Qarabağdakı gərginliyin əsas günahkarı Rusiyanın Müdafiə Nazirliyidir
27-03-2022, 00:07
Rusiya Müdafiə Nazirliyi son bəyanatında tamamilə həddini aşaraq, martın 24-dən 25-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrini Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozmaqda və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olmaqda günahlandırıb.
Əvvəla Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ" ifadəsindən istifadə edən hərbi rütbəli kargüzarlarına xatırladıram ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur.
İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin ölkə ərazisində istənilən ərazidə fəaliyyət göstərməkdə sərbəstdir və bunun üçün kimsədən icazə almağı düşünmür.
Üçüncüsü, bu gün baş verən gərgin hadisələrin əsas günahkarı, yuxarıdakı əsassız bəyanatı səsləndirən Rusiya Müdafiə Nazirliyi və onların tabeliyində olan sülhməramlı kontingentdir.
Dördüncüsü, əgər Rusiya 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatının şərtləri Ermənistan tərəfindən 16 ay ərzində icrasını təmin etsəydi, bu gün baş verən gərginlik üçün heç bir əsas olmazdı.
Beşincisi, dünən və srağagün baş verən hadisələri, o cümlədən Azərbaycan Ordusunun yerdəyişməsini və Fərrux kəndindən yüksəkliyə gedən yolun açmasını kənardan izləyən sülhməramlıların verdiyi məlumat əsasında bəyanat səsləndirən Rusiya Müdafiə Nazirliyi, görünür ki, hadisələrin məlum videokadrları ilə tanış deyil. Məsul kargüzarlar istəsələr bu kadrları səhifəmdə izləyə bilərlər.
Altıncısı, Rusiya Müdafiə Nazirliyini müvəqqəti nəzarət etdikləri ərazilərdə vəziyyətin sabitləşməsində həqiqətən də maraqlıdırsa, o zaman ən qısa zamanda birgə Bəyanatı dərindən oxusunlar və havadarlıq etdikləri erməni silahlılarını dərhal Azərbaycan torpaqlarından çıxarsınlar.
Yeddincisi, əgər erməni silahlıları Azərbaycan torpaqlarından çıxarılmazsa, bunu ən yaxın zamanda Azərbaycan Silahlı Qüvvələri özü həyata keçirəcək.
Səkkizincisi, rus sülhməramlısı və ya erməni silahlısı Azərbaycan torpaqlarında özünü olduğundan böyük görə bilməz.
Ədalət Verdiyev,
hərbi ekspert