Mən açıqcası nə düşüncə, nə geyim, nə də əxlaqca "erkəkləşmiş" qadınları heç vaxt sevmədim

1-03-2021, 17:48           
Mən açıqcası nə düşüncə, nə geyim, nə də əxlaqca "erkəkləşmiş" qadınları heç vaxt sevmədim
Son vaxtlar bu feminizm söhbəti çox gözümə sataşır, hətta bəzi intiharlarda həlledici rolunun da olduğu istisna deyil. Mən bu diletant mövzunun dərinliyinə enməcəm.


Sadəcə, mən açıqcası nə düşüncə, nə geyim, nə də əxlaqca "erkəkləşmiş" qadınları heç vaxt sevmədim, ətrafımda da olmadı və belə dostlarımın olmasını da əsla arzulamadım! İnsan var olandan qadın və kişi cinsi var. Və hərəsinin özünə məxsus anatomiyası, missiyası var. Və bu tibb inkişaf etməsəydi, cərrahi müdaxilə olmasaydı dəyişilməz də qalacaqı. Orientasiya dəyişiminin çox yayılmış dövründə yaşayırıq təəssüf ki...insanlar bilərəkdənmi cinslərini dəyişib hansısa arzularını reallaşdırmaq istəyirlərmi yaxud bu da hazırlanmış viruslar kimi insan sonsuzluğunun, müxtəlif tibbi əməliyyatların vasitəsilə (şirnikləndirici reklamlarla) insan sayının (nəsil artıra qabiliyyətinin məhv edilməsi) bu yolla azaldılmasına yönəlmiş bir xüsusi proqramdırmı, bilmirəm!

Bizdə onsuz da feminizmi əsasən içki içib, siqaret çəkib, həyat yoldaşını it yerinə qoymayıb, qadın, kişi dostlarına qoşulub küçələri, bar, kazino, restoranları sülənmək kimi başa düşürlər. Düzdür içki, siqaret tərcih məsələsidir, bunun cinsi ayrıcalığı yoxdur, edən qadına - "öz şəxsi azadlığıdır" - kimi baxıram. Düzdür bu günədək bunların heç birindən istifadə etmədim, etməyəcəm də. Mənə görə qadın bunlarsız daha gözəldir. Həm görünüşcə, həm sağlamlıq tərəfindən. Məsələn bir qadının acgözlüklə siqaret çəkdiyini görəndə az qalırdım əlindən alam atam, içim parçalanırdı acgözlüklə sümürməyinə, rəngi qapqara idi və siqateti havaya üfləmək heç də qadın lətafətinə uyğun gəlmirdi və elə bilirdim bu dəqiqə o xərçəng xəstəliyinə tutulub öləcək. Bir tanış qadının bir məclisdə sərxoş olub kişi qonaqla az qala gözümüzün qabağında sevişəcək hala gəldiyini gördükdə içkiyə nifrət etmişdim. Mən xaraktercə möhkəm adamam, yəni hər hansı ətrafım, müvəqqətı düşdüyüm mühit məni dəyişdirə bilməz və dəyişdirə bilmədi də!

Qadın azadlığı bunların inanın heç biri deyil! İndi atası evinə qayıtmış və boşanmaq üzrə olan qadını dinlədikdə - "mən bunların min qat artığını gördüm və dözdüm" - deyə düşünürəm. Bəlkə də mən yanılıram, onlar haqlıdır tələsik qərar verməkdə. Amma deyim ki, biz qadınları çöldə heç də gözəl həyat gözləmir boşanandan sonra, hələ bu qadın təhsilsiz və intellekt sarıdan kasıbdırsa çöldə daha çox əziyyət çəkəcək. Bu əslində 90 % qadının sırf sevərək seçdiyi həyat tərzi deyil, məcburiyyətdən özünə geydirdiyi çarəsizlik donudur! Çünki bizdə dövlət tənha, boşanmış qadınlar üçün heç bir sosial şərait, müdafiə hüququ, qoruyucu qanunlar demək olar ki yaratmayıb, yaradıbsa da hər bir halda bu gün qadın Azərbaycanda bunlardan məhrum kimi görünür. Bu üzdən də Azərbaycan qadınının müəyyən hissəsi türkün, ərəbin, xarici ərlərin və həci və həci kimilərin qucağındadır! Mən bu mövzuda çox maarifləndirici esselər yazmışam, yəni kömək etmə gücüm bu qədər olub.

Gənclərimizin gələcəyi məndə çox təəssüf hissi doğurur, çox... bir çox məqamlarda! Həm feminizm, həm dini cərəyanların qurbanları, həm intiharlar, həm boşanmalar, həm oriyentasiya dəyişiminə maraq və cəhdlər, həm də iqtisadi - sosial yaşam çətinliyinin bu istiqamətlərə gənclərimizi sürətlə və asanlıqla itələyərək yuvarlaması...

Şairə Aidə Adıgözəl

Visiontv.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.