Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar

7-03-2021, 17:13           
Ona qarşı “vnimatelni” olmadılar -
Demokratikmusavat.com Kulis.az-a istinadən aktyor Məmmədsadıq Nuriyev haqqında maraqlı faktları təqdim edir.

Nuriyev Məmmədsadıq Qafar oğlu 5 mart 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbində qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini ona dövrün ən məşhur aktrisalarından biri olan aktrisa Fatma Qədri deyib.

***

Teatr məktəbini 1937-ci ildə bitirib. Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsinin göndərişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib. Səkkiz ilə orada aktyor kimi fəaliyyət göstərəndən sonra Gəncə Dövlət Dram teatrına gedir. 1956-cı ildən isə Azərbaycan Dövlət Musiqili teatrında işləməyə başlayır.



O, həm teatr, həm də kino səhnəsində dramatik və komik rollar ifa edib. Bu rolları eyni ustalıq və məharətlə ifa etdiyi üçün teatr aləmində onu "vücud" ləqəbi ilə çağırırmışlar.

***

Məmmədsadıq Nuriyev Rəfiqə adlı qadınla ailə həyatı qurub. Deyilənlərə görə ailədə həddindən artıq ciddi və tündməcaz adam olub. Onların dörd övladı doğulub.

***

Məmmədsadıq Nuriyev "Yeddi oğul istərəm", "Əhməd haradadır?", "Ulduz", "Sehrli xalat", "Uşaqlığın son gecəsi" kimi filmlərdə müxtəlif səpkili, epizodik rollar ifa edib.



Məmmədsadıq Nuriyev Azərbaycan kino tarixində bir sözü ilə yadda qalan yeganə aktyordu. Onun "Uşaqlığın son gecəsi" filmində ifa etdiyi Davud obrazının dilindən dediyi iş sosiska da deyil, adam gərək "vnimatelni" olsun sözlər bu günə qədər də insanlar tərəfindən xatırlanır.

***

Aktyor Xalq artisti Yaşar Nurinin atası olub. Yaşar Nurinin teatr və kino sənətinə gəlişində atasının çox böyük rolu olub. Belə ki, aktyor uşaq yaşından oğlunu özü ilə teatra, çəkiliş meydançasına aparırmış. Həmçinin Yaşar Nuri tamaşalarda uşaq rollarında iştirak edirmiş. Dramaturq Məhərrəm Əlizadənin "Toy kimindir?" musiqili komediya tamaşasında məktəbli ikən Qoşunun oğlu Tapdıq rolunda səhnəyə çıxıb.



Yaşar Nuri müsahibələrinin birində bu haqda deyir: "Atamla keçmiş "26-lar bağı"nda Ordubadi adına yay teatrına getmişdik. Oturub aktyorların məşqinə baxırdım. "Toy kimindir?" operettasında Qoşunun oğlunu oynayan aktyor xəstələnmişdi. Teatrın aktyoru Şünasi atamın razılığını aldıqdan sonra məni səhnəyə çağırdı. Diqqətlə baxdıqdan sonra sevincək dedi: "Vücud, bu, hazır aktyordur, mən ölüm...". Şünasi masanın arxasına keçib atamın bazarlıq edib yanına qoyduğu kağız torbanın üstünə oynayacağım rolun sözlərini yazdı. Qoşa Qala qapısından evə gələnədək rolumu əzbərlədim. Axşam yenə teatra getdim və deyilənlərə görə, rolu pis oynamadım. Çox keçməmiş, "Hacı Qara"da Hacı Qaranın oğlu Bədəl rolunu mənə verdilər".

***

Heç bir fəxri ad ala bilməyən aktyor 1975-ci il martın 25-də əlli altı yaşında dünyasını dəyişir.

***

Oğlu Yaşar Nuri 1982-ci ildə əməkdar artist adını alır. Ona çıxış üçün söz verilir. Çıxış edən Yaşar Nuri sonda deyir: "Yazıq atam neçə il səhnədə külüng vurdu, bir quru ada da həsrət qaldı".шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.