Ermənistan Rusiyaya köçür: Torpaq yox, pul yox, ümid yox... - GƏLİŞMƏ
29-10-2021, 09:37
Müharibədən sonra ermənilərin Rusiyaya köçü sürətlənib. 2021-ci ilin ilk 6 ayında 22 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.
Bu, son dörd ilin müvafiq dövrləri ilə müqayisədə rekord rəqəmdir. Məsələn, 2017-ci ilin ilk yarısında Rusiya pasportu alanların sayı 11 min 500 nəfər idi. Ermənistan vətəndaşları Rusiya vətəndaşlığı alan ölkələr arasındakı saya görə Ukrayna, Qazaxıstan və Tacikistandan sonra 4-cü yeri tutur. Lakin ölkə əhalisinin sayına nisbətdə Rusiya vətəndaşlığı alan vətəndaşlarının faizinə görə Ermənistan liderdir. Bundan əvvəl mühacirətə əsas səbəb iqtisadi problemlər idisə, indi buna müharibədən sonrakı qorxular da əlavə olunub. Pandemiya məhdudiyyətlərinə baxmayaraq, Rusiya Miqrasiya Xidmətində qeydiyyata düşən və Rusiya vətəndaşlığı almaq üçün hüquqi prosesə başlayan Ermənistan vətəndaşlarının sayı bu il də artıb. Həmçinin, Rusiya Miqrasiya Xidmətində qeydiyyatdan keçən Ermənistan vətəndaşlarının sayı bu ilin ilk altı ayında 300 min nəfər olub. Ötən ilin anoloji dövründə bu rəqəm 200 min nəfər idi. Başqa sözlə, 2021-ci ilin birinci yarısı üçün Ermənistan əhalisinin 10 faizi Rusiyada qeydiyyata düşüb.
Həm də söhbət müstəsna olaraq leqal miqrantlardan gedir. Üstəlik Rusiyada qeyri-leqal statusda yaşayan və işləyənlər də çoxdur. Qeyd edək ki, Ermənistan iqtisadiyyatının əsas gəlir mənbəyi 30 ilə işğal altında saxladığı Qarabağ idi. Nəzərə alaq ki, Ermənistanda ən iri vergiödəyicilər Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Füzuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdilər. Bununla yanaşı, Ermənisanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi də Laçında idi. Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib. Həmçinin, Ermənistanın taxıla olan ehtiyacının da 25 faizi məhz Qarabağ hesabına ödənirdi. Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Artıq bu, mümkün deyil, çünki Hadrut, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan əsl sahibərinə qaytarılıb. Eyni zamanda, Qarabağın işğaldan azad olunması ilə Qarabağda hazırladığı şərab biznesi də məhv edilib.
Görünən odur ki, Qarabağ müharibəsindəki ağır məğlubiyyət Ermənistan vətəndaşlarının Rusiyaya köçünün sürətlənməsinə səbəb olub.
Cebhe.info-ya açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, iqtisadiyyatı çökmüş Ermənistanda vətəndaşlar digər xarici dili bilmədiyi üçün Rusiyaya üz tutur:
“Ümumiyyətlə, Ermənistan, Azərbaycan, Gürcüstan və Cənubi Qafqazın digər dövlətləri üçün Rusiya bir növ doğma ölkə hesab olunur. Çünki bu ölkələr 70 il birlik altında yaşayıb. Ona görə də, bu xalqların Rusiyaya getmək imkanları daha böyükdür. Bu ölkələrin vətəndaşlarının böyük əksəriyyətinin rus dilini bildiyini nəzərə almaq lazımdır. Eyni zamanda, bu xalqların yaşaması üçün Rusiya uyğun bir ölkədir. Həm Avropaya, həm də Amerikaya getmək üçün müxtəlif xarici diləri bilmək lazımdır.
Ermənilər isə dilini bilmədiyi və tanımadıqları bir ölkəyə getmək istəmirlər. Nəzərə almaq lazımdır ki, Ermənistanın əsas gəlir mənbələrindən biri Qarabağ idi. Çünki ermənilər işğal olunmuş ərazilərdən külli miqdarda qazanc əldə edirdilər. Kənd təsərrüfatı məhsulları, taxıl ilə yanaşı, qızıl yataqlarından və digər faydalı qazıntılardan da bəhrələndiklərini unutmaq olmaz. Azərbaycanın Qarbağdakı Zeynəli və Söyüdlü adlı iki böyük qızıl yatağını 30 ilə yaxın ermənilər istismar edib.
İndi isə bunların hamısı onların əllərindən çıxıb. 44 günlük müharibə Ermənistanı sadəcə işğal etdiyi ərazilərdən məhrum etmədi, həm də qonşularla münasibətlərinin pozulmasına gətirib çıxardı”.
A.Nəsirli onu da qeyd edib ki, Ermənistanın iqtisadi potensialı xeyli aşağı düşüb:
“Rəsmi İrəvanın İran, Gürcüstan və Rusiya ilə də əlaqələrinin zəiflədiyinin şahidi oluruq. Bu qədər insanın Rusiyaya üz tutmasına əsas səbəb isə ölkənin iqtisadiyyatına zəifləməsidir. Ermənistanda artıq insanlar yaşamaqda çətinlik çəkir, dolana bilmir və iş yerləri bağlanır. Buna görə də əhali harasa getməlidir. Onlar üçün ən münasib ölkə isə məhz Rusiyadır. Hətta yaxın gələcəkdə Ermənistanın əhalisinin böyük əksəriyyəti digər ölkələrə də üz tuta bilər. Qonşularla münasibətlər normallaşmasa, qarşıdakı on illərdə Ermənistanda erməni qalmayacağını düşünürəm.
Bütün bunları həll etmək və Ermənistan iqtisadiyyatını ayağa qaldırmaq üçün Nikol Paşinyan iqtidarı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırılmalıdır. Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi - diplomatik münasibətlər qurmalıdır. Həmçinin, kommunikasiya xətləri açılmalı və bölgənin iqtisadi potensialından Ermənistan bəhrələnməlidir. Hesab edirəm ki, kommunikasiya xətlərinin açılmasının açar hissəsi məhz Zəngəzur dəhlizidir. Əgər bunlar baş verməsə, Ermənistan iqtisadi cəhətdən tamamilə tənəzzülə uğrayacaq”.