Koronadan sağalanların nəzərinə: Buna diqqət edin...

13-01-2021, 23:41           
Koronadan sağalanların nəzərinə:
Koronavirusdan sağalan insanlarda bəzi simptomların qalması və narahatlığın davam etməsi mümkündür. Belə vəziyyət COVİD-19 xəstəliyinin uzanmış və ya xronikiləşmiş variantı adlandırılır. Bu zaman insanlarda başgicəllənmə, təngnəfəslik, ürəkdöyünmə və ürək nahiyəsində ağrılar, ümumi halsızlıq, əzələ ağrıları, iy və dad bilmənin uzun müddət bərpa olunmaması və saç tökülməsi kimi simptomlar müşahidə oluna bilər.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev qeyd edib. O bildirib ki, bu xəstəlikdən sağalan insanlarda müşahidə edilən kardioloji ağırlaşmalardan biri miokarditdir:

“Miokardit ürəyin orta əzələ qatının iltihabı deməkdir. İltihab dərəcəsi və davamiyyəti hər pasiyentdə fərqli ola bilər. Miokardit əvvəllər qrip kimi kəskin virus xəstəlikləri zamanı müşahidə olunurdu. Lakin COVİD-19 xəstəliyində miokardın zədələnməsi fərqlənir. Belə ki, miokardı təşkil edən əzələ hüceyrələri – sarkomerlər ciddi şəkildə zədələnir, sanki bıçaqla kəsilmiş kimi bir vəziyyət alınır.

Araşdırmalar zamanı COVİD-19 xəstələrinin 20 faizində, kontrol qrupun isə 7 faizində miokard fibrozu aşkar edilib. Maraqlı və xoşagəlməz hal odur ki, bu dəyişikliklər hətta COVİD-19 xəstəliyini simptomsuz və yüngül keçirən insanlarda da qeydə alınıb.

Miokarditin əsas simtomları isə ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, aritmiya, təngnəfəslik və hərarətin qalxmasıdır.

Miokarditin ağırlaşmaları həyati təhlükəli aritmiyalar, ürək çatışmazlığı, ani ölüm kimi hallara səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, COVİD-19 xəstəliyindən bərpa olunan pasiyentlərin, həmçinin miokardit şübhəsi olan pasiyentlərin minimum instrumental və laborator müayinələrdən (EKQ, EXO-KQ, troponin) keçmələri məsləhət görülür.

Ehtiyac olarsa, daha dərin müayinələr – MRT, EKQ-Holter və koronar angio müayinələr də aparılmalıdır. Digər vacib məsələ, belə pasiyentlərdə fiziki aktivliyin 3-6 ay ərzində məhdudlaşdırılmasıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.