ORDUSU DARMADAĞIN EDİLƏN GENERAL İŞDƏN QOVULDU - Bu ərazilər azad olundu, 170-ə yaxın rus əsgəri məhv edildi + VİDEOLAR (Yenilənib)

26-03-2022, 22:09           
ORDUSU DARMADAĞIN EDİLƏN GENERAL İŞDƏN QOVULDU - Bu ərazilər azad olundu, 170-ə yaxın rus əsgəri məhv edildi + VİDEOLAR (Yenilənib)
Rusiaylı general-leytenant, Qərb Hərbi Dairəsinin Birinci Tank Ordusunun komandanı Sergey Kisel Ukraynadakı “xüsusi əməliyyat”ın uğursuzluğuna görə işdən çıxarılıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Bildirilir ki, işdən çıxarılan general-leytenant məqsədlərinə çatmamaqda, çağırışçıları Ukraynada hərbi əməliyyatlara cəlb etməkdə, habelə şəxsi heyət arasında külli miqdarda itkilərin olmasında ittiham edilib.


Bir qədər əvvəl Lvovda güclü partlayışlar baş verib. Şahidlər şəhərin müxtəlif yerlərində üç partlayışın baş verdiyini bildirirlər. Həlak olanlar barədə məlumat yoxdur.

Ukrayna mətbuatının yaydığı xəbərə görə, şəhər və bölgədə hələ də hava həyacanının səsləri eşidilir.


***

Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini azad edib. Bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” hesabında məlumat verib.

O qeyd edib ki, Ukrayna ordusu Malaya Roqan ərazisindəki yaşayış məntəqələrini geri alıb. Hazırda həmin istiqamətdə döyüşlər davam edir.

“Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin müdafiəsini saxlayır və bir metr belə olsun geri çəkilmir”, - deyə o vurğulayıb.

Ukrayna rəsmisinin sözlərinə görə, bu gün Ukrayna Silahlı Qüvvələri nəinki öz mövqelərini müdafiə edir, əksinə, əks hücuma keçir. O, həmçinin əlavə edib ki, Ukrayna qoşunları İzyum istiqamətində də döyüşür.

Ukrayna ordusu ötən sutka ərzində 170-ə yaxın Rusiya hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 26-na olan əməliyyat məlumatında deyilir.

Qeyd olunub ki, son sutka ərzində Rusiyanın 8 tankı, 17 zirehli texnikası və 11 avtomobil texnikası məhv edilib. Hava hücumundan müdafiə bölmələri 3 Rusiya təyyarəsini və 3 PUA vurub.

Baş Qərargahdan bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən sutka ərzində düşmənin 12 hava hədəfini (3 təyyarə, 3 PUA, 1 helikopter və 5 qanadlı raket) məhv edib.

“Silahlı Qüvvələrin zərbə aviasiyası qırıcıların müşayiəti altında Rusiya qoşunlarının texnika kolonlarına və toplaşmış canlı qüvvəsinə raket və bomba zərbələri endirib”, - məlumatda deyilir.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin ümumi sayı məlum olub. Bu barədə də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 16 400 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 575 ədəd tankı, 1 610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 131 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

Rusiya ordusunun Ukraynada o cümlədən texnika sarıdan verdiyi ağır itkilər təxminən bir ay sonra canlı qüvvəni daşımaq üçün mülki nəqliyyat vasitələrindən istifadə edilməsinə gətirib çıxarıb. Virtualaz.org xəbər verir ki, Ukraynaya tərəf hərəkət edən yeni Rusiya hərbi kalonunun görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bu görüntülərə əsasən Ukraynaya göndərilmək üçün səfərbər edilən canlı qüvvə “Qazel” və xalq arasında “buxanka” kimi tanınan UAZ avtomobilləri də daxil olmaqla geniş çeşiddə mülki nəqliyyat vasitələrindən ibarət kalonla daşınır. Həmin nəqliyyat vasitələrinin üzərində Ukraynaya yeridilən Rusiya ordusunun simvolu olan “Z” işarəsi yer alır.


Kalonun çox güman ki, Çeçenistandan Ukraynaya göndərildiyi bildirilir. Sosial şəbəkə istifadəçiləri “Z” ordusunun bu kalonuna “qaraçı taboru” adı veriblər.

Xatırladaq ki, müharibənin əvvəlində Rusiya ordusunun canlı qüvvəsi “Kamaz” hərbi yük avtomobillərindən, “Tirq” zirehli avtomobillərindən və digər zirehli texnikadan ibarət kalonlarla daşınırdı. O cümlədən Çeçenistandan “kadırovçular” BTR-lərdə və “Tiqr” avtomobillərində Ukrayna üzərinə yürüş etmişdi.

