Krımın gəncəli prokuroru - Ukraynada məşhurlaşan həmvətənimiz

6-03-2021, 10:15           
Krımın gəncəli prokuroru -
Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Ukraynanın hüquq sisteminin ən məşhur simalarından biridir.

Gündüz Məmmədov – Azərbaycan əsilli ukraynalı hüquqşünas.

Gündüz Aydın oğlu Məmmədov 1974-cü il oktyabrın 26-da Azərbaycanın Gəncə şəhərində anadan olub.

1996-cı ildə Ukraynada Odessa Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 2013-cü ildə Odessa İqtisad Universitetinin məzunu olub.

Karyerası

Karyerasına 1996-cı ildə Ukrayna prokurorluğunda başlayıb. Prokuror köməkçisi, Odessanın Primorski bölgəsi prokurorluğunda təcrübəçi, daha sonra bölgə prokurorunun birinci müavini vəzifəsində çalışıb.

2012-2013-cü illərdə Kiyev vilayətinin prokurorluğunda çalışıb. 2013-cü ildə Ukrayna Prokurorluğu Milli Akademiyasının Tədqiqat İnstitutunun Cinayətkarlıqla Mübarizə üzrə Tədqiqat şöbəsinin baş tədqiqatçısı olub.

2013-cü ilin dekabrından 2014-cü ilin iyuluna qədər Dnepr Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsini tutub. 2014-cü ildə Odessanın prokuroru, bir il sonra Odessa vilayətinin prokurorunun müavini olub. Odessa bölgəsində işləyərkən bir çox qalmaqallı cinayət işlərinin açılmasında iştirak edib. Xüsusilə, hüquq-mühafizə orqanlarında narkotiklərin yayılmasının qarşısının alınması, korrupsiya və qanunsuz qumar oyunlarına, eləcə də soyğunçuluq, mütəşəkkil cinayətkarlığa və reketliyə qarşı mübarizədə fəal olub.

22 Avqust 2016-cı il tarixindən Ukraynanın Krım bölgəsinin prokurorudur. 2014-cü ildə Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra prokurorluğun binası Kiyevə köçürülüb.

18 oktyabr 2019-cu il tarixində Ukrayna baş prokuroru Ruslan Ryaboşapka Gündüz Məmmədovun baş prokurorun müavini vəzifəsinə təyin edilməsi barədə əmr imzalayıb.

Tədqiqat fəaliyyəti

Gündüz Məmmədov “Ukrayna Milli Prokurorlar Akademiyasının Bülleteni”, “Prokurorluğun Bülleteni”, “Elmi Bülleten” və elmi-metodiki jurnallarda yayımlanan elmi məqalələrin və kitabların müəllifidir. Eyni zamanda, “Dzerkalo tijnya”, “Qordon”, “Ukrainska Pravda”, “Novoe vremya” və s. qəzetlərdə publisistik məqalələrlə çıxış edib.

O, hüquq elmləri üzrə fəlsəfə doktoru dərəcəsi “Ukrayna və Azərbaycandakı Prokurorluğun İşləri” adlı dissertasiyasını müdafiə edib.

Gündüz Məmmədov hüquq elmləri üzrə çox sayda əsərlərin müəllifidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.