Putinin sevimlisinə çevrilən Kadırov əslində kimdir... - FOTOLAR

31-03-2022, 11:34           
Putinin sevimlisinə çevrilən Kadırov əslində kimdir... - FOTOLAR
Ukraynaya hücumda Rusiya prezidenti Vladimir Putinə dəstəyini əsirgəməyən Çeçenistan rəhbəri Ramzan Kadırov general-leytenant rütbəsilə təltif olunub. Kadırova general rütbəsinin verilməsi rəsmən təsdiqlənməsə də, bu xəbər Rusiyada birmənalı qarşılanmayıb, gözlənildiyi kimi böyük əks-səda doğurub.
Kadırovun Putinin etimadını doğrultmaq üçün yaxın vaxtlarda Ukraynadakı döyüşlərə şəxsən qatılacağı iddia edilir. Qərb ölkələrində "arzuolunmaz" şəxsə çevrilən Kadırovun kimliyi, onu kariyera yüksəlişi hər kəsdə maraq doğurur.
Əslində Ramzan Kadırov kimdir? Onunla bağlı hansı məlumatlar ictimaiyyətdən gizli saxlanılır?

Modern.az oxucuların marağını nəzərə alaraq, Kadırovla bağlı bəzi məlumatları təqdim edir:
Ramzan Kadırovun atası Çeçenistanın ilk prezidenti olmuş Əhməd Kadırovdur. Atasının vəfatından müəyyən müddət keçdikdən sonra Çeçenistan rəhbəri postuna gətirilən Ramzan Kadırov 2004-cü ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülüb.

Kadırov 5 oktyabr 1976-cı ildə Çeçenistanda anadan olub. Onun atası Çeçenistanın ilk prezidenti Əhməd Kadırov İkinci Dünya Müharibəsində qələbə bayramı zamanı islamçı yaraqlıların bombalı sui-qəsdi nəticəsində həlak olub.
Ramzan Kadırov Maxaçkala Biznes və Hüquq İnstitutunu bitirib namizədlik və doktorluq dissertasiyalarını da müdafiə edib. Çeçen lideri uşaqlıq və yeniyetməlik illərindən hərb elminə və silahlara böyük maraq göstərib.
Çeçenistan Respublikasının ikinci prezidenti Alu Alkanovun ölümündən sonra Kadırov prezident Vladimir Putinin dəstəyi ilə 2007-ci ildən Çeçenistan Respublikasının rəhbəridir. O, bundan öncə Baş nazir vəzifəsini icra edib.
Ramzan atası Ahmet Kadırovla birlikdə Birinci Rusiya-Çeçen müharibəsində ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus-Çeçen müharibəsində isə rusların tərəfinə keçmişdi. O vaxtdan bəri Rusiya liderinin qatı tərəfdarı rolunda çıxış edən Ramzan Kadırov 2004-cü ildə prezident Vladimir Putin tərəfindən Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.
R.Kadırov Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə sərt mövqe sərgiləyir. O dəfələrlə çıxışlarında çeçen döyüşçülərin sonadək vuruşacağını, lazım gələrsə, özünün də savaşa qatılacağını bəyan edib. Rusiyanın müharibəsini dəstəkləyən Kadırov dünya ictimaiyyətinin qəzəbinə tuş gəlib. Hətta onun öldürülməsi barədə fikirlər də səsləndirilir.

Ukrayna Ali Radasının keçmiş deputatı Yevgen Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovu öldürən şəxsə pul mükafatı verəcəyini bildirib. Belə ki, Rıbçinski Kadırovu öldürəcək şəxsə ev və Kiyev yaxınlığında 40 sot torpaq söz verib. Bütün bunlara baxmayaraq, Kadırov Putinə dəstəyini davam etdirməkdə israrlıdır.

Şəxsi məlumatlara gəlincə, çeçen lideri öz həmkəndlisi Mədni Aydəmirova ilə ailə həyatı qurub. Onlar hələ məktəb illərindən tanış olublar. Cütlüyün 4 oğlan, 6 qız övladı var. Bundan başqa Ramzan Kadırov 2007-ci ildə kimsəsiz uşaq evindən iki nəfəri rəsmi olaraq oğulluğa qəbul edib. Kadırov 7 dəfə sui-qəsdə məruz qalsa da, sağ qalmağı bacarıb.
Ramzan Kadırov həm də futbol həvəskardır. O, 2011-ci ildə Braziliya yığmasının qapısından iki top keçirib. Həmin il Braziliya yığmasının 2002-ci il heyəti Qroznıda yerli “Terek” komandası ilə görüş keçirib.

Kadırov, həmçinin “Terek” futbol klubunun prezidentidir. 2017-ci ildən komanda “Axmat” adını daşıyır. O, eyni zamanda boks üzrə idman ustasıdır və Çeçenistan Boks Federasiyasına rəhbərlik edir.


Aysel MƏHƏRRƏM












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.