İKİ ŞƏHƏR AZAD EDİLDİ, RUS QOŞUNLARI ÇƏKİLMƏYƏ BAŞLADI - “Bayraktar” Rusiya generalını və yanındakı zabitləri necə məhv etdi? + VİDEOLAR (16+)
29-03-2022, 08:08
![İKİ ŞƏHƏR AZAD EDİLDİ, RUS QOŞUNLARI ÇƏKİLMƏYƏ BAŞLADI -](/uploads/posts/2022-03/1648497969_1.jpg)
Bir aydan artıqdır davam edən müharibədə gözlənilən irəliləyişə nail ola bilməyən Rusiya, qoşunlarının bir hissəsini döyüş bölgələrindən geri çəkib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rusiya iki taktiki hücum bölməsini uzun müddətdir mühasirədə saxladığı Kiyevdən Belarusa göndərib. Digər hissəsini isə Kiyevin şimal-qərbinə və şərqinə doğru geri çəkib.
Məlumata əlavə edilib ki, Donetsk və Luqansk istiqamətlərində Rusiyanın beş hücumunun qarşısı alınıb.
Ukraynanın paytaxtı Kiyevin ətrafındakı İrpen şəhəri də Rusiya qüvvələrindən tam azad olunub. Bu barədə şəhərin meri Oleksandr Markuşın teleqramda məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə Rusiya qüvvələrinin qalıqlarından təmizlənməsi işləri gedir: “Hazırda İrpenə qayıtmaq təhlükəlidir. Ukraynanın müdafiəçiləri yeni mövqelərdə möhkəmlənirlər”.
Bu arada Ukrayna Silahlı Qüvvələri Sumı vilayətinin Trostyants şəhərini bir ay davam edən işğaldan sonra Rusiya qoşunlarından azad ediblər. Şəhər uğrunda gedən döyüşlər zamanı Rusiya ordusu ağır itkilər verərək geri çəkilib. Virtualaz.org xəbər verir ki, şəhər meri Yuri Bova bütün bu işğal günlərində Trostyantsı tərk etməyib, işğalçılar onu hər yerdə axtarsa da gizlənə və partizan hərəkatına başçılıq edə bilib.
20 min əhalisi olan Trostyanets müharibədən əvvəl Ukraynada həyat səviyyəsi ən yuxarı olan, ən abad şəhərlər arasında yer alırdı. Rusiya işğalçıları şəhəri fevralın 26-da işğal edib. Mer deyir ki, ruslar şəhərə girəndən sonra o və komandası gizli fəaliyyətə keçib, faktiki olaraq partizan hərəkatına başlayıb.
“Bizim vəzifəmiz düşmən texnikasının artilleriyanın köməyi ilə məhv edilməsi üçün maksimal dəqiq koordinatları ötürmək idi. Əgər düşmən haradasa texnika qoyub gedirdisə səhər qayıdanda onun sıradan çıxarıldığını görürdü. Son günlərə qədər şəhər üzərində bizim kvadrakoptermiz uçurdu, hədəfləri seçirdi. Ona görə də bu gün Trostyanets şəhərində və ətrafında yüzlərlə düşmən texnikası qalıb, onlar artıq heç yana gedə bilməzlər: nə Kiyevə, nə Xarkova”,-mer nv.ua portalına müsahibəsində deyib.
Yuri Bova bildirib ki, işğal dövründə Rusiya ordusunun elit hissələri, o cümlədən Kantemirsk tank diviziyası şəhərdən keçib. Trostyanets Rusiya generallarından birinin fəaliyyət mərkəzi olub.
“Trostyanets düşmənin girə biləcəyi ən zəif nöqtə idi və belə də oldu. Bu nöqtə strateji idi, çünki bizim şəhərdən, qonşu qəsəbələrdən Axtırkanı, Sumı şəhərinin ətraflarını atəşə tutmaq olurdu. Situasiyada dönüş nöqtəsi o zaman yarandı ki, bizim məlumatlarımıza görə, “Bayraktar”dan atılan raketlə Rusiya generalı və onu müşaiyət edən zabitlər öldürüldü, sağ qalanlar isə qüvvələrin qalıqlarını toplayıb şəhəri tərk etdilər. Onlar şəhər şurasının binasında yerləşmişdilər, komanda-qərargah maşınları binanın həyətində idi. İndi həmin maşınlardan geriyə metal yığını qalıb. Bizim hərbçilərimizin əldə etdiyi məlumatlara görə Trostyanetsdəki itkilər Rusiyanın Qərb hərbi dairəsinin 1-ci tank ordusunun komandanı general-leytenant Sergey Kiselin vəzifəsindən azad olunması üçün bardağı daşıran son damla oldu. Kantemirsk diviziyası da həmin ordunun tərkibində idi”,-şəhər meri deyib.
