Azərbaycan məmurlarının “5 faizlik” yalanı... - qulağımıza, yoxsa gözümüzə inanaq?
15-02-2016, 18:40
Azərbaycanda rəsmi statistikanın bir çox hallarda şişirtmə, “pripiska” üzərində qurulduğu hamıya aydın həqiqətdir. Məmurlar “rəqəmlərlə rəqs etməyi” sevirlər - əgər rəsmi statistikaya inansaq, ölkəmizdəki işsizlik və yoxsulluq səviyyəsinə, adambaşına düşən ÜDM-ə, qeyri-neft sektorunun inkişaf sürətinə və s. dünyanın ən inkişaf etmiş ölkələri belə həsəd apara bilərlər.
Məsələn, Azərbaycanda işsizliklə bağlı rəsmi rəqəmlərə istənilən inkişaf etmiş ölkə vətəndaşının ancaq və ancaq qibtə etməsi mümkündür. Bir az da konkretləşdirək: əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cəmi bir neçə ay əvvəlki açıqlamalarından belə məlum olurdu ki, Azərbaycanda işszilik səviyyəsi hətta 5 faizdən də aşağıdır. Sitat: “2004-cü ildən bəri icra olunan mühüm dövlət proqramları 1 milyon 360 min, cari ilin ilk rübündə isə 30 minədək yeni iş yerinin açılmasına, ölkədə məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. “Bu, dünyanın digər ölkələri ilə müqayisədə ən aşağı göstəricilərdən biridir”.
Hələ bu harasıdır, S.Müslümov Azərbaycanın həmçinin gənclər arasında aşağı işsizlik həddi ilə seçilən ölkələrdən biri olduğunu söyləmişdi. Sitat: "Ölkəmizdə 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9 faiz, 15-24 yaş arasında isə 13,5 faizdir ki, bu da dünyanın digər ölkələrində, hətta bir sıra inkişaf etmiş dövlətlərindəki göstəricilərlə müqayisədə aşağıdır”.
Əslində bu “rəsmi statistikalar” üzərində çox dayanmamaq da olardı. Çünki ölkə əhalisinin real iqtisadi-sosial durumu hamımızın gözü qarşısındadır və həqiqi mənzərənin məmurların səsləndirdiyi rəsmi göstəricilərlə 180 dərəcə ziddiyyət təşkil etdiyini bilməyən yoxdur. Əminik ki, hətta Sovetdənqalma “pripiska” ənənəsini bu gün də uğurla davam etdirən çinovnniklərimizin özləri də ürəklərinin dərinliyində həmin statistikaların həqiqətdən çox uzaq olduğunu anlayırlar.
Hələ də anlamayanlar üçünsə (əlbəttə, əgər doğrudan da belələri varsa!) son günlər yaranan “ənənəni” xatırlatmaq yerinə düşərdi: dünən Şirvan şəhərində yüzlərlə vətəndaş yerli məşğulluq idarəsinin qarşısına toplaşaraq, işlə təmin edilmələrini tələb ediblər. Bundan əvvəl isə ölkənin ikinci böyük şəhərində - Gəncədə təşkil olunan əmək yarmarkasında misli görünməmiş izdiham yaşanmışdı. Həmin izdiham ölkədə işlsizliyin real səviyyəsinin necə böyük miqyas aldığını bir daha sübut etdi.
Şübhə yoxdur ki, Azərbaycanın digər rayon və şəhərlərində də mənzərə fərqli deyil.
Belədə sual yaranır: hansına inanmalıyıq - işsizlikdən cana yığılmış insanların getdikcə ənənə halını alan izdihamlarına, yoxsa məmurların “5 faiz” söhbətlərinə? Hökumət nümayəndələrinin dilindən eşitdiyimiz rəsmi rəqəmlərə etibar etməli, yəni qulaqlarımıza inanmalıyıq, yoxsa gözlərimizə - gördüyümüz işsizlər izdihamlarına?!
Ən əsası: cənablar, “pripiska”lardan əl çəkib, reallığı görmək vaxtı çatmayıbmı? Axı aydın görünür ki, artıq heç bir bəzəkli yalan əhalinin düşdüyü ağır sosial-iqtisadi durumu malalamaq, gizlətmək iqtidarında deyil!..qaynarinfo/