Rusiyalı media eksperti: jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır

27-07-2021, 11:19           
Rusiyalı media eksperti: jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən SputnikPro vebinarında KİV nümayəndələrinə feyk xəbərləri necə aşkar və ifşa etməyin yollarından danışıblar

Müasir dünyada xəbərlərin, o cümlədən feyk xəbərlərin yayılması sürəti və bunun üçün istifadə olunan alətləri nəzərə alsaq, peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır. Bunu bazar ertəsi Bakıda SputnikPro layihəsi çərçivəsində keçirilən "Müasir jurnalistika üçün faktçekinq texnologiyaları" adlı ustad dərsində Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

Onun sözlərinə görə, ilk növbədə bunu anlamaq lazımdır ki, feyklər heç də yeni bir məfhum deyil, hazırda fərq ondadır ki, bu gün onlar faktoidə çevrilir və ictimai şüurda yalnız ona görə həqiqət kimi qəbul olunur ki, onları KİV-lər yayır.

"Feyklərin yayılma səbəbləri müxtəlifdir. Buna səbəb həm jurnalistlərin, həm də auditoriyanın axmaqlığı, tənbəlliyi, savadsızlığıdır. Digər bir səbəb - hansısa maraqlar, kommersiya maraqlarıdır. Siyasi müstəvidə də feyklər kifayət qədərdir", - deyə Şafir bildirib və onu da qeyd edib ki, əksər hallarda feyklərin məqsədi təxribat olur.

"Çexiyalı jurnalist Fuçikin çağırışını yadda saxlamaq və diqqətli olmaq lazımdır. Peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalı və şübhə doğuran bütün məqamlara diqqət yetirməlidir. Bura infiormasiyanın məntiqsizliyi, onun həddən artıq səs-küylü şəkildə təqdim olunması, mənbəyinin olmaması daxildir", - deyə rusiyalı media eksperti bildirib.

Ekspert eyni zamanda jurnalistləri və KİV nümayəndələrini informasiyanın emalı zamanı məsuliyyəti yaddan çıxarmamağa, nə qədər vacib və "dəhşətli" görünməsinə baxmayaraq müxtəlif feykləri peşəkar müstəvidən kənarda yaymamağa çağırıb.

Yardım qismində ekspert faktların yoxlanması üçün müxtəlif alətlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bunun üçün rəsmi saytlar, internetdə olan müxtəlif şəkillərin, videoların ilkin variantının axtarılıb tapılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar.

"Xəbər nə qədər vacib və dəhşətli görünsə də, hətta siz öz fikrinizi bildirirsinizsə də, onu yaymaq, feykyayanlar zəncirinin həlqəsi olmaq lazım deyil. Xəbərin tarixi kimi sadə bir şey hər şeyin üstünü aça bilər. Yadda saxlamaq lazımdır ki, bu gün köhnə xəbərlərin yayılması üçün geniş imkanlar var: sosial şəbəkələrdə hər şeyi dəfələrlə yenidən dərc etmək olar", - deyə Şafir qeyd edib.

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.