İsrail kəşfiyyatından gözlənilməz nəticə: İranı nə öldürmürsə, daha da güclü edir

22-11-2021, 08:28           
İsrail kəşfiyyatından gözlənilməz nəticə: İranı nə öldürmürsə, daha da güclü edir
İranın Kərəc şəhəri yaxınlığındakı obyektdə nüvə proqramının əsas komponentlərinin istehsalını bərpa etdiyi bildirilir. Müşahidəçilərin fikrincə, bu, 2015-ci il nüvə sövdələşməsinin yenidən bağlanmasına can atan Co Bayden administrasiyası üçün yeni çağırış olacaq.

İranın nüvə proqramı ilə bağlı danışıqların yeni mərhələsinin başlanmasına 10 gündən də az vaxt qalır. Onların taktiki mənzərəsi indidən aydındır - Tehran sərt mövqeyindən əl çəkməyəcək. Ali lider Əli Xamenei və prezident İbrahim Rəisi əmindirlər ki, danışıqların hansı nəticəylə bitəcəyindən asılı olmayaraq ABŞ əvvəlki kimi İranı buxovda saxlamaq və yeni sanksiyalarla, yaxud sanksiya təhdidləri ilə onun siyasətinə təsir etmək niyyətindədir.

İranlılar hətta atom silahı proqramından və uranın zənginləşdirilməsindən imtina etməyə razı olsalar belə, amerikalılar yeni tələblər irəli sürəcəklər. Çünki məsələ nüvə silahında və onun çatdırılma vasitələrində deyil - Vaşinqtona və hazırki İran rejiminə eyni qlobusda sadəcə yola gedə bilmir. Tərəflər Vyanada hansı razılığa gəlsələr də, İran ABŞ-dan asılı olmayan siyasətini davam etdirərək Hezbollahdan Yəməndəki husilərə və İraqdakı iranyönümlü könüllülərə qədər özünün bölgədəki ordularını gücləndirməkdə davam edəcək.

Bu vəziyyətdə İsrail kəşfiyyatı da özünün yeni analizini təqdim edib. Həmin analizə görə, təxribat və sabotaj vasitəsilə İranın nüvə proqramına təsir göstərmək cəhdləri Tehrana yalnız fayda verir. Nüvə proqramı ilə bağlı fəaliyyətin çox qısamüddətli ləngiməsi onun miqyasının və dərinliyinin artması və MAQATE-nin nəzarət imkanlarının azalması ilə əvəzlənir.

Məsələn, Nətənzdəki zavodda apreldə baş verən təxribatdan sonra İran uranın 60%-dək zənginləşdirilməsinə başlayır, istehsal gücündəki düşüş isə bir neçə ay ərzində kompensasiya olunur. Və artıq yayda təxribatdan əvvəlki səviyyə nəinki bərpa edilir, üstəlik ötülüb keçilir. Necə deyərlər, “nə bizi öldürmürsə, daha da güclü edir”. Kərəcdəki obyektdə də məhz bu cür oldu. Qəzadan sonra İran atomçularına ən yeni sentrifuqaların detallarının istehsalının bərpası üçün cəmisi bir neçə həftə lazım oldu və artıq avqustun sonuna 170-dən çox sentrifuqa istismara verildi. MAQATE ekspertləri isə bu obyektə bir daha dönmədi…

Bir məsələyə də diqqət olunmalıdır - iranlıların böyük əksəriyyəti hesab edir ki, ölkələrinin nüvə texnologiyalarına sahiblənməsi millət üçün qürur məsələsidir. Birləşmiş Qərbin bu məsələdə uğursuz qarşıdurması isə İrana qarşı qəsddir. Və Qərb nüvə proqramına qarşı nə qədər güclü mübarizə apararsa, İran xalqının öz rəhbərliyi ətrafında həmrəyliyi də bir o qədər sıx olacaq.

Əgər İranda son illərdəki kütləvi aksiyaları analiz etsək görərik ki, etirazçılar hakimiyyəti bir çox məsələlərə, o cümlədən, Suriya və Yəmənə yardım göstərdiyinə görə yetərincə tənqid edib. Ancaq İran atomunun inkişafı ilə bağlı səylər heç vaxt pislənməyib. Bu məsələdə Xamenei və Rəisi əhali tərəfindən bənzərsiz etimad krediti əldə ediblər və heç bir sanksiya onu zəiflədə bilməyib. Bu isə Tehranın qarşıdan gələn danışıqlarda mövqelərini ciddi şəkildə möhkəmlədir.

İran tərəfi danışıqların növbəti mərhələsinə ciddi “istehsal uğurları” ilə gedir: İran atom agentliyi noyabrda bəyan edib ki, 20 faiz zənginləşmiş uranın ehtiyatları 210 kiloqrama çatır. Halbuki 2015-ci il sövdələşməsinə görə, İran uranı 3,67 faiz səviyyəsindən yuxarı zənginləşdirməməli idi. Bu məsələdə sanksiyalar və gizli müharibənin heç bir faydası olmadı.

Vaşinqtonun təhdidləri və Tehranla güc mövqeyindən danışması da uğursuzluğa düçar oldu. İranda bunu çox yaxşı başa düşürlər və bu üslubda danışıqların davam etdirilməsi cəhdlərini qulaq ardına vururlar. ABŞ da bunu anlayıbmı və taktikanı dəyişməyə hazırdırmı - bunu tezliklə biləcəyik.

Yeri gəlmişkən, Baydenin İran üzrə xüsusi nümayəndəsi Rob Malli Tvitterdə intriqa doğura biləcək fikirlər bölüşüb: «Bölgədəki (Yaxın Şərq - İ.N.) fəaliyyətdə uğursuzluqların əksəriyyəti İranın hər yerdən kənarlaşdırılmasındadır və bu, cavab tədbirlərinə səbəb olur”. Bu, amerikalıların “İran keysi”nə münasibətdə yeni taktikası kimi səslənir - Tehranı həvəsləndirməyə çalışırlar ki, yeni saziş imzalanarsa o, bölgədə leqal oynamaq hüququ qazanacaq. İraqda, Livanda, Suriyada, Əfqanıstanda - və ardınca hər yerdə …
Müəllif: İkram Nur
virtualaz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.