü təhlükəsiz hiss etməyəcək.
O, razılaşmaya əsasən Laçın dəhlizini mühafizə edəcək rusiyalı hərbçilərin onu müdafiə edə biləcəyinə inanmır - erməni-qarabağ hakimiyyətinin, ordunun və polisin bu rayonda mövcudluğu faktiki olaraq, bitib.
"Biz buraya erməni dövlətinin qurulmasına kömək etmək üçün gəlmişdik. Lakin həmin dövlət burada artıq yoxdur", - Stepan deyir.
Qayda-qanunun sonu
Tanınmamış Dağlıq Qarabağ respublikasında müharibənin bitməsindən sonrakı ilk günlərdən hökümət və qayda-qanun praktiki olaraq çöküb.
Qarətçilik baş alıb gedib.
Stepanakertdə hava qaralandan sonra küçələrdə gəzişməyi qətiyyən məsləhət görmürlər.
Laçında, Stepanın mağazasının yanındakı evin sahibi bir neçə günə Yerevana gedib qayıtdıqdan sonra evini qarət olunmuş halda tapıb.
Mağaza sahibi Stepan deyir ki, ermənilər müharibəni yox, yalnız döyüşü uduzublar
Lakin dükanını bağlayıb Yerevana yollanır
Stepan iddia edir ki, bu cür ixtisar olunmuş halda, xüsusən də Ermənistana gedən quru yolunun nə qədər etibarlı olacağı bəlli olmadığı bir şəraitdə, Qarabağ iqtisadi cəhətdən özünü saxlaya bilməyəcək.
"Laçında, iki min əhalisi ola-ola, şəhər çətinliklə dolanırdı, bəs bundan sonra nə olacaq? Odur ki, insanların mühacirət etməsi təəccüblü deyil."
Rusiyalı hərbçilərin Laçın dəhlizində qurduğu postlardan biri sərhəd yaxınlığında, Livandan gələn erməni köçkünlərinin məskunlaşdığı qəsəbədədir - həmin qəsəbə azərbaycanlıların Zabux kəndinin xarabalıqları üzərində inşa edilib, digəri isə Laçının özündədir.
Razılaşmaya əsasən, onların müddəti yalnız beş ildir və bundan sonra sülh şərtlərinə yenidən baxılacağı nəzərdə tutulur - və bir çox Qarabağ erməniləri sadəcə, gələcəkdə arxayın ola biləcəklərini hiss etmirlər.
Hətta Laçının meri Narek Aleksanyanın atası da qaçır.
Özü jurnalistlərlə danışmaqdan imtina edir, ancaq kürəkəni Vardan danışmağa razılaşır.
O, qayınatasına əşyalarını maşına yüklənməyə kömək edir.
"İnsanlar təhlükəsizliklərindən narahatdırlar. Ancaq hər şey yaxşı olsa, mütləq geri qayıdacaqlar," - Vardan güman edir.
Kim gedib, kim qalıb?
Roza 27 ildir Laçında yaşayır: valideynləri onu bir yaşında ikən buraya gətiriblər.
Birinci müharibənin iştirakçısı, əlil olan atası səkkiz uşağını Yerevandan Laçına, burada yaşayışı daha asan saydığı üçün gətirib.
"Uşaqları Ermənistana göndərdim, özüm qaldım. İndi bundan sonra nə olacağını bilmirəm. Uşaqları geri gətirməyəcəyəm, bu qətidir, - Roza deyir və ağlayır. - Burada nə baş verdiyini gördüm - gətirməyəcəyəm."
"Türklər burada beş kilometr aralıda yaşayacaqlar, ətrafdakı bütün kəndlər onların olacaq. Rus qoşunları bizi qoruyacaq, ancaq beş ildən sonra eyni şey başlayacaq - razılaşma beş il üçündür," - Roza, demək olar ki, Stepanın söylədiklərini təkrarlayır.
Qarabağ erməniləri azərbaycanlıları türk adlandırırlar - onları eyni xalq sayırlar.
Ancaq Laçından qaçmayanlar da var: bəziləri qalmaq niyyətindədir.
"Heç yerə getməyəcəyəm! Burda mənzilim var, təzə təmir olunub, işim var, maaşım var, mənə burada da yaxşıdır!" - Ruzanna Karapetyan lovğalı tərzdə söyləyir.
O, yerli administrasiyada xadimə kimi işləyir.
Düzdür, Ruzanna yeni təmir olunan mənzilindən əşyaları Ermənistanda, qonşu Qorisdə yaşayan qızının evinə aparıb qoyub: Azərbaycan ordusu Laçından bir neçə kilometr aralıda idi.
"Ancaq indi hər şey sakitləşəcək, elektrik enerjisi və hər şey bərpa ediləcək - mən də əşyalarımı geri gətirib yaşayacağam," - Ruzanna əmin edir.