SSRİ ABŞ təyyarəsini necə vurdu? – Gizli tarix

22-03-2016, 11:33           

II Dünya Savaşından sonra sovet ordusu dünyada ən qüdrəti ordu sayılırdı. Lakin 1946-cı ildən başlayaraq Soyuq müharibə ABŞ ilə SSRİ arasında münasibətləri gərginləşdirirdi.

Axar.az xəbər verir ki, 1960-cı il mayın 1-də Sverdlovsk yaxınlığında ABŞ-ın “Lokid U-2” kəşfiyyat təyyarəsinin vurulması Soyuq müharibənin ən böyük qalmaqallarından birinə çevrilir.

O dövrdə Pentaqonda belə bir fikir var idi ki, Sovet raketləri və qırıcı təyyarələri U-2-nin uçduğu hündürlüyə qalxa bilmir.

1955-ci ildə ABŞ Prezidenti Duayt Eyzenhauer Sovet İttifaqı Nazirlər Şurasının rəhbəri Bulqaninlə ABŞ və SSRİ üzərində müşahidə uçuşlarına icazə verilməsi haqda razılığa gəlməyə çalışır. Məqsəd tərəflərin bir-birinə qəfil hücumunu önləmək idi. Amma sovet lideri Nikita Xruşşov buna razılıq vermir. Həmin vaxta qədər ABŞ SSRİ səmasının müşahidəsini gizli şəkildə, kəşfiyyatçı təyyarələr vasitəsilə həyata keçirirdi.

Bundan ötrü xüsusi eskadrilya yaradılmışdı. Kəşfiyyat təyyarələri SSRİ hava məkanına Türkiyə, İran, Əfqanıstan ərazisindən girir, hərbi obyektlərin, hava hücumundan müdafiə sistemlərinin şəklini çəkirdi.

Əslində, Duayt Eyzenhauer lap əvvəldən belə uçuşların əleyhinə idi, çünki düşünürdü ki, məsələnin üstü açılsa, bu, təcavüz aktı kimi qiymətləndirilə və SSRİ ilə hərbi konfliktə aparıb çıxara bilər.

Bununla belə o, 1956-cı ildə 5 kəşfiyyat uçuşuna icazə verir.

1956-cı il iyulun 4-də ilk “U-2” təyyarəsi Almaniya Federativ Respublikasındakı Amerika bazasından havaya qalxır, Leninqrad, Moskva, Baltik dənizi üzərindən uçub geri qayıdır. Sovet radarları təyyarəni görə bilmir.

Təyyarədəki güclü fototexnika yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verirdi. Belə uçuşlar 2-4 saat davam edir və 19-21 km. hündürlükdə gerçəkləşirdi.

Bu, sovet hava hücumundan müdafiə sistemlərinin mövqeləri, iş alqoritmi, radiolokasiya stansiyalarının yeri, aerodromlar haqda külli miqdarda kəşfiyyat məlumatı toplamağa imkan verirdi.

ABŞ təyyarələrinin SSRİ hava məkanına girməsinin üstü tezliklə açılır. Sovet hava hücumundan müdafiə sistemlərinin sayəsində Sovet rəhbərliyi ABŞ-dan uşuşları dərhal dayandırmağı tələb edir.

Amma 1957-ci ilin yanvarında uçuşlar bərpa edilir. Təyyarələr Sovet hava məkanının dərinliklərinə girməyə başlayırlar. Sibirdə, Qazaxıstanda yeni-yeni hava hücumundan müdafiə bazaları aşkar edirlər.

1957-ci ilin iyulunda Eyzenhauer Pakistan rəhbərliyindən U-2-lər üçün baza istəyir. Peşavar bunun üçün ideal yer idi. Orta Asiya respublikalarına da yaxın idi.

1960-cı il aprelin 9-da Pakistandan qalxan təyyarə Semipalatinsk nüvə poliqonunda bir sıra gizli obyektlərin, Tu-95 strateji bombardmançıların aviabazasının və s. yerlərin fotosunu çəkir. Sovet radarları təyyarəni görsə də, bürokratik xaos onu hədəfə almağa imkan vermir.

Amma bundan sonra Sovet ordusu kəşfiyyatçı təyyarələrin gəlişinə hazırlaşmağa başlayır.

1960-ci ilin aprelində ABŞ kəşfiyyatı “Qrand Slam” (Böyük dəbilqə) əməliyyatına hazırlaşır. Bu dəfə U-2 Pakistandan qalxmalı, SSRİ üzərindən uçub Noveçdəki hərbi bazaya enməli idi.

Təyyarə Orta Asiyada bir sıra hərbi obyektlərin şəklini çəkəndən sonra SSRİ hava məkanının içərilərinə doğru hərəkət edir, növbəti hədəf Sverdlovsk yaxınlığındakı “Mayak” plutonium (nüvə silahı üçün) zavodunun fotosunun çəkilməsi idi. Sovet radarları U-2-ni görsələr də, bu, sovet təyyarərləri üçün əlçatmaz yüksəklik idi.

Təyyarə güclü raket atəşinə tutulur. Raketlərdən yalnız biri hədəfə dəyir. Bu, “S-75 Dvina” idi. Təyyarə sürətlə yerə düşməyə başlayır və 5 km. hündürlükdə pilot paraşütlə yerə tullanır.

Kosulino yaxınlığında onu yerli sakinlər tuturlar. U-2-nin atəşə tutulması zamanı raketlərdən biri səhvən sovet qırıcısına dəyir, onun pilotu Sergei Safronov ölümündən sonra “Qırmızı bayraq” odeni ilə təltif edilir.

ABŞ rəhbərliyi təyyarə SSRİ hava məkanında yoxa çıxandan sonra onun kəşfiyyatçı olmasını inkar etməyə başlayır, U-2-nin NASA (Amerika Kosmik Agentliyinin) təyyarəsi olduğunu iddia edir. Bildirir ki, təyyarə havanı tədqiq edirmiş, Türkiyə-SSRİ sərhədi üzərində atmosferin yuxarı qatından hava nümunələri götürürmüş.

Oksigen təminatında problem yaranıb, pilot təyyarəni idarə edə bilməyib və azaraq SSRİ hava məkanına girib. Hətta üzərində NASA simvolu olan U-2 təyyarəsinin şəkli də yayılır.

Amma sovet hökuməti ələ keçirdiyi pilot və təyyarənin qalıqlarını nümayiş etdirəndən sonra ABŞ hər şeyi etiraf edir. Bu insident SSRİ və ABŞ arasında münasibətləri daha da gərginləşdirir.

Təyyarənin pilotu Pouers casusluqda təqsirli bilinir və 10 illik həbs cəzasına məhkum edilir. O hər şeyi bonuna alır.

Amma 2 ildən sonra Pouersi sovet kəşfiyyatçısı Rudolf Abelə dəyişirlər.

Bu insidentdən cəmi 2 il sonra SSRİ və ABŞ arasında gərginliyi son həddə çatdıracaq, dünyanı nüvə müharibəsi astanasına gətirib çıxaracaq Karib böhranı baş verəcəkdi.

Tarixi hadisə ilə bağlı 2015-ci ildə məşhur rejissor Stiven Spilberq Tom Henksin iştirakı ilə “Bric of spiz” (Casuslar körpüsü) bədii filmini çəkib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.