İki böyük şəhərə görə mübarizə qızışır - Gəncə və Bakının meri kimlər olacaq

20-03-2016, 14:40           
İki böyük şəhərə görə mübarizə qızışır - Gəncə və Bakının meri kimlər olacaq
Elmar Vəliyev özünə əminliklə yanaşı, varisini də müəyyənləşdirib, Eldar Əzizov və Zakir Fərəcov isə təmsil olunduqları qruplaşmalara güvənirlər

Azərbaycanın iki ən böyük şəhəri, ələlxüsus paytaxtlarının meri uğrunda həmişə mübarizə olub və bundan sonra da olacağı şübhəsizdir. Bakı və Gəncənin rəhbəri olmaq üçün hakimiyyətiçi qruplaşmaların maraqları da mövqe baxımından toqquşub. İllərdən bəri şəhərlərin ayrı-ayrı adamların əlinə keçməsi, qrupların maraqlarına xidmət etməsi də adi haldır.

teref.az yazır ki,politika.az-ın verdiyi xəbərə görə, Bakı və Gəncə uğrunda mübarizə artıq yenidən qızışmağa başlayıb. Ölkə paytaxtının hazırkı meri Hacıbala Abutalıbov hakimiyyət dairələri üçün hər nə qədər sədaqətli biri olsa da, yaşının çoxluğu səbəbindən postunu tərk etməsi zərurəti yaranıb. Bu yaxınlarda mətbuata verdiyi açıqlamasında da Abutalıbov bildirmişdi ki, artıq işdən çıxmaq istəyir.

Qeyd edək ki, Bakı merliyi üçün mübarizə aparan hakimiyyətiçi qruplaşmalar bu dəfə də yaranmış əlverişli fürsəti əldən vermək istəmirlər. Ona görə də, indidən mübarizəyə qoşulub, namizədlərini müəyyənləşdirməyə çalışırlar. Politika.Az-a daxil olan məlumata görə, hazırda namizədlər arasında Səbayelin icra başçısı Eldar Əzizov, Sumqayıtın meri Zakir Fərəcov, habelə Gəncənin meri Elmar Vəliyevin adları çəkilir.

Məlumatlarda qeyd edilir ki, hər üç namizəd bu posta iddialıdır və arxalarında dayanmış güclərə də çox arxayındırlar. Bu namizədlər arasında Bakı meri olmaq şansı az olan tək namizəd isə Zakir Fərəcovdur. Çünki o, bu yaxınlarda Sumqayıtın icra başçısı təyin olunub və orada bir xeyli çalışdıqdan sonra iddialı tərəf kimi çıxış edə biləcək. Yəni, indiki məqamda onun «varis»liyi barədə düşünmək olar.
Eldar Əzizov isə iki böyük şəhərin meri olub və idarəetmə təcrübəsi yetərli qədərdir. Lakin onun istər Sumqayıt, istərsə də Gəncədə heç də yaxşı ad çıxarmadığı hakimiyyət dairələrinə məlumdur. Hətta onun Səbayeldə yeni olmasına baxmayaraq, bəzi səhv addımlar atdığı da diqqəti çəkməkdədir.

teref.az yazır ki,politika.az-ın verdiyi xəbərə görə, Gəncənin hazırkı icra başçısı Elmar Vəliyevin isə özünə çox güvəndiyi vurğulanır. Bildirilir ki, Vəliyev artıq ətrafında Bakının meri olacağını dilə gətirməyə başlayıb. İndidən quracağı yeni komandasını da müəyyənləşdirmək üzrədir.

Maraqlıdır ki, Elmar Vəliyev Bakı meri olacağı təqdirdə, Gəncəni də əldən vermək fikrindən uzaqdır. Əksinə ölkənin ikinci paytaxtı üçün namizədini də müəyyənləşdirib. Hazırkı merin varisi Bərdənin icra başçısı Vidadi İsayevdir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.