Qeyd edək ki, artıq Rusiya qüvvələri Ukrayna Ordusu ilə şəhər döyüşlərində üz-üzə gəlməkdən çəkinir.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin tviter hesabında qeyd olunub. Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almaqda davam edir.

"Rusiya qüvvələri geniş miqyaslı şəhər piyada döyüşlərində iştirak etməkdən çəkinir, əksinə, müdafiə qüvvələrini ruhdan salmaq məqsədilə hava və artilleriya şəhərləri obyektlər arasında fərq qoymadan artilleriya və hava hücumuna məruz qoyurlar..

Çox güman ki, Rusiya dinc sakinlərin ölümü bahasına onsuz da əhəmiyyətli sayda olan itkilərini məhdudlaşdırmaq üçün şəhər ərazilərində ağır artilleriya atəşinə davam edəcək”, - qurum bildirib.

Bu gün Rusiya texnikasının Ukraynanın Slavutiç şəhərinin ərazisinə daxil olduğu bildirilir. UNİAN xəbər verir ki, dünəndən Rusiya qoşunlarının şəhəri atəşə tutması barədə məlumatlar yayılırdı və şahidlərin sözlərinə görə, artıq onlar Slavutiç ərazisinə daxil olublar. Lakin onların yerli hökumət binasına basqın edib-etmədikləri məlum deyil.

Sosial şəbəkələrdə də Rusiya tanklarının hərəkət etdiyi video yayımlanıb. Hadisə şahidlərinin lentə aldığı kadrlarda insanlar istiqamətində atəş açıldığının səsləri eşidilir.

Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib.

Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib. O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar. Şəhər şurası öz işini davam etdirir.

Ukraynanın Melitopol şəhərində Rusiya ordusunun bölmələri sırasına isə Osetiyadan olan separatçıların cəlb olunduğu iddia olunur.

Bu barədə sosial şəbəkələrdə video yayılıb.

Melitopol şəhərində çəkilmiş görüntülərdə yük maşını vasitəsilə daşınan tankın üzərində Cənubi Osetiya bayrağı dalğalanır.



Bu arada Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Vladimir Zelenskiyə və baş nazir Denis Şmıqala sui-qəsd planlaşdırıb.

Bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markiyan Lubkivsi CNN-ə müsahibəsində deyib.

"Onlar Ukrayna rəhbərliyini: prezidentimizi və baş nazirimizi öldürmək istəyirdilər. Məqsəd bu idi, onların bəziləri uğursuz şəkildə Ukraynaya göndərilmişdi”, - deyən Lubkivski bununla bağlı bütün sübutların Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyini qeyd edib.

Müdafiə nazirinin müşaviri bildirib ki, Ukrayna kəşfiyyatı Ukraynada və xaricdə bu silahlıları izləyib, onlardan bir neçəsi Ukraynada məhv edilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ona qarşı 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, martın 20-dən "Vaqner"lə əlaqəli olan daha bir silahlı qrup Ukraynaya gəlməyə başlayıb. Onların əsas vəzifəsi Ukraynanın ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.

“Rusiya aparılan danışıqların şərtləri ədalətli olmalıdır, Ukrayna xalqı başqalarını qəbul etməyəcək”. Bunu isə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Prezident xatırladıb ki, bu müharibədə Rusiyanın itkilərinin sayı artıq yüksək rütbəli komandirlər də daxil olmaqla 16 min nəfəri keçib.

“Hələlik öldürülən Rusiya ordusunun general-polkovniki və ya admiralları ilə bağlı heç bir məruzə edilməyib. Amma artıq korpus komandiri və Qara Dəniz Donanması komandirinin müavini var. Biz danışmalıyıq. Mənalı danışmalıyıq. Təcili. Vicdanla. Həm də nəticə naminə, vaxt itirmək üçün deyil. Artıq Rusiya ordusunun 16 mindən çox hərbçisi həlak olub. Nə üçün? Bu kimə nə verir?”, - Ukrayna dövlət başçısı bildirib.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda, Donbassda, Xarkov istiqamətində, Kiyev vilayətində hücumlara qarşı mübarizəni davam etdirir.

Rusiyanın Ukraynaya hücumlarının başlanmasından martın 25-nə qədər olan dövrdə 1081 mülki şəxs həlak olub. Bu barədə isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından məlumat verilib.

Bu müddət ərzində Ukraynada 1707 mülki vətəndaş yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.