Nazirlər niyə idman federasiyalarına rəhbər gətirilir? - “İlk növbədə saxta seçkilərdən imtina etmək lazımdır”

15-12-2021, 12:52           
Nazirlər niyə idman federasiyalarına rəhbər gətirilir?  -
"İdman federasiyalarının uğur qazanması üçün ilk növbədə saxta seçkilərdən imtina etmək lazımdır. “Bu gün filan federasiyada seçki keçirilib, filan nazir federasiya prezidenti seçilib" – kimi xəbərlər gülməlidir, biabırçılıqdır. Hər şey elə o "seçki"dən başlayır. Hər sahə o sahəni bilən şəxslərə tapşırılmalıdır".

Bunu “Komanda.az” saytının baş redaktoru, idman şərhçisi Rəşad Ergün nazirlərin idman federasiyalarına rəhbər gəlməsi xəbərlərinə münasibət bildirərkən deyib.

Bu ay Azərbaycanda iki nazir idman federasiyalarına rəhbər seçilib. Dekabrın 8-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Güləş Federasiyasının, dekabrın 14-də isə təhsil naziriEmin Əmrullayev Basketbol Federasiyasının başına keçib.

“Bu adamlar federasiya prezidentindən daha çox kassir rolunu oynayırlar”

Rəşad Ergün söyləyir ki, idman federasiyalarının nazirlərə, məmurlara tapşırılması həmin sahələrə ayrılan pula, vəsaitə daha yaxşı nəzarət etmək imkanından qaynaqlanır: "Bu, artıq bizdə dövlətə rəhbərlik edənlərin siyasətidir. Həmişə də belə olub. Yenə deyirəm, bu, uzun illərdir belədir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev illərdir ölkə futbolunun başındadır. Bir başqası güləşə, biri taekvondoya, o biri, nə bilim, karateyə nəzarət edib həmişə. Bu adamlar federasiya prezidentindən çox, kassir rolunu oynayırlar. Lap yuxarılara da görünür, hansısa idman növünün inkişafından çox, həmin sahəyə ayrılan pula nəzarət etmək maraqlıdır. Məsələn, bizdə basketbol var idi bir ara, otüstü hokkey var idi. Pullar ayrılırdı, çempionat-filan keçirilirdi. Sonra pul dayandı, həmin idman növləri də batdı”.

İdman şərhsçisi bildirir ki, Azərbaycanda heç bir idman növündə iş planlı şəkildə aparılmır: “Strategiya yoxdur. Bir plan, strategiya olsa, təhsil nazirini basketbola rəhbər qoymazlar".

İdman şərhçisi Azər İsmayıl isə idman sahəsində aparılan siyasətin uğur gətirdiyini deyir. Onun sözlərinə görə, fedarasiyaların başına gətirilən nazirlər daha çox menecerlik funksiyasını yerinə yetirirlər: "Onların icraçı vitse-prezidentləri, baş katibləri, köməkçiləri olur. Əsas onların seçimində diqqətli olmaq lazımdır. Biz görürük ki, Azərbaycanda uzun illərdir bu siyasət var və kifayət qədər də uğurlu alınır. Çünki idman nazirliyinin büdcəsindən pul xərcləməklə bu qədər federasiyanı birdən saxlamaq çox çətindir. Nazirlər öz nüfuzundan istifadə edərək, aiddiyyatı olduqları federasiyalara fayda verirlər".

“Çox vaxt medal qazanmaq üçün legionerlərdən istifadə edirlər, bunu uğura aparan qısa yol kimi düşünürlər”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi səhifəsində 64 idman federasiyanın adı qeyd olunub. Bu federasiyaların bir çoxuna müxtəlif vəzifə daşıyan dövlət məmurları rəhbərlik edirlər.

Məsələn,

Azərbaycan Boks və Taekvondo Federasiyasına Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov rəhbərlik edir.

Azərbaycan Velosiped Federasiyasına müdafiə sənayesi naziri Mədət Quliyev rəhbərlik edir.

Azərbaycan Avtomobil Federasiyasına Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov rəhbərlik edir.

