Bakını bu sıxlıqdan və boğulmaqdan necə qurtarmaq olar? - HƏQİQƏTƏN DƏ...

30-10-2021, 11:50           
Bakını bu sıxlıqdan və boğulmaqdan necə qurtarmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bakıda avtomobil sıxılığı var, Bakıda tıxac var, Bakıda hava çirklənir, Bakının mərkəzində bina tikmək üçün yer qalmayıb, Bakı genişlənir, Bakıda yaşıllıqlar məhv olur, Bakıda parkinq yerləri yoxdur və s. və ilaxır. Qısacası, Bakının sayılacaq dərdi çoxdur.
Bütün dövlət qurumları, ali təhsil müəssisələri, iş yerləri və s. hamısı Bakı şəhərində yerləşir. Bununla yanaşı, bölgələrdən də Bakıya oxumaq və işləmək üçün gələn kifayət qədər vətəndaş var.

Bakını bu sıxlıqdan və boğulmaqdan necə qurtarmaq olar?

Çox asan. Türkiyənin tursitik şəhəri İstanbul sayılır və bütün turistlər İstanbulu görməyə gəlir. Rəsmi şəhər isə Ankaradır. Azərbaycan da Bakını qurtarmaq üçün Türkiyə kimi addım ata bilər. Paytaxt, böyük şəhərlərdən birinə köçürülsə, o zaman Bakının da canı rahat olar, bizim də canımız tıxaclardan qurtarar.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərəzliyev deyir ki, bütün idarələr, nazirlik və qurunlar Bakıda yerləşir və həmin qurumların minlərlə əməkdaşları var ki, çoxu avtomobillə işə gedir. Həmin qurumların yerləşdikləri əraziləri, əməkdaşlarının avtombillərinin sayını hesablasaq, tıxacların da səbəbini müəyyən etmiş olarıq.

"Dövlət müəssisələrinin və ali təhsil müəssisələrinin bölgələrə köçürülməsi, ümumi iqtisadi vəziyyətin də yaxşılaşmasına səbəb olar. Məsələn; ali təhsil müəssisələrinə gələn tələbələrin qaldığı kirayə evlər və Bakıda xərclədikləri vəsaitlər, müəssisənin köçürüldüyü ərazilərə iqtisadi baxımdan fayda verə bilər. Bu köç, seçilmiş ərazidə kirayə bazarlarını da inkişaf etdirmiş olar. Ali təhsil müəssisələrində təhsil alan tələbələrin müəyyən qismi bölgələrdən gəlir. Böyük köç olarsa, bu şəxslər bölgələrə dönüş edəcəklər. Bu da paytaxtda sıxlığın aradan qalxması ilə nəticələnəcək",- deyə E.Fərzəliyev bildirir.

Ekspertin sözlərinə görə, Bakıdakı qurumlar bölgələrə paylansa, bu addım, həmin bölgələrdə yeni iş yerlərinin açılmasına və iqtisadi rifahın yüksəlməsinə səbəb olacaq. Belə bir addım atılacağı təqdirdə, bölgələrdə yaşayan insanların da yaşayış vəziyyəti yaxşılaşa bilər. Azərbaycan, Bakıdan ibarət deyil. Buna baxmayaraq, görünən mənzərə, bütün qurumların Bakıda olduğunu əks etdirir.

"Bu addım atılmalıdır. Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və s. bu kimi rayonlarda ali təhsil müəssisələri var. Bu ərazilərdə kirayə bazarı, iaşə müəssisələri işləyir. Bakıdakı qurumları isə, zəif inkişaf etmiş, iqtisadi durumu qənaətbəxş olmayan olmayan bölgələrə köçürmək lazımdır ki, həmin ərazilərdə də ümumi vəziyyət stabilləşsin" - deyə ekspert, qeyd edilən köçün əhəmiyyətini vurğulayıb.

Köç olduğu təqdirdə, Bakı, turizm şəhərinə çevrilə bilər. Qalaları, İçərişəhəri, qədim hamamlar və tarixi abidələri ilə Bakı turistlərin sevimli şəhəri ola bilər. Bu gün Bakını gəzib dolanmaq, tarixi yerləri ziyarət zamanı turislər də çətinlik çəkir. Şəhərdə avtomobil sıxlığı, park yerlərinin azlığı və kütlənin çoxluğundan yorulan turistlər, "Tarqovi"nı gəzib evə və ya otelə qayıdırlar. Bakı, turistlərin yaddaşında "Tarqovi" ilə qalmamalıdır. Qəsəbələrdə olan qalalar, pirlər və zəngin tariximizi özündə əks etdirən abidələr də turistlərin gözünü oxşaya bilər. Bunun üçün isə, Bakını azacıq boşaltmaq lazımdır.

Azərbaycanda da Ankara kimi rəsmi şəhər yaratmaq olar. Bu gün hamı Ankara üçün "rəsmilərin şəhəri" deyir. Orada yaşayan əhali də, yaşayan məmurlar da, sakit və stabil şəraitdə yaşayır. Yollarda da İstanbul və ya Bakıda olduğu kimi tıxaclar müşahidə edilmir. Bu nümunəyə nəzərən, Bakının köçürülməsi məsələsi də gündəmdə olmalı, hökumət tərəfindən dəyərləndirilməlidir. Tarixi torpaqlarımızın da işğaldan azad edildiyini nəzərə alsaq, Bakının köçürülməsi çətin olmayacaq...
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.