Magistr imtahanı narazılıq doğurdu: - suallar çətin, vaxt az...

1-03-2021, 21:12           
Magistr imtahanı narazılıq doğurdu: -
Dövlət İmtahan Mərkəzi (DİM) dünən magistratura pilləsinə qəbul imtahanı keçirib. İmtahanlar respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb. İştirak üçün 19885 bakalavr ərizə təqdim edib.
İmtahanla bağlı apardığımız müşahidlərdən məlum olur ki, bakalavrlar magistraturaya qəbul imtahanlarından narazıdırlar.

Onların sözlərinə görə, suallar həddindən artıq çətin olub. Bakalavrlar eyni zamanda məntiqlə əlaqədar sualların çox vaxt apardığını, xarici dillə bağlı təqim edilən mətnlərin isə uzun olduğunu bildiriblər.

Narazılıqlarla bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Rafiq İsmayılov söyləyib ki, məntiqlə bağlı sualların cavabını tapmaq üçün müəyyən yollar var. Və bu metodlar o qədər də vaxt aparmır:

“Hətta məntiqlə bağlı sualların cavabını 1 dəqiqəyə tapmaq olur. DİM uzun müddətdir ki, magistraturaya qəbul imtahanı hazırlayır və hər bir məqamı ölçüb-biçirlər. Hər bir məntiqi sualın müvafiq həll yolları var. Həmin yolları mənimsəyəndə tapşırığı çox asanlıqla həll etmək mümkündür. Çox güman ki, narazı olan abituriyentlər həmin üsulları mənimsəməyiblər, ona görə də narazıdırlar”.

Xarici dillə bağlı mətnlərin uzunluğuna gəlincə, ekspert qeyd edib ki, hər zaman bununla bağlı problemlər meydana gəlir:

“Yəni mətni oxuyub sona çatdırmağa vaxt olmur. Lakin müvafiq xarici dil üzrə imtahan verən şəxslərlə söhbət aparmışam. Onlar hər şeyin aydın olduğunu, sadəcə vaxt qıtlığının olduğunu söyləyirdilər. Xarici dillə bağlı mətnlərlə bağlı bir məsələ var: İstənilən dil üzrə mətni oxuyub anlamaq üçün müvafiq sürətə diqqət yetirmək lazımdır. Bunun üçün çoxlu məşq etmək vacibdir.

DİM adətən sualları tərtib edərkən çoxlu müzakirələr olunur. Məsələn, suallar çətinlik dərəcəsinə görə nəzərdən keçirilir və orta statistika nəzərə alınır. Sözsüz ki, suallar asan olsa, bal toplayanlar daha çox olacaq. Lakin bizə lazımdır ki, ən istedadlı və bilikli şəxslər magistr pilləsinə yüksəlsinlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.