Azərbaycan Ağır Atletika Federasiyasına Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov rəhbərlik edir.

Azərbaycan Həndbol Federasiyasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov rəhbərlik edir.

Azərbaycan Voleybol Federasiyasına "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov rəhbərlik edir.

Və s.

REAL partiyasının rəsmisi Natiq Cəfərli deyir ki, nazirlərin və dövlət məmurlarının idman federasiyalarına rəhbər təyin olunması 90-cı illərdən bu günə qədər davam edən bir ənənədir: "Çünki dövlət məmurlarının idman fedarasiyalarına rəhbərlik etməsi onların maliyyə problemlərinin həlli üçün, həmçinin fedarasiyaların nüfuzunu qaldırmaq üçün atılan addımdır".

N.Cəfərlinin sözlərinə görə, federasiyalardakı müsbət dəyişikliklər qazanılan uğurlardan asılıdır: "Azərbaycan bəzən olimpiadalarda, dünya çempionatlarında uğurlar əldə edib. Fedarasiyaların əsas işi həm də uşaq idman məktəblərinin qurulması, infrastrukturunn yaradılması, yeni idmançıların yetişdirilməsi istiqamətində olmalıdır. Ancaq təəssüf ki, çox vaxt məhz medal qazanmaq üçün legionerlərdən istifadə edirlər, bunu uğura aparan qısa yol kimi düşünürlər".

“Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandasını təmsil edən 44 idmançıdan cəmi 7-si medal qazanıb, onlardan 4-ü bürünc, 3-ü isə gümüş medaldır.

44 idmançıdan 20-si legioner olub, medal qazananlardan dörd nəfəri legionerdir.

1996-cı ildən olimpiya oyunlarına qatılan Azərbaycan bu olimpiadada ilk dəfə qızıl medal qazana bilməyib.

İndiyədək Azərbaycan komandası medalların sayına görə ən böyük uğura “Rio-2016” olimpiadasında imza atıb. Həmin oyunlara 56 idmançı ilə qatılan milli komanda 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 18 medal əldə edib.

Azər İsmayıl hesab edir ki, nazirlərin federasiyalara rəhbərlik etməsi idman sahəsinə müsbət təsir edir: "Son 3-4 olimpiya oyunlarına baxsaq görərik ki, idman sahəsində çox böyük yüksəliş var. Bunun səbəbi odur ki, milli komandalara, idmançılara həmin federasiya rəhbərləri yaxşı maliyyə ayırır. Onları təlim, məşq toplanışı, qida və s. demək olar ki, hər şeylə təmin edirlər".

Nazirlərin və dövlət məmurlarının 1-dən çox iş görməsi, işlə yüklənmiş olmaları federasiyalara işinə əngəl törətmirmi?

Natiq Cəfərli bu suala cavabında bildirir ki, nazirlərin öz sahələrindən kənardakı digər işlərinin böyük əksəriyyəti ictimai əsaslarladır: "İşlərinin bir çoxu gündəlik fəaliyyət növü deyil. Məsələn, Güləş Federasiyasının rəhbəri heç də səhər saatlarından Güləş Federasiyasına gedib, axşama kimi orda oturmur. Onlar müəyyən dövrlərdə çempionat, olimpiada öncəsi texniki və maliyyə məsələlərinin həlli ilə məşğul olurlar".

Rəşad Ergün isə nazirlərin və məmurların rəhbərlik etdikləri idman sahəsini bilmədiklərini, həmçinin ona yetərincə vaxt ayıra bilmədiklərini qeyd edir:

"AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasının rəhbəri postundan göndəriləndən sonra komediya filmlərinin afişası ola biləcək cümlə işlətmişdi. Belə demişdi: "Artıq futbolla məşğul olacağam". Bu sözü 13 ildir Azərbaycan futboluna rəhbərlik edən adam demişdi. Biabırçılıqdır, hə? Bu gün federasiyaların təhkim olunduğu nazirlərlə bağlı vəziyyət də eynidir. Onlar rəhbərlik etdikləri sahəni bilmirlər. Biz hansı effekti gözləməliyik? Heç bir şey, sıfır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.