Yuri Bova bildirib ki, işğalçılar yerli hakimiyyətin nümayəndələrini xeyli müddət axtarıblar, soruşublar-hanı mer. Mer isə heç yana getməmişdi.
“Bizdə böyük icma, 38 yaşayış məntəqəsi var, qonşu icmalar var, hərəsində bir-iki gün qalırdıq. Əgər öz yerimdə qalsaydım məni bir saat sonra tutardılar. Biz hər yerdə və heç yanda idik, bir yerdə çox ləngimirdik”,-o bildirib.
***
Xarkov yaxınlığındakı İzyum şəhəri ətrafında isə daha bir rus təyyarəsi vurulub. Pilot əsir götürülüb.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Qeraşşenko məlumat və video paylaşıb.
Məlumatda deyilir ki, bu, bir ədədinin qiyməti təxminən 50 milyon dollar olan növbəti “SU-35” hərbi təyyarəsidir.
Bu arada Rusiyanın işğalçı siyasəti Ukraynaya indiyədək 564,9 milyard dollara ziyan vurub.
“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna İqtisadiyyat naziri Yuliya Svridenko müharibə nəticəsində Ukraynaya dəymiş maddi ziyanın məbləğini açıqlayıb:
- İnfrastruktura dəymiş ziyan - 119 milyard dollar;
- Ümumi Daxili Məhsul itkisi - 112 milyard dollar;
- Mülki itkilər - 90 milyard dollar;
- Müəssisə və təşkilatların itkiləri 80 milyard dollar;
- Ukrayna iqtisadiyyatınını investisyia itkisi 54 milyard dollar;
- Dövlət büdcəsinin itkiləri - 48 milyard ollar.
***
Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, bir helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib.
Məlumatı Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsi yayıb.
Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib, canlı qüvvələri itkisinin sayı dəqiqləşdirilir.
Bildirilib ki, Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərin gücləndiriblər:
Ukrayna silahlı qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərqi istiqamtindən girməsinin qarşısını alır, onları sıxışdırırlar. Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir.
Qeyd edək ki, Rusiya Ukraynada fevralın 24-də hərbi əməliyyatlara başlayıb.
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 17 000 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 586 ədəd tankı, 1 694 ədəd zirehli döyüş maşını, 302 ədəd artilleriya sistemi, 95 ədəd RYAS, 54 hava hücumundan müdafiə sistemi, 123 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 150 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 66 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Son 5 gün ərzində Rusiyanın Nijni Novqorod bölgəsi ərazisinə 600-ə yaxın həlak olan rusiyalı hərbçinin cəsədi gətirilib. Bu barədə “Dialog UA” məlumat yayıb.
Jurnalist Roman Tsymbalyuk isə öz Facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, ölənlərin əksəriyyəti Mulino kəndində (Nijni Novqorod bölgəsinin Volodarski rayonu) yerləşən 47-ci tank diviziyasında xidmət edib. Mənbələrin bildirdiyinə görə, hazırda ölən əsgərlərin cəsədlərinin tanınması prosesi davam edir.
Rusiya hərbi cinayətlərini davam etdirir. Sosial şəbəkələrdə Mariupoldakı morqdan dəhşətli kadrlar yayılıb: şəhərin mühasirəsi və rus işğalçılarının davamlı atəşə tutulması nəticəsində morq həlak olan yerli sakinlərin cəsədləri ilə doludur. Kadrlardan görünür ki, ölülərin sayı o qədər çoxdur ki, onlar artıq otağa sığmır.
Bildirilir ki, cəsədlər TIR-larla gətirilir və girişdə üst-üstə yığılır.
Həlak olanların çoxunun cəsədləri heç ümumiyyətlə morqa gətirilmir, onları həyətlərdə, küçələrdə basdırırlar.
Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bu günə kimi azı 1 119 ukraynalı mülki şəxs ölüb, daha 1 790 nəfər yaralanıb. Rusiya ordusunun hərəkətləri nəticəsində Ukraynanı 3 milyon 821 min 49 nəfər tərk edib.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. Beləliklə, ən çox qaçqını (2 267 103 nəfər) Polşa qəbul edib. Siyahıda sonrakı yerləri Rumıniya, Moldova, Macarıstan və Slovakiya tutur.
Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 143 uşaq ölüb.
Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) müharibə başlayandan bəri Ukraynada 6,5 milyon insanın məcburi köçkünə çevrildiyini bildirib.
Belarus Respublikası “İskəndər-M” Əməliyyat Taktiki Raket Kompleksini Qomel vilayətində, Ukrayna sərhədi istiqamətində quraşdırdığı qeydə alınıb.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
“Rusiyanın hərbi işğalına Ukrayna xalqının qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş ərazilərə nəzarəti saxlamağa və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, - məlumatda bildirilib.
Bir müddət əvvəl qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, “İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb.