Bakıda yaxalanan terrorçu Suriyada üzə çıxdı

21-03-2016, 12:59           
Bakıda yaxalanan terrorçu Suriyada üzə çıxdı
1998-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatçılarının Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Bakıda yaxalanan yüksək rütbəli "Əl-Qaidə” mənsubu Suriyada üzə çıxıb

teref.az virtualaz.org-a istinadən xəbər verir ki, martın 18-də internetdə yayılmış videogörüntülərə əsasən veteran misirli cihadçı, "Əl-Qaidə” lideri Ayman əs-Zəvahirinin "sağ əli” hesab olunan Ahmed Salam Mabruk hazırda bu terror şəbəkəsinin Suriya filialı olan "Əl Nüsra Cəbhəsi”nin lideridir. Bu haqda ABŞ-ın "The Long War Journal” portalının redaktoru Tomas Joscelyn yazır.

Əbu-əl-Fərəc əl-Məsri kimi də tanınan Ahmed Salam Mabruk "Əl Nüsra Cəbhəsi”nin Suriya üsyanının ildönümü ilə bağlı sosial şəbəkələrdə yaydığı videorolikdən tanınıb.

O, "Əl-Nüsra Cəbhəsi”nin ali şurasının üzvüdür. Mabruk videorolikdə demokratiyanı pisləyir, demokratik idarəçiliyin "müstəmləkəçiliyin yeni forması” olduğunu bildirir, Suriyanın xilas yolunun "cihad olduğunu” deyir.
"The Long War Journal” yazır ki, "İslami Cihad” qruplaşmasının üzvü olan Mabrukun cihadçı karyerası 30 il bundan əvvəl başlayıb.

O, ilk dəfə 1981-ci ildə Misirdə prezident Ənvər Sadatın öldürülməsindən sonra həbs edilib. 7 il həbsdə saxlanılıb və 80-ci illərin sonlarında azadlığa çıxıb. Azadlığa çıxandan sonra 1989-cu ildə Əfqanıstana gedib, 90-cı illərin əvvəllərində isə Yəməndə radikal islamçı fəaliyyətini davam etdirib.

Daha sonra "Əl-Qaidə”nin indiki lideri Ayman əs-Zəvahiri ilə birlikdə fəaliyyət göstərib. 1996-cı ildə Rusiya Federal Təhlükəsizlik Xidməti Mabruku Zəvahiri ilə birlikdə Dağıstanla sərhəddə saxlamışdı. Ancaq daha sonra Rusiya hakimiyyəti terrorçuları müəmmalı şəkildə azadlığa buraxıb.

Təxminən iki il sonra, 1998-ci ilin yayında Mabruk yenidən saxlanılıb. Bu dəfə o, Azərbaycan xüsusi xidmət orqanlarının hədəfində idi. "The Looming Tower”-dən jurnalist Lourens Rayt yazıb ki, Mabrukun Bakıda yaxalanması Mərkəzi Kəşfiyyat İdarəsinin beynəlxalq miqyaslı axtarış əməliyyatlarının tərkib hissəsi idi. 1998-ci ilin iyulunda Mabruk və "İslami Cihad”ın daha bir misirli üzvü Bakı kənarındakı restoranlardan birində MKİ əməkdaşları tərəfindən yaxalanıb.

Onun içərisində "İslami Cihad”ın və "Əl-Qaidə”nin Avropadakı fəaliyyətinə dair mühüm məlumatların yer aldığı notbuku da ələ keçirilib.

Keçmiş FTB agenti Den Koulmandan sitat gətirən jurnalist yazıb ki, Mabrukun notbuku "Əl-Qaidə”nin "Rozetta daşı” idi. Lakin MKİ kompüterdəki məlumatları FTB-yə verməkdən imtina edib.

Xeyli sonra nəhayət FTB kompüterdəki məlumatları alıb, ancaq mənasız bürokratik çəkişmə nəticəsində vaxt itirilmişdi və bu məlumatlar artıq işə yaramırdı.

Mabruk Bakıda yaxalandıqdan sonra Misirə ekstradisiya edilib və terrorçuluq fəaliyyətinə görə məhkum olunub. Lakin 2011-ci ildə Misirdə Hüsnü Mübarəkin devrilməsi və "Müsəlman qardaşlığı” hərəkatının hakimiyyətə gəlişi sayəsində Mabruk həbsxanadan buraxılıb.

Bu dəfə Misirdə terrorçuluq fəaliyyətini açıq davam etdirib. Misirdə "Müsəlman qardaşlığı” hərəkatının hakimiyyəti dövründə Ayman əs-Zəvahirinin kiçik qardaşı Muhammed əl-Zəvahiri də həbsdən buraxılıb və onu Mabrukla birlikdə tez-tez görüblər. Lakin belə görünür ki, Misirdə hərbçilərin hakimiyyəti ələ almasından sonra Mabruk bu ölkəni tərk edib və indi Suriyada "Əl-Qaidə”nin filialının liderlərindən biri kimi fəaliyyətini davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.